PDF Oxu

Müxalifət

  • 13

İsa Qəmbərov təmsil olduğu düşərgəni ifşa etdi

İsa Qəmbərov təmsil olduğu düşərgəni ifşa etdi
Zaman-zaman müxalifət düşərgəsində təmsil olunan partiya sədrləri bir-birini gözdənsalma kampaniyası aparıblar. Biri digərini xarici anti-Azərbaycan mövqeli qüvvələrə, gah da hakimiyyətə işləməkdə günahlandırıblar. Demək olar ki, bu tip kampaniya iddialı partiya sədrlərinin əsas mübarizə taktikası hesab olunub. Yəni istək və amalları bir-birini zərərsizləşdirərək sıradan çıxarmağa hesablanıb. Məhz buna görə də, müxalifət düşərgəsində daim pərakəndə və dağınıqlıq hökm sürüb. Faciələrin baş verməsinin əsas səbəbi də düşərgə daxilində hökm sürən pərakəndəlik səbəb olub.
Hazırkı mərhələdə müxalifət düşərgəsi özünün ən ağır dövründə yaşayır. Partiyalar bir-birinin ardınca tarixin arxivinə atılırlar. Proseslərin bu templə inkişafı onu deməyə əsas verir ki, yaxın perspektivdə hazırkı müxalifət partiyalarının böyük əksəriyyəti siyasi proseslərdən kənarda qalacaqlar. Çünki partiya sədrlərinin bir-birinə olan ittihamları səngimək bilmir. Əksinə, getdikcə bu ittihamlar daha aqressiv xarakter alır. Ötən gün Müsavat Məclisinin iclasında partiya başqanı İsa Qəmbərovun partiya sədrlərini kəskin ittiham etməsi qeyd olunanların əsaslı olduğunu göstərir. Müsavat başqanı Məclisin toplantısında müxalifətin inteqrasiyasına mane olan ünsürlərin olduğunu və onların başında iddialı partiya sədrlərinin dayandığını söyləyib: "Partiyaların böyük əksəriyyəti xalqı aldatmaqla məşğuldur. Onlar qeyri-ciddi mövqe tutmaqla siyasətə çirkinliklər gətirirlər. Müxalif partiya sədrlərinin bir hissəsi Milli Təhlükəsizlik Nazirliyinə, bir hissəsi isə Rusiya və İrana işləyirlər. Bunu isə hər kəs görür. Baxmayaraq ki, onun-bunun əlaltısı rolunda çıxış edən partiya sədrləri elə güman edirlər ki, onların bu cür biabırçı siyasi fəaliyyətlərini görən yoxdur".
Məsələyə ittiham tərəfinə çevrilən partiya sədrlərinin mövqelərini qeyd etməzdən əlavə bir məsələni vurğulamaq lazımdır ki, başqanın açıqlaması MTN üçün də maraq kəsb etməyə bilməz. Çünki İ.Qəmbərov İran və Rusiya agenturasına işləyən partiya sədrlərinin kimliyindən məlumatladır. Yəni müxalifət mətbəxinə bələd olan və kimin hansı qüvvələrə necə işlədiyindən kifayət qədər məlumatlı olan İ.Qəmbərov Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi üçün də önəmli xarakter daşıya biləcək informasiyaların verilməsini həyata keçirə bilər.
Sual oluna bilər. İ.Qəmbərov hansı partiya sədrlərini hakimiyyətə, hansılarını isə Rusiya və İrana işləməkdə günahlandırır? Bu sualı cavablandırmamışdan öncə, qeyd etmək lazımdır ki, hazırda müxalifət düşərgəsində qarışıq proseslər cərəyan edir. O mənada ki, kimin hansı mənsəbə və nəyin xatirinə qulluq etdiyini müəyyənləşdirmək bir qədər çətindir. Yalnız görünən odur ki, ASDP, ALP, "VİP", "Ədalət" və ADİP rusmeyilli siyasət yürüdürlər. "Ümid", ADP, "Demokratiya Uğrunda İttifaq"da təmsil olunan partiyalar, eləcə də, "VAMBP" İranın maraqlarına xidmət edən mövqe ortaya qoyurlar. "AXCP" (i), Müsavat, BQP, BAXCP və bu kimi digər partiyaların fəaliyyəti isə müəyyən qədər ziddiyyətlidir. Sonuncu iki partiyanı çıxmaqla birinci və ikinci siyasi təşkilatlar gah buna, gah da digərinə xidmət göstərirlər. Yəni onlar üçün hədəf yalnız maraqlarının kim tərəfindən ödənilməsidir. Ona görə də, dəfələrlə Müsavat və "AXCP" (i)-ni Qərbə, Rusiyaya, gah da İrana işləməkdə ittiham ediblər. Hətta bununla bağlı kifayət qədər faktlar da ortaya qoyulub.
Bir sözlə, görünən proseslərə əsasən, demək olar ki, müxalifət düşərgəsində təmsil olunan partiya sədrlərinin böyük əksəriyyəti bu və ya digər qüvvələrin təmsilçiləridirlər. Bəlkə də bizim şərhlərdə qismən də olsa, redaktəyə ehtiyac var. Amma bunu adi qarşılamaq da lazımdır. Çünki jurnalist olaraq bizim İ.Qəmbərov kimi müxalifət mətbəxinə bələd olan dolğun məlumatlarımız mövcud deyil. Hər halda, qənaət belədir.
O ki qaldı İ.Qəmbərovun 20 il sonra müxalifəti ifşa edən məlumat açıqlamasına, bunu da gözlənilən hal kimi qiymətləndirmək lazımdır. Çünki siyasi düşərgədə adi belə uğur əldə edə bilməyən başqan buna görə, əqidə yoldaşlarını günahlandırır. Digər tərəfdən Ali Məclisin 2010-cu ilin dekabrında Müsavatın qurultayının keçirilməsi və yeni başqanın müəyyənləşdirilməsi qərara alınıb. İ.Qəmbərov siyasətdə son aylarını yaşadığını başa düşdüyündən gündəmdə sərt ittihamlar səsləndirməklə qalmaq istəyir. Amma bir el məsəli var: "Öz gözündə tiri görmür, özgəsinin gözündə tükü axtarır".

Digər xəbərlər