PDF Oxu

Müxalifət

  • 14

Müsavatda ara yenidən qarışıb

Müsavatda ara yenidən qarışıb
Müxalifət düşərgəsində təmsil olunan partiyalararası qarşıdurmalar gərginləşərək, özünün kulminasiya nöqtəsinə yüksəlib. Artıq bəzi partiyaların funksionerləri bir-birinə kin-küdurətini yumruqla ifadə etməyə çalışırlar. "Azadlıq" partiyasının sədri Əhməd Orucov ADP sədri Sərdar Cəlaloğlu ilə aralarında olan düşmənçiliyi küçə döyüşü ilə aradan qaldırmağı təklif edib. Bununla belə, Ə.Orucov S.Cəlaloğluna yazığı da gəldiyini söyləyib: "Sərdar Cəlaloğlu qocalıb, dişləri də tökülüb, beli də əyilib, buna görə ona yazığım gəlir. Fiziki gücümü ona sərf etməyə heyifim gəlir".
Xatırlatmaq lazımdır ki, Ə.Orucovdan fərqli olaraq, ALP-nin sədr əvəzi Əvəz Temirxan AXP-nin keçmiş sədri Pənah Hüseynova qarşı zor tətbiq etmişdir. Nəticədə P.Hüseynovun qolu sınmış və ağır vəziyyətlə əlaqədar P.Hüseynovun qolu iki aya yaxın "gips"də qalmışdır. Sonrakı mərhələlərdə Müsavatın icra aparatının rəhbəri Arif Hacıyevlə AXCP (i) sədri Əli Kərimov arasında siqaret külqabının bir-birinə atılması qovğası yaşanmışdır. Hazırkı proseslərdə "Ümid" partiyasının sədri İqbal Ağazadə Müsavat başqanı İsa Qəmbərovu boksla "nokaut"a salacağı ilə hədələyir. Ultimativ hədəyə İ.Qəmbərovun cavab verməməsi, onun İ.Ağazadədən qorxduğunu göstərir. Baxmayaraq ki, aradabir İ.Qəmbərovun müavinləri Mehman Cavadoğlu, Arif Hacıyev və Ali Məclisin sədri Sülhəddin Əkbər "Ümid" sədrində sabah ümidsizlik yaratmaq niyyəti ilə sərt ultimativ bəyanatlarla çıxış edirlər. Dünənki mətbu orqanlara verdiyi açıqlamasında Müsavat başqanının müavini M.Cavadoğlu İ.Ağazadəni hakimiyyətin qazanının dibini yalamaqda və hakimiyyətin sifarişini yerinə yetirməkdə günahlandırıb. M.Cavadoğlu İ.Ağazadəni cəzalandırmaq üçün tədbirlər hazırladıqlarını da söyləyib. Amma maraqlıdır ki, başqan müavini həmin cəza tədbirinin nədən ibarət olduğunu sirr saxlayıb. Sadəcə, "hər kəs həmin cəza tədbirinin nə qədər sərt olduğunu görəcək" deməklə kifayətlənib.
Bu günlər müxalifətyönlü qəzetlərin birində "İsa Qəmbərov PKK casusudur" başlıqlı yazının R.Arifoğlu tərəfindən sifariş edildiyi də üzə çıxıb. Məlum olub ki, İ.Qəmbərovun Türkiyədə kürdlərlə görüşməsini özünəməxsus formada şərh edən R.Arifoğlu qəzetlərə maraqlı manşetli informasiyalar ötürüb.
Diqqətçəkən məqam ondan ibarətdir ki, "PKK-a casusu" haqqında məlumatın AKP-nin İstanbul bölməsinin sədr müavini Nehal Şaşoğlu tərəfindən çıxarıldığı iddia olunur. Ancaq İ.Qəmbərov N.Şaşoğlu ilə məsələni aydınlaşdırarkən, ikinci yayılan məlumatı təkzib edib və məsələdə adının hallandırılmasının yolverilməz olduğunu söyləyib. Məhz bundan sonra daşın hansı səmtdən və kim tərəfindən atıldığını araşdıran İ.Qəmbərov sonda R.Arifoğlunun üzərində dayanıb.
Yəqin ki, kifayət qədər ciddi ittihamlarla üzləşən İ.Qəmbərov R.Arifoğlundan qisas almağa çalışacaq. Ən azı "Yeni Müsavat" qəzetinin təsisçisi olaraq, qəzetin qapadılmasına çalışacaq. Bununla da, R.Arifoğlunun mövcudluğuna son qoyulacaq. Hər halda başqa cəza tədbirini güman etmək mümkün deyil.

Digər xəbərlər