Fuad Qəhrəmanlı Əli Kərimova 35 min dollar “atıb”
Hər kəsə bəlli olan fakt ondan ibarətdir ki, 2009-cu il müxalifət üçün uğursuz illərdən oldu. Bununla bağlı çoxsaylı faktlar, misallar göstərmək olar.
Sadəcə, ilin sonunda keçirilən bələdiyyə seçkilərində radikal müxalifətin cüzi bələdiyyə yeri də qazana bilməməsini qeyd etməklə radikallar üçün 2009-cu ilin nə qədər uğursuz il olduğunu sübut etmək olar. Bu, azmış kimi, partiyalardan kütləvi istefalar da baş verdi ki, bunun da nəticəsində müxalifətin dayaq dəstəsi tamamilə zəiflədi. Hesablamalara görə, cəmi bir həftə ərzində AXCP (i), Müsavat, AMİP, "Ümid" və ADP-dən, ümumilikdə, 978 nəfər istefa verib. Prosesin yeni ilin ilk ayında da davam edəcəyi ehtimal olunur. Daha doğrusu, Müsavat və AXCP (i)-nin Abşeron, Sabirabad və Zərdab rayonlarından ümumi sayı 94 nəfər olan müsavatçı və cəbhəçinin istefaları barədə redaksiyamıza ünvanladıqları şikayət məktublarına istinadən, demək olar ki, artıq qopmalar bərpa olunub.
Qeyd etmək yerinə düşər ki, uğursuzluğa düçar olan partiya sədrləri vəziyyəti dəyişməyə cəhd göstərsələr də, istəklərinə nail ola bilmirlər. Şirnikləndirici vədlər, əlavə pul ödənişləri də, istefaların qarşısını almağa imkan vermir. Əksinə, daxili durum ötən günə nisbətən daha da ağırlaşır. Ən maraqlı və diqqətçəkən məqam ondan ibarətdir ki, partiya sədrlərinə müavinləri də "atır"lar. O mənada ki, pul istefaya hazırlaşanlara çatmadan müavinlər tərəfindən mənimsənilir. Bəzən isə, bu tip olaylar partiyalarda yeni qovğalara yol açır. Necə ki, AXCP (i) və "Ümid" partiyalarında çəkişmələrin daha ağır durumla əvəzləməsində, əsas səbəb məhz müavinlərin partiya sədrlərinə böyük məbləğdə pul atmaları olmuşdur. Düzdür, bir qədər hiyləgər olan "Ümid" partiyasının sədri İqbal Ağazadə Ənvər Ağayevlə aralarında olan maliyyə prblemlərini gündəmə gətirməklə mətbuatın diqqətinə çevrilməkdən çəkinib. O, daha çox Nəsimi Məmmədlinin timsalında elçilərdən istifadə etməklə dəyən ziyanı aradan qəldırmağa səylər göstərir. Ancaq bir həqiqət mövcuddur ki, "donuz zopa görməsə tarladan çıxmaz". İndi bu məsələdə Ə.Ağayevin üzündəniraq, təsir olmasa, İ.Ağazadənin pulunun geri qaytarılacağı inandırıcı deyil. Görünür, bu amili nəzərə alan Ə.Kərimovun müavini F.Qəhrəmanlıdan çəkdiyi 35 min dollar maddi ziyanı ictimailəşdirməklə aradan qaldırmağa səy göstərir. Amma F.Qəhrəmanlı da Fuad Mustafayev kimi "div"in dizlərini yerə vuran oğul olduğunu hər bir addımında və Ə.Kərimova sərt təpkisində göstərməkdədir. Bu kəllələşmə AXCP (i) daxilində ciddi ixtilaflar yaradıb. Hətta partiyadan olan son istefaların əsas səbəbinin Ə.Kərimov-F.Qəhrəmanlı qarşıdurması olduğu bildirilir.
Məlumatlı mənbənin bildirdiyinə görə, AXCP (i) daxili qarşıdurmananın bu templə davam edəcəyi təqdirdə, partiyanın yaxın vaxtlarda buraxılması istisna olunmur. Çünki sıravi üzvülərin tamamilə partiyadan getməsindən sonra ortada yalnız Ə.Kərimov və F.Qəhrəmanlı qalacaqlar. Ortada qalmağın nə demək olduğunu tərəflər bildiklərindən, çıxış yolunu siyasətdən birdəfəlik getməkdə görəcəklər. Bu isə, AXCP (i)-nin süqutu olacaq. Hər halda, proseslərin inkişafı bunu deməyə əsas verir.