“ACP”-də növbəti qalmaqal
Yarandığı gündən qalmaqal siyasi meydana daxil olan "Açıq Cəmiyyət Partiyası"nda "mənəm-mənəmlik" davası yenidən qızışıb. Hələ bələdiyyə seçkiləri ərəfəsi "ACP"-nin Ali Məclisinin sonuncu iclasında Zəminə Dünyamalıyeva pozuculuq fəaliyyəti ilə məşğul olduğuna görə partiyadan və idarə heyətinin üzvlüyündən xaric edilməsilə bağlı mətbuatda fikirlər söylənilirdi.
Bu gün parlament seçkiləri ilində Z.Dünyamalıyevanın yenidən deputat olmaq arzusuna düşəcəyindən narahatçılıq keçirən partiya sədri Vaqif Mahmudov yenidən bu məsələyə aydınlıq gətirdi. Lakin ilk öncə, Z.Dünyamalıyeva V.Mahmudovun mətbuatda onun ünvanına söylədiyi fikirlərə aydınlıq gətirdi. Bildirib ki, onu müşavir postundan azad etmək cürətinə malik olan elə bir qüvvə ola bilməz. Onun sözlərinə görə, müşavir vəzifəsinə təyinat barədə sərəncamı partiya lideri verir. ACP lideri Rəsul Quliyevin onun bu vəzifədən azad olunması barədə sərəncamının olmadığını deyən Z.Dünyamalıyeva öz vəzifəsində qaldığını bildirib: "Partiyada elə gücə malik olan qüvvə var ki, mənim müşavirlikdən çıxarılmağımı desin? İkincisi isə, bu, partiya liderinin qərarı ilə olan təyinatdır, əgər partiya liderinin qərarı yoxdursa, bu, o deməkdir ki, həmin postda qalıram. Üçüncüsü, partiya sədrinin nə səlahiyyəti var ki, məni tutduğum postdan xaric etsin? Çünki Rəsul Quliyevin müşaviri olmağımın partiyaya heç bir aidiyyəti yoxdur".
Z.Dünyamalıyeva V.Mahmudovun partiyada heç bir səlahiyyəti olmadığını da bildirdi.
ACP sədri Vaqif Mahmudov isə Z.Dünyamalıyevanın dediklərinin hamısını cəfəngiyyat adlandırıb və bildirib ki, onun özünü müşavir kimi qələmə verməsi doğru deyil. "Partiyadan xaric olunan bir şəxs necə partiya liderinin müşaviri ola bilər?! Bizdə ümumiyyətlə, partiyanın özündə müşavirlik institutu yoxdur. Partiyanın üzvü deyilsə, təşkilatda təmsil olunmayan bir şəxsin qurumla konkret heç bir əlaqəsi ola bilməz".
V.Mahmudov partiyanın məclisində məsələnin qapandığını da vurğuladı: "Bilmirəm, bu məsələ hardan meydana gəlib? Onun partiya ilə, məncə, həm də Rəsul Quliyevlə heç bir əlaqəsi yoxdur. Partiyanın nizamnaməsi var. Təşkilat da bu sənəd çərçivəsində fəaliyyət göstərir. Partiyanın üzvü olmayan hər hansı bir şəxs partiyanın adından və yaxud da liderin adından necə danışa bilər?! Bu nonsesdir. Rəsul Quliyevin münasibətinin kimə necə olmasından asılı olmayaraq, nizamnamə çərçivəsində siyasi fəaliyyət var".
V.Mahmudovun sözlərinə görə, müşavirlik məsələsi Rəsul Quliyev ADP-də olanda var idi. "ACP"-də isə müşavirlik məsələsi nizamnamədə təsbit olunmayıb. "Yəni faktiki olaraq, bu gün partiya liderinin müşaviri yoxdur. Ona görə də, Z.Dünyamalıyeva kimilər evdə oturub öz təqdimatı ilə işləyə bilər və R.Quliyevə okeanın o tayından müşavirlik edər."