Bələdiyyə seçkilərindəki məğlubiyyət radikal müxalifəti çaş-baş salıb
Ötən il ölkəmizin ictimai-siyasi həyatında böyük və vacib əhəmiyyət kəsb edən bələdiyyə seçkiləri keçirildi. Bütün dünyanın diqqət mərkəzində olan bu seçkini 50 minə yaxın yerli və xarici müşahidəçi izləyirdi. Bələdiyyə seçkisi bütövlükdə cəmiyyətin inkişafına və demokratik dəyərlərin tərənnümünə yönəlmiş növbəti bir töhfə olmuşdur.
Seçkinin tam demokratik və sivil dəyərlərə uyğun formada keçirilməsini təmin edən başlıca şərtlərdən biri də vətəndaş mövqeyinin ortada olması idi. Çünki bu seçkidə xalq bir daha açıq formada öz seçimini nəyin və hansı prinsipin üzərində qurmuş olduğunu əvvəlcədən müəyyənləşdirmişdir. 23 dekabr 2009-cu il bələdiyyə seçkilərindən dərhal sonra istər yerli, istərsə də, beynəlxalq təşkilatlar Azərbaycanda keçirilmiş bələdiyyə seçkilərinin yüksək seçici fəallığı və demokratik dəyərlərin qorunub saxlanması şəraitində baş tutduğunu elan etdilər. Amma çox təəssüflər olsun ki, bələdiyyə seçkilərinə tamamilə gülünc və ikrah doğuracaq səviyyədə qatılmış müxalifət yenə də öz ampluasına uyğun olaraq boşboğazlıqla yanaşmışdır.
Maraqlısı isə ondan ibarətdir ki, düşərgə daxilində təmsil olunan partiyalar bələdiyyə seçkilərində kimin az, kimin çox yer tutmasına görə, bir-birini ittiham edirlər. Bələdiyyə seçkilərində iştirak etmiş Müsavat partiyası "Ümid" partiyası ilə müqayisədə namizədlərin faiz nisbətindəki olan fərqə və qazanmış olduqları yerlərin sayına görə, əməlli-başlı dava-dalaş salıblar. Başlıca səbəb hər iki partiyanın bir-birlərini hakimiyyətlə əməkdaşlıqda ittiham etmələridir. Müsavat partiyasının mərkəzi icra aparatının rəhbəri Arif Hacıyev mətbuata açıqlamasında 2009-cu il bələdiyyə seçkilərində Müsavat partiyasının 250 namizəd müqabilində 20 yer qazanmasını və "Ümid" partiyasının 400 namizəd müqabilindç 40 yer qazanmasını hansı partiyanın hakimiyyətlə daha sıx əlaqədə olduğuna sübut olduğunu bildirib. Qeyd edib ki, bu prosesdən çox-çox əvvəllər baş verən bir neçə məsələdə də "Ümid" partiyası hakimiyyətə yarınmağın formasını birmənalı şəkildə nümayiş etdirib. Onun sözlərinə görə, müxalifət düşərgəsində hakimiyyətlə sıx əlaqədə olan bir neçə partiya var ki, onlardan biri də "Ümid" partiyasıdır. "Məhz bu seçkilərdə də, "Ümid" partiyasının sədri İqbal Ağazadə hakimiyyətə yarınmaq üçün bir çox məqamlardan istifadə edib" deyən A.Hacıyev ona daha münasib variantlarla əməkdaşlıq etməyi tövsiyə edib. Öz növbəsində, Müsavat partiyasını 23 dekabr 2009-cu ildə keçirilmiş bələdiyyə seçkilərində namizədlərin faiz nisbətinə görə, "Ümid" partiyasından daha çox yer qazandığını bildirən İqbal Ağazadə kimin hakimiyyətlə daha sıx əlaqədə olmasının hər kəsə bəlli olduğunu söyləyib. Bildirib ki, Müsavat partiyası artıq özünün sonuncu siyasi dayanacağındadır. Ona görə də, burada qalmış şəxslər, sadəcə olaraq, kimlərəsə qara yaxmaqla hər məsələdə özlərini üstün tutmağa çalışırlar. Bunun isə heç bir halda mümkün olmayacağını bildirən İ.Ağazadə A.Hacıyevaya soyuq başla düşünüb, tələsik qərar verməməyi tövsiyə edib.
Qeyd etdiyimiz kimi, cəmiyyətin gözü qarşısında və eyni zamanda, beynəlxalq təşkilatların diqqət mərkəzində olan bələdiyyə seçkilərindən hamı öz razılığını ifadə edir. Dünyanın aparıcı və nüfuzlu beynəlxalq təşkilatları, ABŞ, Fransa, Almaniya, Türkiyə və Rusiya kimi böyük dövlətlərdən olan müşahidəçilər də Azərbaycanda keçirilmiş bələdiyyə seçkilərinin mahiyyətinə və keyfiyyətinə yüksək qiymət vermişlər. Ümumilikdə götürdükdə isə, nəinki Cənubi Qafqaz regionunda, eyni zamanda, dünyada demokratik dəyərlərə və sabit seçki sisteminə malik olan Azərbaycan özünün malik olduğu demokratik prinsiplərə əsaslanaraq, beynəlxalq arenada layiqli mövqeyini qoruyub saxlayır və günü-gündən möhkəmləndirir. Bütün hallarda olduğu kimi, bəzən, bir dövlətin inkişafını istəməyən qüvvələr olur. Bu cəhətdən də həm ölkəmizin öz daxilində olan bədnam müxalifət adı altında fəaliyyət göstərən qüvvələr, həmçinin də, kənarda olan maraqlı dairələr Azərbaycanın günü-gündən çiçəkləməsini həzm etməkdə çətinlik çəkirlər. Bütün bunlar isə zamanın öz axarında yoluna qoyula biləcək məsələlərdir.
Məhz bələdiyyə seçkilərindən dərhal sonra müxalifət düşərgəsində baş vermiş qarşıdurma bir daha buradakı vəziyyətin son həddə çatmasını şərtləndirən amillərdən hesab olunur. ADP sədri Sərdar Cəlaloğlunun müxalifətin ümumi birliyini yaratmaq uğrunda göstərmiş olduğu səylər də son nəticədə bələdiyyə seçkilərinin yekununda daha açıq şəkildə üzə çıxdı. Nəticədə ADP sədri bütün bu olanlardan və olacaqlardan imtina edərək, Müsavat və "Ümid" partiyası ilə heç bir blokda və ya fərdi qaydada bundan sonra əməkdaşlıq etməyəcəyini bildirdi. S.Cəlaloğlunun belə bir ifadə ilə çıxış etməsinə səbəb isə son zamanlar guya müxalifət düşərgəsində "ümumi birlik" yaratmaqla partiyaları vahid bir mərkəzdə birləşdirmək istiqamətində atılan addımların puça çıxmasıdır. Sadəcə olaraq, bir məntiqi başa düşmək olmur ki, axşam yatıb səhər açılan kimi başqa fiqura çevrilib xam xəyala düşən S.Cəlaloğlunun müxalifətin birliyini yaratmaq nəyinə lazımdır? Özü də, nəzərə almaq lazımdır ki, müxalif düşərgədə S.Cəlaloğlunun sözünə əhəmiyyət verən yoxdur. O zaman ADP sədrinin bu cür canfəşanlağının səbəblərini və sonradan isə ciddi məyusluq hissləri keçirməsini başa düşmək olmur. Başa düşülən isə təkcə odur ki, bu ağılsız müxalifətdən hələ çox şeylər görəcəyik. Çünki vaxt keçdikcə bunların ağlı tamam azalır və daha gülünc vəziyyətə düşürlər. Azərbaycan cəmiyyəti isə daha heç vaxt gündə bir mövqe ortaya qoyan müxalifətə dəstək vermək fikrində deyil. Bunu müxalifət təmsilçilərinin özlərinin də bilməsinə baxmayaraq, hələ ki, siyasi fəaliyyət adı altında öz mövcudluqlarını hiss etdirməyə çalışırlar. Daha çox kənar qüvvələrin diqtəsi və göstərişi ilə addım atan müxalifət, məhz geridə buraxmış olduğumuz bələdiyyə seçkilərindəki biabırçı məğlubiyyətin acısını yaşamaqdadır. Bu dəfə də düşərgədə hamı günahı bir-birinin üstünə atmaqdadır. Kimisi seçkiyə birgə qatılmamağı bəhanə gətirir, kimisi isə bu cür ağır duruma düşməsini başqa məsələlərlə əlaqələndirir. Düşərgədə isə, daxili vəziyyət bələdiyyə seçkisindən sonra olduqca gərgin keçir. Çünki bir çox müxalifət qurumları illərdən bəri ötürə-ötürə təxirə saldıqları partiya qurultaylarını, digərləri başqan və sədr seçmək məsələlərini məhz bu ilə saxlamışlar. Ona görə də, bu il müxalifət üçün sonuncu duracağının olacağı artıq qaçılmazdır. Artıq bundan o tərəfə düşərgə üçün yol görünmür.