Müxalifət düşərgəsindəki qalmaqal səngimək bilmir
Bu ilin noyabr ayında keçiriləcək parlament seçkilərinə müxalifətin hazırlığı yenə də aşağı səviyyədədir. Onsuz da radikallardan bundan başqa heç nə gözləmək olmaz. Hər dəfə seçki öncəsində müxalifətçilər bir-birlərinə tələ qurmaqla məşğul olurlar. Yəqin özlüklərində fikirləşirlər ki, bunlardan hansısa seçkidə qələbə qazanacaq. Amma düşünmürlər ki, onsuz da məğlubiyyət bu insanların taleyinin ayrılmaz hissəsidir.
Müxalifətçilər heç vaxt seçkidən sonra məğlubiyyətlərinin səbəblərini araşıdırmırlar və yalnız qalib tərəfi ittiham etməklə məşğul olurlar. Onlar analamalıdırlar ki, YAP-ın bütün seçkilərdə qələbə çalması bu partiyanın xalqa yüksək səviyyədə xidmət etməsindən irəli gəlir. Həm Müsavat başqanı İsa Qəmbərov, həm AXCP (i) sədri Əli Kərimov, həm "MBH"-nın lideri Lalə Hacıyeva və digərləri bilməlidir və qəbul etməlidirlər ki, xalq YAP-ın xidmətindən razıdır və xalqımızla dövlətimiz arasında inam mövcuddur.
2010-cu ilin payızında Azərbaycanda keçiriləcək parlament seçkilərindən öncə, yenə də müxalifət düşərgəsindəki mübahisələr, düşmənçiliklər qızğınlaşıb. AXCP (i) sədri Ə. Kərimov Müsavat başqanı İ.Qəmbərova qarşı ciddi hücuma keçib. Bu hucumu "Yurd şefi" onunla izah edir ki, İ.Qəmbərov indiyədək bütün siyasi fəaliyyəti ilə müxalifətin üz qarasına çevrilib və daha onun siyasi səhnədə yeri yoxdur. Hətta müxalifət partiyaları bir-birlərinin daxili işlərinə qarışır. Bunu onunla izah etmək olar ki, Ə.Kərimov İ.Qəmbərovun Müsavat başqanlığından istefa verməsini israrla ondan istəyir. "Yurd şefi" builki və bundan sonrakı seçkilərdə Müsavat partiyasının İ.Qəmbərovun sədrliyi ilə iştirakını lazımsız və yersiz hesab edir.
Bütün bu ittihamlara İ.Qəmbərov yalnız eyni fikirlərlə cavab verməklə kifayətlənir. O da Ə.Kərimovu yaramaz siyasətçi adlandırıb və onu bir çox işlərdə təqsirləndirərək, müxalifəti təmsil etməməyə çağırıb.
Digər müxalifət partiyaları kənardan bu qızğın Müsavat - AXCP (i) savaşını izləyir və onların bu savaşlarının uzunömürlü olmasını arzulayırlar. Çünki bu insanların hamısı bir-birlərinə qətiyyətli düşmən kəsiliblər. Onlar kamera önündə bəzən özlərini mehriban göstərmək istəsələr və birliklərdə, bloklarda birləşmək niyyətlərini dilə gətirsələr belə, yenə də qısa müddətdən sonra iç üzləri açılıb və bir-birlərinə olan daxili nifrətləri qabarıq şəkildə özünü büruzə verib.
Maraqlısı isə budur ki, bu cür parakəndə şəkildə seçkilərə gedən, partiyadaxili savaşlara son qoymadan seçkidə iştirak edən, siyasətin nə olduğunu tamamilə bilmədən seçkilərə qatılmaq niyyətlərindən danışan bu radikallar niyə özlərini düşdükləri gülünc vəziyyətə görə qınamırlar, amma seçkidən əvvəl və sonra yaramaz əməllərlə xalqın gözündən daha da aşağı səviyyəyə düşürlər. Bütün seçkilərdə olduğu kimi növbəti seçkilərdə də müxalifət düşərgəsi acınacaqlı məğlubiyyətlə qarşılaşacaqlar. Artıq buna öncədən olaraq heç kəsin şübhəsi yoxdur.