Deyəsən, müxalifət rəhbərlərinin "çörəyi" didişmələrdən çıxdığı üçün onların qarşıdurması ara vermir. Bəlkə də, elə buna görədir ki, bu proses getdikcə kəskinləşməkdədir. Əslində, bizi bu qənaətə gətirən əsas məqam, radikalların ardınca heç kimin, hətta ətraflarındakı beş-üç nəfər adamın da getməməsi və onların qarşıdakı bələdiyyə seçkilərində növbəti rüsvayçı məğlubiyyətə düçar olacaqlarını indidən bilmələridir. Bu adamların yeganə istəyi, hay-küy yaratmaqla gündəmdə qalmaq və xarici qurumlara yaltaqlanıb qrant almaqdır.
Əksər analitiklər belə bir məsələni gündəmə gətirirdilər ki, ola bilsin, qarşıdakı bələdiyyə seçkiləri ərəfəsində müxalifət partiyalarının bir çoxu daxili düşmənçiliyi ikinci plana keçirsin və müəyyən məsələlərə görə, bir araya gəlsin. Düzdür, bir sıra müxalifət partiyalarının rəhbərləri də müəyyən müddət ərzində, bu istiqamətdə bir az açıq, bir az da gizlin şəkildə addımlar atmağa cəhd etdilər. Məsələn, "KAXCP" sədri Mirmahmud Fəttayev və digərləri müxalifət partiyaları arasında inteqrasiyaya nail olunması və mövcud ziddiyyətləri aradan qaldırmaq üçün bir sıra təkliflərlə çıxış etsələr də, sonda Müsavat və AXCP (i)-nin təxribatları nəticəsində, bu siyasi qüvvələrin bir araya gətirilməsi istiqamətindəki cəhdlər rüsvayçılıqla nəticələndi.
Müsavat və "Yurd" rəhbərləri, demək olar ki, açıq şəkildə müxalifət partyalarının bir araya gəlməsinə mane olmaqla, əslində, öz ənənəvi parçalamaq metodlarını qüvvədə saxladıqlarını nümayiş etdirirlər. Doğrudur, ötən prezident seçkiləri ərəfəsi, həmişə olduğu kimi, bir sıra qurum və birliklər yaratmaq təklifini irəli sürən radikal partiya sədrləri seçki məqamı yetişdikdə, işlər tamam başqa hal aldı. Belə ki, bu təkliflər düşərgə sakinləri arasında yaranmış qarşıdurmanı kulminasiya nöqtəsinə çatdırdı. Nisbətən konstruktiv siyasi qüvvələr, onları müxalifət düşərgəsindən silməyə çalışan radikal qrup müxalifəti parçalamaqda və siyasi sifarişlə işləməkdə ittiham edirlər.
O cümlədən, Ədalət, BQP, "Ümid" və digər partiyalar belə hesab edirlər ki, Müsavat, ADP, ALP və AXCP (i)-nin daxil olduğu qruplaşma, əslində, müxalifətin qarşıdakı bələdiyyə seçkiləri ərəfəsində dağıdılmasına xidmət edən bir missiyanı öz üzərinə götürüb. Onlar hesab edirlər ki, radikallar bu addımı atmaqla, əslində, qarşıdakı yerli özünüidarəetmə orqanlarına seçkilərin keçirilməsi ərəfəsində özlərini beynəlxalq təşkilatların gözünə "əsil müxalifət" kimi soxmağa və qarşıdakı illər üçün qrant almağa çalışır. Bundan başqa, siyasi qüvvələrin ortaya çıxmasına qarşı çıxış edirlər. Lakin ən maraqlı situasiya odur ki, həmin radikal partiya sədrləri öz aralarında böyük problemələr yaşamaqdadır. Artıq ALP funksioneri Əvəz Temirxan öz "müttəfiqləri"ni ittiham etməyə başlayıb. Onun əsas ittihamı, ilk növbədə, həm Müsavat, həm də AXCP (i) təmsilçilərinin seçki zamanı əsas strukturları ələ almağa çalışmalarıdır. Ə.Temirxan onları qeyri-real işlərlə məşğul olmaqda suçlayır. Onun fikrincə, bu qüvvələr, həmişə olduğu kimi, yenə də öz murdar niyyətlərini ortaya qoyurlar.
Daima belə metodların işə salındığını vurğulayan Ə.Temirxan, bu prosesin qarşıdakı müddətdə belə davam edəcəyi təqdirdə, daha kəskin açıqlamalarla çıxış edəcəyini bildirib.
Müxalifət düşərgəsində "birlik" nümayiş etdirməyə çalışan və xalq arasında itmiş imicini gündəmə gətirmək istəyən AXCP (i) sədri Əli Kərimov isə, radikal müxalifət liderlərinə qoşulmayanları şantaj etməklə, onları siyasətçi saymadığını bildirib. Əski müsavatçı Rasim Musabəyov AXCP (i) sədri Ə.Kərimovun bu çıxışlarına münasibət bildirərək, qeyd edib ki, o, arxivi qurdalamaqla, qarşıdakı seçki ərəfəsində xalq arasında imicini artırmaq məqsədi güdür. R.Musabəyov Ə.Kərimovun şantajçı olduğunu deyərək, bildirib ki, görünür, "Yurd" şefi bu seçkilərdə varlığını nümayiş etdirməklə, 2010-cu ildə keçiriləcək parlament seçkilərinə qədər özünü sığortalamaq istəyir. Sabiq Divan üzvü R.Musabəyov 2005-ci ildə parlament seçkiləri zamanı irəli sürdükləri tələbləri AXCP (i) sədri Ə.Kərimovun yenidən yada salaraq, mətbuatda çıxış etməsini "Yurd" sədrinin səviyyəsizliyini təsdiqləyən amil kimi vurğulayıb: "Ə.Kərimov ötən seçkilərdə, müstəqil olaraq, namizədliyimi verdiyim üçün, guya Müsavat partiyasından kənarlaşdırılmağımız barədə danışır və bu gün də yenidən bu məsələ ilə bağlı fikir söyləyir. Yaxşı olar ki, Ə.Kərimov öz partiyasında sədr kimi qiymətləndirilməsi ilə bağlı bir yol axtarıb tapsın. Partiyasında sayılmadığı halda, başqalarının daxili işlərinə, o, hansı haqla qatılır? O, nəinki cəmiyyət tərəfindən, həm də, bütün müxalifət tərəfindən qəbul edilməyən "siyasətçi"dir. Əgər belə demək olarsa, Ə.Kərimov siyasətçi yox, şantajçıdır."
R.Musabəyov o vaxt Ə.Kərimova dediyi sözləri bir daha xatırlatdı: "Məni Müsavatdan çıxarmaq qeyri-mümkündür. Hələ o vaxt Müsavat başqanı İsa Qəmbərov bu məsələni gündəmə gətirə bilməyə qadir olmadığı halda, sizin kimi partiyada lider sayılmayan sədrin belə bir rəy söyləməsi, ancaq gülüncdür. İ.Qəmbərov Müsavatda nə qədər ki, partiyaya sədrlik edir, mən həmin partiyada fəaliyyət göstərməyəcəyəm."
R.Musabəyov istər Ə.Kərimovun, istərsə də İ.Qəmbərov kimilərin 2010-cu ildə keçiriləcək parlament seçkilərinə qədər özlərini sığortalamaq üçün növbəti səviyyəsiz və düşünülməmiş fikirlər söylədiklərini bildirib. Həmçinin, 2008-ci il prezident seçkisindən sonra fikirlərini bir daha onlara xatırlatdı: "Bu gün həm Müsavat, həm də AXCP (i) bir ola bilməz, həmişə də yolları ayrı olub. Bu, belə də olmalıdır. Çünki hər iki partiya sədri öz partiyalarının funksionerləri tərəfindən də sədr sayılmırlar. İkincisi isə, Ə.Kərimov kimilər artıq xalq tərəfindən arxivə atılıblarsa, hansı seçkiyə getməkdən danışmaq olar? Yaxşı olar ki, Ə.Kərimov gedib ticarətlə məşğul olsun. Çünki beynəlxalq təşkilatlardan aldığı qrantlarla bu günə kimi yaxşı dolanıb."