ADP ilə “Ümid” partiyası arasındakı qarşıdurma daha da kəskinləşib
Son zamanlar müxalifət düşərgəsində yeni bir birliyin və ya blokun yaradılması uğrunda, sözün əsil mənasında, savaş gedir. Bu dəfə müxalifət düşərgəsində daha ağıllı tərpənməyə çalışmış ADP sədri Sərdar Cəlaloğlunun bələdiyyə seçkilərində acı və biabırçı məğlubiyyəti növbəti dəfə yaşamamaq, qarşıdakı parlament seçkilərində müxalifətin birliyinin olmasını vacib sayıb.
Elə bu məqsədlə də, Sərdar "bəy" düşərgədə fəaliyyət göstərən partiya rəhbərlərinə təkliflər göndəribdir ki, yeni bir birlik yaradaq. "Belə bir təklifi irəli sürməyimizə səbəb qarşıdakı parlament seçkilərində müxalifətin daha aktiv şəkildə iştirakını təmin etmək məqsədi daşıyırdı. Düşünürdük ki, artıq köhnə ədavətləri unudub, yeni bir nəfəslə müxalifət partiyaları arasında normal münasibəti təmin edə bilərik. Amma çox təəssüflər olsun ki, bizim təmsil olunduğumuz düşərgədə hər kəs öz maraqları üzərində dayanmış prinsipləri daha çox üstün tutduğu üçün kimsə, nəsə bir məsələ ilə bağlı çıxış edəndə mütləq onun ağzından vurulmalıdır. Mənim bu təklifim də təmsil olunduğumuz düşərgədə, sadəcə olaraq, boğazdan aşağı düşüncəli insanların hiddəti ilə qarşılandığı üçün bundan sonra heç bir müxalifət partiyası ilə əməkdaşlıq etməyə, sadəcə olaraq, lüzum qalmır" deyən S.Calaloğlu düşərgədə daha çox Müsavat partiyası ilə "Ümid" partiyasının oynadığı oyundan təngə gəldiyini bildirib. Qeyd edib ki, Müsavat partiyası artıq neçə müddətdir bir sıra məsələlərdə hakimiyyətə yaxın olduğunu sübut edib. Ona görə də, bu partiya ilə daha heç bir blok və ya birlikdə təmsil olunmaycağını bildirən ADP sədri onu daha çox "Ümid" partiyasının sədri İqbal Ağazadənin hərəkətləri hiddətləndirdiyini bildirib. "2003-cü ildə ölkəmizdə keçirilmiş prezident seçkilərindən sonra artıq müxalifət düşərgəsində hər kəs və ümumiyyətlə, Azərbaycan cəmiyyəti hansı qüvvələrin kimin və nəyin arxasınca getdiyini daha dəqiq aydınlaşdırmağa məqam tapdı. Çünki məhz bu seçkiyə qədər bir sıra partiyalar, o cümlədən, ADP, Müsavat və "Ümid" bir yerdə mübarizəyə qoşulmuşdusa, sonralar məhz birincilərin xəyanətindən sonra bu birlik pozuldu. Məhz "Ümid" sədri bu məsələlərdən sonra hakimiyyətə daha yaxın olduğunu göstərmək üçün var-gəl edirdi. Nəticədə də, öz xislətini tam şəkildə ortaya qoya bildi" deyən S.Cəlaloğlu hazırda müxalifət düşərgəsində hakimiyyətlə ən yaxşı işbirliyi quran şəxsin də İqbal Ağazadə olduğunu sübut etmək üçün onun əlində kifayət qədər faktların olduğunu söyləyib. ADP "Ümid" arasındakı mövcud qarşıdurma daha da kəskinləşdikcə, digər bir yanda da "Demokratiya Uğrunda İttifaq"da təmsil olunan partiyalar arasında da gərginlik səngimək bilmir. Müxalif düşərgədə burnunu uzatmış olduğu hər yerdə ona qarşı böyük təzyiqlərin olduğunu görən Pənah Hüseynov bu dəfə də "DUİ"də bəxtini sınamaqdadır. O, bu məqsədlə bir sıra partiya rəhbərlərinə təkliflər göndərsə də, bu dəfə də "KAXCP" sədri Mirmahmud Fəttayevin hədəfinə tuş gəlib. Ona görə də, müxalifət düşərgəsində lap yaxın zamanlarda növbəti kəskin qalmaqalın olacağı və böyük köçün başlanacağı artıq qaçılmaz olub.