AXCP (i) ilə Müsavat arasında münaqişə yenidən alovlanmaqdadır
Uzun müddətdir ki, radikal düşərgədə qalmaqal davam etməkdədir. Bu qarşıdurmanı yaradanlardan biri də AXCP (i) sədri Əli Kərimovla, Müsavat partiyasının başqanı İsa Qəmbərovdur. Bunlar hər ikisi müxalifət düşərgəsinin iflic olmasında birbaşa günahkardırlar. Düzdür, digər "bəy"lər də günahsız deyil. Belə ki, AMİP lideri Etibar Məmmədov, "MBH" lideri Lalə Hacıyeva, ALP-nin sədr əvəzi Əvəz Temirxan, "ACP"-nin lideri Rəsul Quliyev, Pənah Hüseynov və bu tip "siyasilər" də müxalifətin iflic olmasında, mənfi müxalifət imicinin formalaşmasında günahkardırlar. Təbii ki, nə etsələr də, günahları bağışlanan deyil. Günahkar, siyasətdən uzaq "bəy"lər uçurumda olduqlarının fərqində olmayaraq, hələ də iyrənc əməllərindən, biri-biriləri ilə didişmələrindən əl çəkmirlər. Yeni ittihamlar, yeni yalanlar. Hər kəs bilir ki, bu əməllər onların gündəlik fəaliyyətləridir. Əgər İ. Qəmbərov, Ə. Kərimov və digərləri bu cür iyrənc hərəkətlər etməsələr, yaşaya bilməzlər.
"AXCP" (i) Müsavatla birlik yaratmaq istəsə də, qarşı tərəf buna etirazını bildirib. Özünü "ana müxalifət" partiyası adlandıran Müsavat partiyası rəhbərliyində təmsil olunan Arif Hacıyev "AXCP" (i)-nin birləşmək təklifinə belə münasibət bildirib: "Biz Müsavat partiyası olaraq, AXCP (i) ilə birləşmək niyyətimiz yoxdur. Çünki onların sosial bazası həddən artıq zəifdir. Həm də bu partiyanın sədri Əli Kərimovun müxalifətin zəifliyində, seçkilərdə məğlubiyyətə uğramasında günahkardır. Bundan əlavə, Əli "bəy" "Azadlıq" blokunun heç bir uğur qazanmamasında da günahkardır." Sözsüz ki, Müsavat funksionerinin bu cür fikirlərinə qarşı tərəfdən - Ə.Kərimovun partiyasından reaksiya gəlib. Adıçəkilən partiyanın sədr müavini Nurəddin Məmmədli mətbuata açıqlamasında qeyd edib ki, biz kiminləsə birləşməkdə o qədər də maraqlı deyilik. "Bu, sadəcə, bir təklifdir. Yəni belə bir təkliflə çıxış etmişik, lakin qarşı tərəf bunu qəbul etmədi. Ancaq onu da nəzərə alın ki, biz gücümüzə görə onlardan daha güclüyük"-deyə N. Məmmədli əlavə edi.
Bu da, onu göstərir ki, radikal "bəy"lərə etibar yoxdur. Onlar öz şəxsi maraqlarına görə, öz dostlarından belə keçməyə hazırdırlar.