Azərbaycanda növbəti bələdiyyə seçkiləri başa çatdı və ilkin nəticələr bu dəfə də ölkənin siyasi palitrasındakı qüvvələr nisbətini nümayiş etdirir. Təbii ki, seçkinin nəticələri hakim Yeni Azərbaycan Partiyasının təbii-siyasi üstünlüyünü ifadə etməklə yanaşı, ölkədə real müxalifətin olmadığını da bir daha təsdiqlədi. Əslində, seçkinin nəticələri müxalifətçiliyin gələcəyi barədə bəzi sualları da altuallaşdırıb.
Hakimiyyətə müxalif dayanan siyasi partiyalar təkcə Azərbaycanda deyil, dünyanın bütün demokratik ölkələrində mövcuddur. Amma həmin ölkələrin müxalifəti hakimiyyətə gəlmək üçün sivil qaydada mübarizə yolunu tutmaqla bərabər, ümummilli məsələlərin çözüldüyü, beynəlxalq əhəmiyyət kəsb edən taleyüklü problemlərin ortaya çıxdığı, xarici təhdid təhlükəsi yarandığı və ya dövlətin siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirən hadisələrin baş verdiyi zaman xalqla və onun seçdiyi hakimiyyətlə həmrəy olurlar.
Amma Azərbaycan müxalifəti tərəfindən nə vaxtsa belə bir təşəbbüsün olmasına hələ rast gəlinməyib. Prezident İlham Əliyevin sözləri ilə desək: "Körpü tikilir, sevinmirlər, yazırlar ki, körpü dağıldı, uçdu. Bu bir tərəfdən yalan, digər tərəfdən onların niyyətidir. Yəni istəyirlər ki, körpü dağılsın, uçsun. Axı öz millətinə, öz torpağına belə düşməncəsinə münasibət heç cür qəbul edilmir...".
Bəli, bu reallıq göstərir ki, hələlik, Azərbaycanda sivil və demokratik müxalifətçilik ənənəsi formalaşmayıb, görünür, bunun üçün hələ uzun bir zamana ehtiyac var...
YENİLƏŞMƏ ZƏRURƏTİ
Bütün demokratik ölkələrdə siyasi partiyaların qələbə çalmaları üçün onların yeniləşməsi, məzmun və forma etibarilə daha məhsuldar və effektiv gedişləri ehtiva edən yeni taktiki konsepsiya müəyyənləşdirməsi əsas şərt kimi dəyərləndirilir. Məsələn, ABŞ-ın əsas siyasi təşkilatları olan demokratlar və respublikaçılar partiyalarında ayrı-ayrı seçkilərə eyni namizədlərlə getmək praktikası yoxdur və bu, onlar üçün qəbahət sayılır.
Birləşmiş Ştatlarda bir dəfə seçkilərdə məğlub olmuş namizədə ikinci dəfə namizədliyini irəli sürməyə şərait yaradılmır və bu şans həmin partiyanın digər nümayəndəsinə verilir. Bu ənənə bütün Avropa ölkələrində də bərqərar olub. Azərbaycanda isə radikal müxalifətin seçki təcrübəsində çox anormal siyasi gedişləri müşahidə etməkdəyik. Dəfələrlə seçkilərdə uduzmuş Müsavat partiyasının başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov, "Milli Birlik Hərəkatı"nın sədri L.Hacıyeva, AMİP-in faktiki rəhbəri E.Məmmədov, "ACP"-in rəhbəri R.Quliyevin keçirilmiş bütün seçkilərdə namizədliklərini yenidən irəli sürmələrinə heç bir halda haqq qazandırmaq mümkün deyil. Ən azından, bu, məntiqsizlikdir. Təəssüflər olsun ki, Azərbaycan müxalifəti demokratik dövlətlərdəki siyasi ab-havadan, oradakı müxalifət partiyalarının təcrübəsindən nümunə götürməkdən belə uzaqdır.
Bu mənada, Azərbaycanda müxalifətin yeniləşməsi sosial sifarişdir və bu, xalqın istəyidir. Əslində, radikal müxalifət düşərgəsinin yeniləşməsi zərurəti bir neçə amildən qaynaqlanır. Başlıca amil, ondan ibarətdir ki, onlar son 16 ildə ölkədə keçirilmiş bütün seçkilərdə (dörd prezident, dörd parlament və üç bələdiyyə seçkisi) məğlubiyyətə uğrayıblar. Məğlub partiyalar isə qəbul edilmiş siyasi davranış normalarına görə, ya yeniləşməli, ya da tarixin arxivinə atılmalıdırlar. Təəssüflər olsun ki, bizdə nə birinci proses baş verir, nə də "əbədi gənc" təqaüdçülər siyasi səhnədən çəkilmək mədəniyyəti nümayiş etdirirlər. Azərbaycanda müxalifətçiliyi hansı amillər şərtləndirir - ideoloji faktorlar, dövlət və xalq naminə ümummilli mənafe, yoxsa şəxsi ambisiyalar?
Müxalifət, hələlik, sonuncu əlamət əsasında birləşdiyini sübut edə bilib. Bütün cəhdlərə baxmayaraq, radikallar ölkənin gələcəyini konstruktiv əməkdaşlıq və sağlam siyasi rəqabətdə görən qüvvələr qarşısında acizdirlər. Etiraf edək ki, cəmiyyətin siyasi birliyini təmin etmək, prosesləri sivil məcraya yönəltmək üçün real şanslar yaranıb. Cəmiyyətin inadla inteqrasiyaya, qloballaşmaya meyilləndiyi bir dövrdə radikal-mühafizəkar dünyagörüşün meydanı sürətlə daralır. Belə bir şəraitdə İ.Qəmbərovu, Ə.Kərimovu, R.Quliyevi, L.Hacıyevanı və başqalarını siyasi proseslərin flaqmanı kimi görmək və bu reallığı həzm etmək, sadəcə, mümkün deyildir.
Siyasi elitanın yeniləşməsi zərurəti sosial sifarişə çevrilərək, bütün dünyada gedib. Türkiyədə Böyük Millət Məclisinə keçirilən erkən seçkilərdə Məsud Yılmaz, Tansu Çillər, mərhum Bülənt Ecevit kimi simalar siyasi səhnəni tərk etdilər. Almaniyada 1998-ci ildə keçirilən kansler seçkisində məğlub olan böyük siyasi xadim Helmut Koll da bu yolu tutdu. Düzdür, radikal müxalifət liderləri ilə bu simalar arasında paralellər aparmaq mümkün deyil. Amma real odur ki, dünya təcrübəsi var və Azərbaycan müxalifəti bu təcrübədən istifadə etməlidir.
Hamılıqla belə siyasi bir reallıq qəbul edilməlidir ki, uduzanlar siyasətdən getməli, onların yerini praqmatik, real, eyni zamanda, konstruktiv qüvvələr tutmalıdır. Seçki məğlubiyyətinin dəfələrlə təkrarlanmasına rəğmən, radikal müxalifət liderləri belə bir addımı çoxdan atmalı idilər. Lakin radikal qüvvələrin siyasi səhnədə qalıb-qalmamaq istəyindən asılı olmayaraq, cəmiyyət onların gələcəyinə inanmır. Digər tərəfdən, məğlubiyyətə uğrayan bu şəxslərin siyasətdə qalmaları onların rəhbərlik etdiyi partiyaların üzvləri tərəfindən də artıq qəbul edilmir. On altı ildir ki, bu şəxslər partiya üzvlərinin və funksionerlərin etimadını doğrulda bilmirlər. Beləliklə, radikal müxalifət partiyalarının rəhbərlərinin tam siyasi iflası müşahidə olunmaqdadır. Müxalifətin öz daxilində belə qəbul olunmayan partiya sədrləri artıq öz ətraflarında uzun müddət saxladıqları tərəfdarlarını da itirməkdədirlər.
Lakin Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycanda sabit inkişaf prosesinin dönməz xarakter aldığı, cəmiyyətdə hər şeyin yeniləşmə zərurəti ilə qarşılaşdığı siyasi reallıq olaraq ortadadır. Son vaxtlar konstruktiv müxalifətin formalaşdırılması istiqamətində diskussiyalar daha aktual əhəmiyyət kəsb etməyə başlayıb. Hətta hakimiyyətlə barışmaz mövqedə duran bəzi müxalif siyasi dairələr mötədillik nümayiş etdirərək, qarşılıqlı kompromisin və əməkdaşlığın tərəfdarı olduqlarını bəyan edirlər. Təəssüf ki, bəzi tendensiyalar hələ də mövcuddur.
ARXİVLƏŞMİŞ MÜXALİFƏT
Əslində, onlar indiki mövqeləri ilə sübut edirlər ki, partiyalarında normal siyasətlə deyil, inhisarçılıqla məşğuldurlar. Bu partiyalar öz liderlərinin diktəsi ilə idarə olunur və özəlləşdirilmiş müəssisələri xatırladırlar.
Məhz belə qeyri-siyasi mübarizə metodlarının tətbiqinin nəticəsidir ki, radikal müxalifət zaman-zaman böyük sosial itkilərə məruz qalır. Bütün seçkilərdə reallıqdan uzaq, yalnız pafoslu, ura-patriotçuluq nidaları ilə süslənmiş nitqlərə üstünlük verən radikallar, məğlubiyyətlərindən sonra partiyanı tərk edən aldadılmış üzvlərinə cavab vermək iqtidarında deyillər.
Radikal müxalifətin uğursuzluqlarının digər səbəbi isə, onların siyasətdə səmimi olmamaları ilə bağlıdır. Həmişə seçki öncəsi birləşmək barədə uzun-uzadı mükalimələr aparan partiya liderləri seçkidən sonra bir-birlərinə qarşı elə ciddi ittihamlar səsləndirirlər ki, artıq bunu qeyri-sivil mübarizə vasitəsi kimi deyil, xalis etik normalara hörmətsizlik kimi dəyərləndirmək olar. Məsələn, bir müddət əvvəl, ADP sədri Sərdar Cəlaloğlu Müsavat başqanı İ.Qəmbərovu satqınlıqda ittiham etdi və həmin ittihamlar bu gün də səngimək bilmir. Həmin ittihamlara Ə.Kərimov və L.Hacıyeva da qoşulublar. Bununla bir daha təsdiqlənir ki, bir-birilərinə qarşı dəvə kini bəsləyən bu liderlərin bir yerdə olması, eyni məfkurə səngərini bölüşüb birgə mübarizə aparması, qarşılıqlı şəkildə etibar və inam nümayiş etdirmələri prinsip etibarilə mümkün deyil. Onların stabil və davamlı əməkdaşlığı ən böyük məntiqsizlik olardı.
Sözsüz ki, bütün dünyada iqtidarla müxalifət mübarizəsinin əsasını hakimiyyət uğrunda mübarizə və bütövlükdə, müxalifətin fəaliyyətinin ideya-qayəvi mahiyyətini hakimiyyət dəyişikliyi təşkil edir. Sual oluna bilər: bu, çoxmu təhlükəlidir? Prinsip etibarilə, xeyr! Bir şərtlə ki, dövlətçiliyin təməl prinsiplərinə, cəmiyyətin getdiyi yolun mahiyyətinə xətər toxunmasın. Hakimiyyətə can atmaq istəyində də qeyri-adi heç nə yoxdur. Fəqət, baxır kimlər və hansı yollarla bu arzunu reallaşdırmaq istəyirlər. Azərbaycan müxalifəti, təəssüf ki, həmişə dinc, sivil, qarşılıqlı anlaşma məxrəcində əyarlanan yollara inqilabi metodları, qiyam, iğtişaş və xaosu üstün tutur.
Azad və demokratik seçkilərdən, xalqın iradə və istəyindən keçən vasitələr qulaqardına vurulur. Bir var ki, müxalifət ortaya mövcud iqtidarın fəaliyyətindəki nöqsanları sübut edən dəlillər qoysun, bu və ya digər məsələlərin həllini ondan daha yaxşı bacardığını isbatlaya bilsin, cəmiyyət həyatının dinamik, yüksələn əyri ilə inkişafını özündə ehtiva edən proqramlarla çıxış etsin, bir də var ki, iqtidarın müsbət addımlarına mane olmaq yolu tutsun, taleyüklü məsələlərin həllinə konseptual deyil, intuitiv, qonşu barısından o yana addımlamayan bəsit yanaşma nümayiş etdirsin, demokratiyanı kabus qiyafəsinə salıb iqtidarın qazandığı uğurları qərəzli insinuasiya və böhtan atəşfəşanlığına bələsin. Sağlam fikirli, konstruktiv müxalifət demokratik cəmiyyətin pərsəngidir. Ölkə müxalifətinin radikal qanadı isə - Azərbaycan xalqına nə qədər pisdirsə, bizim hakimiyyətə gəlmək şansımız o qədər güclüdür-prinsipi ilə hərəkət edərək, qarşısına çıxan demokratik dəyərlər adına nə varsa, hamısını çığnayıb dağıtmaq yolu tutub.
Hər bir seçki ərəfəsində normal opponentliyi düşmənçiliklə əvəz edən müxalifət liderləri Azərbaycanın bir müstəqil ölkə kimi köklü dövlətçilik maraqlarını öz dar və şərəfsiz firqə maraqlarına qurban verərək, seçkilərin beynəlxalq təsisatlar tərəfindən keçirilməsini xahiş edirlər. Hər seçki ərəfəsində yerli müxalifətin xarici dəstək faktorunu qabartmasında maraqlı tendensiya izlənilir - radikal düşərgə seçkidə yerli elektoratdan deyil, daha çox xarici amildən asılılığını göstərir və bunu hətta gizlətmir də. Hələ 1992-ci ildə müsavatçı Arif Hacıyev hakimiyyəti qəsb etmək üçün bir neçə ölkənin dəstəyini aldıqlarını açıqca bəyan edirdi.
Nəyin bahasına olursa-olsun, xalqa hakim olmaq iddiası - quldarlıq təfəkküründən xəbər verən və milli hərəkatın başlanğıcından boy götürən bu hikkə radikal müxalifəti bu gün də rahat buraxmır.
Hakimiyyətdən umsuq qalmasını özünün siyasi-əxlaqi resurslarının dayazlığı, mübarizə üsullarının nimdaş və arxaikliyi ilə izah etmək əvəzinə, müxalifət həmişə əzələ metodlarına əl atmağa, gündəmdə bir zor, təzyiq xofu yaratmağa can atır.
Lakin kimin hansı mübarizə yolu tutmasından asılı olmayaraq, vətəndaşlar ölkədə təmin olunmuş ictimai-siyasi sabitliyi yüksək qiymətləndirir, anarxiyanın və xaosun yaranmasına xidmət edən addımları dəstəkləmirlər. Cəmiyyət bu fikirdədir ki, siyasi radikalizm Azərbaycan üçün keçilmiş mərhələdir, hazırda bununla, hansısa çirkin siyasi məqsədləri reallaşdırmaq mümkün deyil. Başqa bir tərəfdən, bu gün Azərbaycan ictimaiyyəti ölkədə aparılan uğurlu iqtisadi-siyasi, hüquqi islahatları, vətəndaş quruculuğu istiqamətində atılan addımları dəstəkləyir. Prezident İlham Əliyev və onun hakimiyyət komandası isə ən güclü dayağa söykənməklə dövlətimizi irəliyə aparmağa qadirdir.
Sözsüz ki, bu gün hakimiyyətin daşıdığı missiya məsuliyyətlidir, ağırdır. Lakin Prezident İlham Əliyevin siyasi gücü, qabaqcıl dünyagörüş sahibi olması, intellektual imkanları, idarəetmə məharəti bu məsuliyyətin öhdəsindən layiqincə gəlməyə imkan verir.