PDF Oxu

Müxalifət

  • 10

Müxalifət düşərgəsi ağır dövrünü yaşamaqdadır

Müxalifət düşərgəsi ağır dövrünü yaşamaqdadır
Hər zaman Azərbaycanın müxalifət düşərgəsində qarşıdurmalar, biri-birini təhqir etmək, satqınçılıqda suçlamaq kimi məsələlər gündəmdə olub. Yəni onlar hər bir çirkin əməllərlə məşğul olurlar. Artıq adıçəkilən düşərgə çirkaba batıb. Bu da kimlərin və nələrin nəticəsində? Müsavat başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov, "MBH" lideri Lalə Hacıyeva, ALP-nin sədr əvəzi Əvəz Temirxan və başqa "bəy"lər müxalifəti iflic günə salıb, həm də çirkaba batırıb.
Bundan əlavə, onların siyasətdən uzaq əməlləri də radikal düşərgənin məhvi ilə nəticələnib. Günahkarlar bəlli, nəticələr də göz qabağında. Gülünc haldır ki, radikal "bəy"lər iflic olmalarının səbəbini çox zaman başqasında görürlər. Amma İ.Qəmbərov, Ə.Kərimov, L.Hacıyeva, Ə.Temirxan kimilər bilmirlər, dərk etmək istəmirlər ki, (çünki bunun üçün ən azı siyasi savadları olmalıdır) hakimiyyət hər zaman ölkədə sağlam, demokratik müxalifətin olmasında maraqlıdır.
Qeyd etdiyimiz kimi, radikal "bəy"lər öz aralarında hələ də qarşıdurma yaratmaqdadırlar. Həm partiyadaxili, həm də partiyalararası mübarizə artıq pik nöqtəsinə çatıb. Bir neçə gün öncə, Müsavat partiyasının başqanı İ.Qəmbərov öz müxalifətçi həmkarlarını ağır ittiham etdi. Belə ki, Müsavat başqanı hər zaman ya Pənah Hüseynovu, ya da Arif Hacıyevi irəli verirdi. Yəni hər iki şəxs İsa "bəy"in sözçüsü rolunda çıxış edirdilər. Ancaq bu il nədənsə İ. Qəmbərov özü danışmalı olub, daha doğrusu, həmkarlarını ittiham etməli olub. Yəqin ki, bu da 2010-cu ilin parlament ili olması ilə əlaqədardır. Bu yolla Müsavat başqanı diqqət mərkəzinə çevrilmək istəyir. O, radikal müxalifət partiyalarının sədrlərinin bəzilərini İrana, bəzilərini Rusiyaya, bəzilərini də MTN-ə işləməkdə suçladı. Təbii ki, bu da düşərgədə böyük narazılıqla qarşılandı. Belə ki, mətbuatda məsələyə münasibət bildirən "Ümid" sədri İqbal Ağazadə, ALP-nin sədr əvəzi Əvəz Temirxan bu ittihamları qəbul etmədilər. "MBH" lideri Lalə Hacıyeva bəzən həmkarları tərəfindən "ruslara işləməkdə" suçlanır. Bu da L.Hacıyeva tərəfindən böyük narazılıqla qarşılandı. O, bu dəfə də sözçüsü olan Ə.Temirxan vasitəsi ilə məsələyə kəskin münasibətini bildirdi.
İ.Qəmbərov-L.Hacıyeva, Rauf Arifoğlu və Ə.Temirxan qarşıdurması: Həm Müsavat partiyası ilə "MBH" (o cümlədən, ALP) arasında olan düşmənçilik, həm də R. Arifoğlu ("Yeni Müsavat")- Ə. Temirxan (ALP) qarşıdurmaları pik nöqtəsinə çatıb. Belə ki, Müsavat partiyasının başqanı "MBH" (nə bu təşkilat fəaliyyət göstərir, nə də onun rəhbəri) lideri L. Hacıyevanı hər zaman itiham edib. "MBH" rəhbəri də, öz növbəsində, İsa "bəy"i şər-böhtan atmaqda, müxalifətin birliyini pozmaqda (görəsən, radikal müxalifət nə vaxt bir olub ki, İ.Qəmbərov da bu birliyi pozsun) ittiham edir. R.Arifoğlu da rəhəbərlik etdiyi qəzetdə dəfələrlə Ə.Temirxanı satqınçılıqda ittiham edir. Buna görə də ALP sədri Ə.Temirxan R.Arifoğlunu məhkəməyə verməyə hazırlaşır. O, mətbuata açıqlamasında bidirib: "R.Arifoğlunu dəfələrlə məhkəməyə vermək istəmişəm, lakin müəyyən səbəblərdən bu fikirdən vaz keçdim. İndi artıq fikrim qətidir və R.Arifoğlunu və "Yeni Müsavat" qəzetini məhkəməyə verəcəyəm. Göründüyü kimi, artıq müxalifət nümayəndələri biri-birilərini məhkəməyə verməyə hazırlaşırlar. Müsavat başqanı İ.Qəmbərov dəfələrlə qeyd edib ki, radikal "bəy"lərin qarşısında belə bir şərt qoyublar ki, əgər "Ümid" partiyası müxalifətin birliyində təmsil olunsa, Müsavat partiyası bu blokda təmsil olunmayacaq.
Beləliklə, bütün bunlar onu göstərir ki, radikal partiyaların birləşmək cəhdi, birlikdə seçkilərə qatılmaq cəhdi yenə baş tutan deyil. O da məlumdur ki, müxalifət düşərgəsində hələ də gərginlik yaşanmaqdadır. Müsavat başqanı İ. Qəmbərovun, AXCP (i) sədri Ə.Kərimovun, "MBH" lideri L.Hacıyevanın, AMİP lideri E.Məmmədovun, "ACP" lideri R.Quliyevin, "Ümid" partiyasının sədri İ.Ağazadənin, ALP-nin sədr əvəzi Ə.Temirxanın və digərlərinin təmsil olunduğu radikal düşərgə elə bəlaya düçar olub ki, bu bəlanın əlacı yoxdur. Çünki radikal və çirkin əməllərlə məşğul olan "bəy"lər özlərini və həmçinin, rəhbərlik etdikləri partiyalar bəlalarla üz-üzə qoyub. Xatırladaq ki, düşərgəyə daxil olan partiyalarda vəziyyət kritik haldadır. Yəni xalqın dəstəyini ala bilməyən, sosial bazası olmayan ölkə müxalifəti iflic vəziyyətdədir, daha doğrusu, ölü vəziyyətdədir. Düşərgənin bu vəziyyəti onu söyləməyə əsas verir ki, onlar builki seçkilərdə də məğlub olacaq.

Digər xəbərlər