“Başqan müxalifəti parçalayır”
"Çox təəssüf edirəm ki, Müsavat partiyasının başqanı İsa Qəmbərov açıq-aşkar müxalifət daxilində təxribat yolunu tutub. Yəni 37-ci ilin ruhunda açıqlamalar verir. O vaxt kimin kimdən xoşu gəlmirdisə, deyirdi ki, filankəs pantürkistdir, imperializmin agentidir və s. İ.Qəmbərov isə ortaya fakt qoymaq əvəzinə, siyasi tapmacalar quraşdırır". Bu sözləri mətbuata açıqlamasında Azərbaycan Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan deyib.
Onun sözlərinə görə, ciddi siyasətçi oxu atıb, yayı gizlətməz: "Əgər İ.Qəmbərovun əlində hər hansı bir partiyanın, hər hansı bir siyasətçinin xarici ölkəyə işləməsi, yaxud onun xüsusi xidmətinin agenti olması barədə fakt varsa, açıb ortaya qoysun. Hər hansı bir xarici ölkənin agenti olmaq, onun əmrlərini yerinə yetirmək Vətənə, dövlətə xəyanətdir. Belə bir ağır cinayət barədə məlumat varsa, onu gizlətməyin özü də ağır cinayətdir.
Kimsə doğrudan xarici dövlətə işləmirsə, ona böhtan atmaq da cinayətdir. İ.Qəmbərov isə tapmaca yolu tutub. Mənə elə gəlir ki, "Yeni Müsavat" qəzetində gedən informasiyaların arxasında şəxsən İ.Qəmbərovun özü dayanır. Ona görə müsavatçı dostlarıma, hansılarla ki, uzun müddət bir cərgədə mübarizə aparmışıq, mitinqlərdə döyülmüşük, onlara müraciət edirəm ki, bizdən inciməsinlər.
Bu gün İ.Qəmbərovun ifasında davam edir 37, daha iyrənc, daha ciddi. Bu, dözülməz haldır, lazımi cavabını da verəcəyik. Belə düşünürəm ki, iqtidara işləməyin ən bariz nümunəsi bu şəkildə müxalifəti parçalamaqdır. İ.Qəmbərovun atdığı addımlar nəticə etibarı ilə hakimiyyətə işləməkdir".
Əldə etdiyimiz məlumatlara görə, başqan bu açıqlamanı oxuyanda, yaman qəzəblənib qulbeçələrinə göstəriş verib ki, əks-hücuma keçsinlər. Maraqlıdır, həmişə düzlükdən, obyektivlikdən dəm vuran müxalifət "lider"ləri indi doğru söz eşidəndə, görəsən, niyə havalanırlar?
Nə olsun ki, Ə.Temirxan da müxalifətçidir? Məgər onun nə vaxtsa həqiqəti söyləmək haqqı yoxdur? Birincisi hər kəsin azad söz və fikir bildirmək hüququ var, ikincisi, guya Ə.Temirxan bunu deməsə, camaat bilmir ki, ölkədə kim kimdir, üçüncüsü, soğan yeməmisinizsə, içiniz niyə göynəyir?
Əslində, Ə.Temirxan müxalifəti tənqid etməyib. Sadəcə, üzdə olan reallığı söyləyib. Bu insanlar isə reallığı qəbul etmirlər. Onlarda reallığı həzm etmək imkanı yoxdur və bu, həmin adamların qabiliyyətsizliyindən xəbər verir. İnsan nə qədər savadlı olsa, dərketmə qabiliyyəti də bir o qədər güclü olur.
Məsələ burasındadır ki, Ə.Temirxan Azərbaycanda gedən prosesin reallığını söyləməkdən başqa bir şey deməyib. Ə.Temirxan Müsavatda olmadığından obyektiv ola bilməz, deyib keçməyin. Hansısa reallığı görmək üçün mütləq orada olmaq vacib deyil. Axı indi informasiya əsridir. Məsələn, mən Türkiyədə olmaya-olmaya oradakı reallığı yaxşı bilirəm. İnanmırsınızsa, gələn sayda bu ölkənin istənilən ərazisindəki durumu sizə çatdıra bilərəm və yenə də inanmasanız, gedib yerində yoxlaya bilərsiniz.
Beləliklə, bütün seçkiləri ardıcıl tərzdə uduzan Müsavat indi də parlament seçkilərinə hazırlaşır. Lakin, proseslər göstərir ki, hazırda Müsavat mübarizə üçün yararsızdır. Onların parlament seçkilərində bir neçə namizədinin belə qalib gəlməyə gücü yoxdur.
Ümumiyyətlə, son vaxtlar müxalif düşərgədən eşidilən etiraflar çox şeydən xəbər verir. Bloklaşma məsələsi ortaya atılandan sonra proseslər əksinə, cərəyan edir. Partiyalar, nəinki birləşməyə meyil göstərmir, əksinə içdən parçalanırlar. "Lider"lər də bir-birini ittiham etməklə məşğuldur. Əndişə yaradan məsələlərdən biri də odur ki, artıq müxalifətin tam fiaskoya uğradığını xarici havadarlar da bilir və bu səbəbdən maliyyə mənbələri əldən çıxır. Yaxşı ki, ortalığa siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi məsələsi atılıb.
Əgər bu haqda qərar verilsə, bir çox partiyalar tam dağılmaqdan sığortalanmış olacaq. Deməli, cəmiyyət hələ xeyli seçkidə radikalların hoqqabazlığının şahidi olacaq. Demokratik cəmiyyətin yaratdığı imkanlardan sui-istifadə heç də uğura aparmır. Amma bir çoxları müxalifətdə özünə daimi iş yeri tapıb və rahat dolanırlar.
Eyb etməz, biz (toplum olaraq) dözərik, təki heç bir vətəndaşımız işsiz qalmasın. İşsizliyin nə demək olduğunu indi müxalifətdə olanların hakimiyyəti dövründə görmüşük. Bu səbəbdən də, bəzi radikal vətəndaşların istənilən hoqqabazlığını anlayışla qarşılayırıq. Çünki hərdən onlar da doğru söz danışırlar. Lap Ə.Temirxanı bir qədər öncə dediyi kimi. Reallığı görmək üçün mütləq göz lazım deyil, qulaqlar da kifayət edər. Əgər insan hər iki qabiliyyətdən məhrumdursa, onda onu bağışlamaq olar...