PDF Oxu

Müxalifət

  • 12

Müxalifətin seçki biabırçılığının gizlinləri aşkarlanır

Müxalifətin seçki biabırçılığının gizlinləri aşkarlanır
Müxalifət düşərgəsi ötən il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin onlar üçün acı və biabırçı məğlubiyyəti eninə-uzununa müzakirə edilməkdədir. Hələ də, düşərgənin novruzəliləri başa düşə bilmirlər ki, cəmiyyət artıq onların layiq olduğu qiyməti çoxdan verib. Amma müxalif düşərgədə bunu başa düşmək istəyən bir şəxs tapılmır ki, onlara düzgün yol göstərsin. Kənardan isə müxalifət düşərgəsində olanlar daha səlis görünür. Daxildə, ola bilsin ki, müxalifətin özünə bu məsələ elə də, aydın görünmür. Amma artıq hər kəs bilir ki, müxalifətdən daha bundan sonra nəsə gözləmək acizlikdir. Çunki bu düşərgə artıq nəyə qadir olduğunu dəfələrlə sübut edib. Qaldı ki, müxalifətin bələdiyyə seçkilərindəki acı məğlubiyyətinə, bunu seçkilərdə iştirak etmiş partiyalar öz boğazlarından aşağı düşüncə ilə düşünərək, tamam başqa cür yozurlar. Reallıqda isə, onlar özləri də bunu etiraf edirlər ki, sosial baza olmadan istənilən prosesdə nəticə əldə etmək mümkün olmur. Müəyyən dairələrdə müxalifətin bu məğlubiyyətinə hərə bir cür şərh verməkdədir. İş o yerə çatıbdır ki, ABŞ-da mühacir həyatı sürən "Açıq Cəmiyyət Partiyası"nın lideri Rəsul Quliyevdə müxalifətin bələdiyyə seçkilərindəki məğlibiyyətinin tərəfləri barəsində şərh verib. "Müxalifətin bələdiyyə seçkilərindəki məğlubiyyəti öz günahıdır. Bunun tərəflərini başqa yerdə axtarmağa ehtiyac yoxdur. Artıq müəyyən bir müddətdir ki, Azərbaycan müxalifəti qatılmış olduğu seçki proseslərində müəyyən faizlik baryeri belə aşa bilmir. Bunun səbəbini isə, sonradan istədikləri kimi yozmağa çalışırlar. Eyni zamanda isə, unutumaq olmaz ki, istənilən bir siyasi təşkilat cəmiyyətin həyatına nüfuz etmədən, nəsə əldə edə bilməz. Ona görə də, Azərbaycan müxalifəti getdikcə daha da geriləməkdə davam edir" -deyən R.Quliyev digər məqamlarda isə düşərgəyə formal olaraq, rəhbərlik edən şəxslərin yarıtmaz fəaliyyətini də buraya aid edib. Bildirib ki, Azərbaycan cəmiyyəti artıq Müsavat başqanı İsa Qəmbərovun, Azərbaycan Liberal Partiyasının lideri Lalə Hacıyevanın, AXCP (i) sədri Əli Kərimovun, "ANİF" prezident Eldar Namazovun sifətini görməkdən və onların yalan-yalan ifadələrindən iyrənib. "ACP" liderinin bu yanaşmasını düşərgədə elə də normal qiymətləndirmədilər. Müsavat icra aparatının rəhbəri Arif Hacıyev mətbuata açıqlamasında Rəsul "bəy"in yanaşmasına ironiya ilə cavab verib. Bildirib ki, R.Quliyev elə bacarıqlıdırsa, özünün tabeçiliyində olan partiyanı normal vəziyyətə salsın. Amma görünür, onun bu qabiliyyəti, sadəcə olaraq, danışmaqdan ibarətdir deyən R.Hacıyev okeanın o tayından, bu tayına mesaj göndərməklə siyasətçi olmağın mümkünsüzlüyünü də dilə gətirib. "Kənardan baxanda, hər şeyin çox asan göründüyünü və lazımi proseslərə vaxtında qiymət verməyin nə dərəcə çətin olduğunu bizlər bilirik Rəsul Quliyev yox" -deyən A.Hacıyev ona bacardığı işlə məşğul olmağı tövsiyə edib. Son zamanlar daha da pozitiv görünən ADP sədri Sərdar Cəlaloğlu da "ACP" liderinin, deyəsən, dərdinin, azarının bitdiyini söyləyib. "Görünür, onun ABŞ-da işləri o qədər də yaxşı getmir ki, bu tərəfə baxmağa vaxt tapır. Çünki başqa zamanlarda ondan söz soruşmağa belə cavab verməyən şəxs indi siyasi proseslərə qiymət verir. Doğrusu, onun yanaşması hansı prizmada olub, onu bilmirəm. Ancaq onu deyə bilərəm ki, Rəsul "bəy" siyasətçi deyil ki, belə işlərə də baş qoşsun. Hamı gözəl bilir ki, o bir nömrəli biznesmendir. Əgər o siyasətlə məşğul olsaydı, biz onu ADP-də saxlayardıq" - deyən S.Cəlaloğlu son zamanlar hamının siyasətlə məşğul olduğunu və bunun bir dəb kimi R.Quliyevdən də kənar qalmadığını söyləyib.

Digər xəbərlər