“Azadlıq” bloku rüsvayçı vəziyyətdədi Blokdaxili qalmaqal səngimək bilmir
Məlumdur ki, "Azadlıq" bloku yarandığı gündən cəmiyyətdə öz passivliyi, fəaliyyətsizliyi, çarəsizliyi və heç bir iş görməməsi ilə yadda qalıb. Bu blok, kənardan baxarkən, yataqda can verən xəstəni xatırlardır.
Belə ki, blokda təmsil olunan ALP, "MBH", "VİP" və AXCP (i) partiyalarının rəhbərləri bir-birilərinə kəskin nifrət bəsləyir və aralarındakı münaqişələrə son qoymurlar. "MBH"-nin rəhbəri Lalə Hacıyeva özünü müxalifətçilər arasında əvəzedilməz lider hesab edərək, keç kimi saymır və müxalifətçilərlə yola getmir. L.Hacıyeva "Azadlıq" blokunun fəaliyyətsizliyində "MBH"-dən başqa digər 3 partiyanı günahkar bilir və onları müxalifətin üz qarası adlandırır. "ALP"-nin sədr əvəzi Əvəz Temirxan isə özünə hər zaman düşmən bildiyi Lalə Hacıyevanın "Azadlıq" blokundan çıxmasını tələb edir və bu fikrini onunla əsaslandırır ki, Lalə Hacıyeva müxalifətçilərə böhtan atmaqla məşğuldur. Təbii ki, iki qoçun başı bir qazanda qaynamaz. "Azadlıq" blokunu içi boş bir qazan hesab etsək və Lalə Hacıyeva ilə Əvəz Temirxanın qoçluq iddialarını nəzərdən keçirsək aydın başa düşərik ki, bu qazanda qoçluq eləmək istəyənlər heç nə əldə etməzlər.
Xatırladaq ki, Müsavat başqanı İsa Qəmbərovla hələ də münaqişəsi bitməyən "Azadlıq" blokundakı digər təmsilçi AXCP (i) sədri Əli Kərimov müxalifətçilərlə öz döyüşlərini bir neçə cəbhədə aparmaq fikrinə düşüb. Görünür ki, Əli Kərimovun əsas məqsədi rəqiblərini məğlub edərək, müxalifət düşərgəsində yalnız özünün liderlik etmək istəməsidir. Amma o özü hələ də başa düşmək istəmir ki, rəqibləri məğlub etmək üçün həm güclü siyasi bacarığa və həm də maddi bazaya malik olmaq lazımdır. Lakin həm siyasi gücü olmayan və həm də maliyyə cəhətdən zəif olan "Yurd şefi" heç bir nəticə əldə edə bilməyəcəyini anlamaq istəmir. Bəlkə də qəbul etmək istəmir. Axı məğlubiyyəti qəbul etmək çox çətindir. Heç bir siyasi bloku və heç bir hərəkatı bəyənməyən AXCP (i) sədri Əli Kərimov həm "Qarabağ və Respublika Uğrunda Hərəkat"dan və həm də "Azadlıq" blokundan razı deyil, amma hər ikisində rəhbərlik etdiyi partiya təmsil olunur. Ortaya maraqlı bir sual çıxır ki, əgər bu hərəkatı və bloku bəyənmirsənsə, nəyə görə təmsil olunursan? Əlbəttə, bu sual da cavabsız qalacaq, ona görə ki, onlara ünvanlanan suallar cavabsız qalır. Çünki son dərəcə yanlış iş görən müxalifətçilər sonradan əməl etdikləri işlərlə bağlı suallar qarşısında aciz qalırlar. Acizlik özünü güclü hesab edən siyasətçiyə yaraşmaz desək, yanılmarıq. Əli Kərimovun, İsa Qəmbərovun, Lalə Hacıyevanın, Etibar Məmmədovun və digər özlərinə siyasətçi deyənlərin acizliyini gözrəndə, yanılmadığımıza bir daha əmin oluruq. Bu cür biabırçılıqla siyasi səhnədə hələ də görünən bu insanların tezliklə bu səhnədən silinəcəkləri mütləqləşir. Qeyd edək ki, "Azadlıq" blokunda təmsil olunan digər bir partiya rəhbəri, yəni "VİP" sədri Əli Əliyev isə indiyədək sakitcə kənardan baş verənləri izləsə də, artıq susmağın yeri yoxdur deyib, fəaliyyətə başlayıb.