Ermənistanda yenidən etiraz dalğaları baş qaldırıb
Ermənistan hakimiyyətinin yeritdiyi siyasətin səriştəsizliyi yenidən ölkə gündəminin diqqət mərkəzinə çevrilib. Belə ki, Serj Sarkisyan hakimiyyətinə qarşı etiraz dalğaları, 2009-cu ildə olduğu kimi, 201F0-cu ildə də davam etdirilməkdədir.
Bu etirazlar isə özünü daha çox müxalifətin keçirdiyi etiraz aksiyalarında göstərir ki, bu etirazlar da prezidentin istefası tələbləri ilə müşahidə olunur. Hakimiyyətin belə bir siyasət yeritməsi ölkənin daxili sosial-iqtisadi vəziyyətini böhranlı vəziyyətə salmaqla yanaşı, onun xarici siyasətinə də mənfi təsir göstərməkdədir.
Ermənistanın son illərdə yeritdiyi siyasətlə bağlı təkcə Ermənistanda yox, dünyanın bir çox yerlərində yaşayan ermənilər öz etirazlarını bildirirlər. Ötən il ərzində Ermənistanın, xüsusilə də, xarici siyasətini bəyənməyən erməni diasporu öz etirazlarını elə həmin yaşadıqları ölkələrdə kütləvi etiraz aksiyaları keçirməklə böyük bir ajiotajın yaranmasına səbəb olmuşdular. Ümumiyyətlə, erməni diasporunun Ermənistan hakimiyyətinin fəaliyyətində ən əsas etiraz etdiyi cəhət kimi Türkiyə ilə münasibətlərin normallaşdırılması və sərhədlərin açılması ilə bağlı danışıqların aparılması və protokolların imzalanması oldu. Hökumət tərəfindən belə bir addımın atılması ermənilərdə çox böyük bir narazıçılıq yaratmış oldu. Onlar belə bir prosesin gerçəkləşdirilməsinin nəticəsində Ermənistanın işğalçılıq siyasəti nəticəsində əldə etdiyi üstünlükləri itirəcəyini iddia edərək, bu cür aksiyalar keçirməyə və prezidentin istefasına nail olmağa çalışırlar. Bu günlərdə isə bu etiraz dalğaları yenidən gündəmə gələrək, ermənilərin fəallaşmasına gətirib çıxarıb. Onların bu ilin əvvəllərindən etibarən öz narazılıqlarını ifadə etməyə başlaması artıq ölkə daxilində müşahidə olunmaqdadır. Belə ki, Ermənistan müxalifəti artıq dünəndən etibarən bu ilin ilk aksiyalarını keçirməyə başlayıb. Bundan başqa, ermənilər bir sıra xarici ölkələrdə də öz etiraz səslərini ucaltmağı nəzərdə tutublar. Ümumilikdə isə, bu etirazların yanvar ayının 12-nə kimi davam etdirilməsi nəzərdə tutulur ki, məhz bu tarixdə də Ermənistan Konstitusiya məhkəməsi tərəfindən "erməni açılımı"na baxılması nəzərdə tutulur.
Ermənistanda müşahidə olunan siyasi narazılıqlar və etiraz dalğaları təkcə Türkiyə ilə münasibətlərin normallaşdırılmasına olan etirazları ehtiva etmir. Eyni zamanda, ölkədə mövcud olan və demək olar ki, bütün sahələri əhatə etməkdə olan böhran öz nəticələrini əhalinin sosial vəziyyətinin pisləşməsində göstərməkdədir. Belə ki, artıq son iki il ərzində, yəni S.Sarkisyan hökuməti hakimiyyətə gələndən sonra ölkənin maddi vəziyyəti maksimum dərəcədə pisləşmişdir. Son bir il ərzində indiyə kimi görünməmiş göstəricilər qeydə alınmışdır. Bu göstəricilər özünü əhalinin maddi rifah halının pisləşməsində və ölkə vətəndaşlarının, bunun nəticəsi olaraq, işsizlik problemi üzündən ölkəni kütləvi şəkildə tərk etmək məcburiyyətində qalmasında göstərməkdədir. Artıq vəziyyət elə bir həddə gəlib çatmışdır ki, insanların öz ölkələrini tərk etmələri nəticəsində Ermənistanda əhalinin azalması müşahidə olunmuş və bu da ölkənin demoqrafik vəziyyətinin kəskin dəyişilməsinə səbəb olmuşdur. Ölkə rəhbərliyi isə buna qarşı heç bir tədbir görə bilmir və yalnız belə halları ört-basdır etməklə ölkədaxili vəziyyətin beynəlxalq ictimaiyyətə çatmamasını təmin etməyə çalışır.
Əhalinin kütləvi şəkildə ölkəni tərk etməsi ilə yanaşı, daxildə digər neqativ hallar da müşahidə olunmaqdadır. Belə ki, ölkə gənclərinin hərbi xidmətdən yayınma halları və fərarilik artıq adi hala çevrilmişdir. Bunun da əsas səbəbi kimi, ordunun çox pis vəziyyətdə olması və işğal olunmuş Dağlıq Qarabağ ərazisində Ermənistandan olan əsgərlərə pis davranılması göstərilir. Orduda olan acınacaqlı vəziyyət əsgərləri hətta öz mövqelərini tərk edərək, digər ölkələrin ərazisinə keçməyə səbəb olmuşdur. Ordunu tərk edən əsgərlər isə yenidən oraya qayıtmaq istəmədiklərini bildirirlər. Ermənistan ordusunun günü-gündən zəifləməsi onun özünümüdafiə gücünü də azaltmış olur.
Bir sözlə, Ermənistanın acınacaqlı daxili vəziyyəti onun sürətlə bir dövlət kimi öz gücünü itirməsinə və beynəlxalq arenada zəifləməsinə gətirib çıxarır.