Müsavatla “Ümid” barışa bilmir
Xatırlayırsınızsa, bir müddət bundan öncə, müxalifətin parlament seçkiləriqabağı blok yaratmaq fikrində olduğunu və hətta bununla bağlı bir sıra müzakirələr aparıldığı barədə məlumat yaymışdıq. Bununla bərabər, ötən seçki proseslərində də bu tip açıqlamaların özünü doğrultmadığı və müxalifətin vahid ideya ətrafında birləşə bilməməsi ucbatından bunun reallaşmayacağı qənaətini də irəli sürmüşdük. Belə ki, ötən ilin dekabr ayının 23-də keçirilən bələdiyyə seçkilərində uğur qazana bilməyən bəzi müxalifət partiyaları uğursuzluqlarının səbəbini pərakəndə fəaliyyətdə görərək, bütün meyillərini vahid birlik yaratmaqda görürlər.
Əldə etdiyimiz bəzi məlumatlara görə, bu fikri ilk irəli sürən məhz Azərbaycan Demokrat partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu olub. Belə ki, o, məsələ ilə bağlı Müsavat, AXCP (i), ALP, "KXCP", "Ümid" və "VİP" rəhbərliyi ilə ayrı-ayrılıqda danışıqlar aparıb. Ancaq Müsavat partiyasının rəhbərliyinin ADP sədrinin təklifini qəbul etmədiyi bildirilir. Müsavat "Ümid" partiyası yeni yaranacaq blokda təmsil olunmayacağı təqdirdə, həmin koalisiyada təmsil olunmağa razılıq verəcəyini qeyd edib. Yəni, müxalifət partiyaları arasında hələ də davam edən qarşıdurmalar və kəskin fikir ayrılıqları səngimədəyi müddətdə, onların birliyindən danışmaq da yersiz görünür. Maraqlıdır ki, öz "gücü" ilə öyünən radikal müxalifət partiyalarının düşərgədə təmsil olunan iki partiya arasındakı küskünlüyü aradan qaldırmağa gücü çatmırsa, o zaman hansı birlikdən və vahid ideyadan söhbət açılır. Məsələ ilə əlaqədar olaraq mətbuata açıqlama verən ADP sədri S.Cəlaloğlu da müxalifət partiyalarının həddən artıq dağınıq vəziyyətdə olduğunu və onlar arasında inteqrasiya meyillərinin çox zəif olduğunu ifadə edib. Onun sözlərinə görə, 2010-cu il üçün müxalifətin birləşdirilməsi məsələsi qarşıdan duran əsas vəzifələrdəndir. Bunun üçün isə, ilk növbədə, müxalifətin inteqrasiyasını reallaşdırmaq lazımdır. Bu inteqrasiyanı isə, daha çox müxalifət partiyalarının bir araya gələrək, eyni siyasi blokda birləşməsində görən, ADP sədri, bu variantın reallaşmasında ciddi problemlərin mövcudluğundan söhbət açıb. S.Cəlaloğlu əksər partiyaların bir-birini qəbul etmədiyini deyib.