Əli Kərimovun manipulyasiyası
Hər kəsə bəlli olan fakt ondan ibarətdir ki, müxalifət düşərgəsində eyni mövqedə olan iki partiya tapmaq mümkün deyil. Partiyalararası qarşıdurmalar, çəkişmələr ümumilikdə müxalifət düşərgəsini iflic vəziyyətə salıb. Maraqlıdır ki, baş verən biabırçılıqların fonunda partiya sədrləri aralarında günahkar axtarırlar. Yəni qarşıdurmaların yaranmasında özlərini deyil, başqalarını ittiham edirlər. Bu isə anormal baxışlardan başqa bir şey deyil.
Fikir verin: "Ümid" partiyasının sədri İqbal Ağazadə Müsavat başqanı İsa Qəmbərov haqqında hər cür təhqiramiz ifadələr səsləndirir. Müsavat başqanı da "lox" olmadığını göstərmək üçün "Ümid" sədrini müavini Arif Hacıyev vasitəsilə söydürür. ADP sədri Sərdar Cəlaloğlu da arada bir "AXCP" (i) sədri Əli Kərimov haqqında özünün dediyi kimi faktlara istinad edən ittihamlar səsləndirir. Ə.Kərimov da ittihamları cavabsız qoymayıb sahibi olduğu "Azadlıq" qəzetində ADP-ni söyüb-təhqir edən palaz-palaz yazılar dərc etdirir. Bir sözlə, müxalifətin dil qəhrəmanları bir-birini gözdən salma kampaniyasında hər cür vasitə və üsullardan istifadə edirlər. Bunun müqabilində isə tərəflər müxalifətin pərakəndə və dağınıq halda olmasının günahını cəmiyyətin demokratik prosesləri bir o qədər qəbul edə bilməməsində axtarırlar. Hətta utanıb-çəkinmədən, deyərdim ki, həyasızcasına xalqa qarşı üzəduranlıq da edirlər. Misal kimi Ə.Kərimovun Türkiyənin Bursa şəhərində Azərbaycan bayraqlarına qarşı edilən hörmətsizlikdən sonra ictimai rəydə AKP hakimiyyətinə olan nifrətdən öz siyasi məqsədləri üçün istifadə etməyə cəhd etməsini göstərmək olar. Bu, dayaz düşüncəli məxluq bayraq məsələsi ilə bağlı xalqın etirazlarının əsassız olduğunu bildirməklə 5-3 nəfərdən ibarət olan cəbhəçiləri küçələrə çıxıb xalqla qarşıdurmalara yaratmağa çağırıb. Verilən informasiyalara əsasən, demək olar ki, üzdəniraq siyasətçi imici qazanan Ə.Kərimov 18 nəfər təxribatçı şəxs hazırlayıb və onların vasitəsilə şəhər küçələrində bayraq qalmaqalını daha ifrat formada nümayiş etdirməyi planlaşdırır. Bununla Ə.Kərimov Rəcəb Tayyib Ərdoğan hakimiyyətinin təslimçi mövqeyini dəstəklədiyini nümayiş etdirməyə çalışacağıq. Ancaq nəzərə almaq lazımdır ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinin real olduğu bir zamanda ölkədə çaxnaşma yaratmaq yalnız erməni dəyirmanına su tökmək deməkdir. Ərdoğanla eyni mövqedən çıxış etmək isə Qarabağda şəhid olan on minlərlə azərbaycanlı oğul və qızına hörmətsizlikdir. Təbii ki, bu yaramaz mövqeyi xalq bağışlamaz. Bəlkə də, Ə.Kərimov üçün vətən, torpaq, bayraq anlayışı şəxsi maraqlarından sonrakı mərhələdədir. Bunun real olduğunu da Ə.Kərimovun siyasi fəaliyyəti ərzində etdiyi kobud səhvlərlə xalqa, dövlətə zidd siyasəti ilə də görünür. Dəfələrlə Ə.Kərimov anti-Azərbaycan mövqeli xarici qüvvələrlə işbirliyi quraraq ölkədəki ictimai-siyasi sabitliyi pozmağa çalışıb. Bir neçə dəfə Azərbaycanın bölgələrində iğtişaşlar yaratmağa cəhd də göstərib.
Ə.Kərimov bayraq məsələsi ilə bağlı tutduğu anormal mövqe birinci hal deyil. Çünki hələ 2005-ci ilin noyabr ayının 26-da "Qələbə" meydanında keçirilən mitinq zamanı Ə.Kərimov Azərbaycan bayrağını yerə ataraq, "bu, mənlik deyil" demişdir. 2006-cı ilin aprel ayında keçirdiyi mətbuat konfransında Azərbaycan bayrağının zaldan çıxarılmasının vacibliyini söyləmişdir. Cəbhəçilərin dediyinə görə, Ə.Kərimov heç zaman Azərbaycan bayrağının kabinetində olmasını arzulamayıb. Yəni Ə.Kərimov Azərbaycan atributlarına biganəliyi, deyərdim ki, hörmətsizliyi onun xəmirinin müəyyən qatışıqlıqlardan yoğrulmasından irəli gəlir. Məhz bu və ya digər yaramaz əməllərinə görə də, cəmiyyət heç zaman Ə.Kərimovu qəbul etməyib. Söz yox ki, bu cür münasibət bundan sonra da fərqlənməyəcək.