Müxalifətçilər bələdiyyə seçkilərində uğur qazana bilməyəcəklərini özləri etiraf edirlər
Müxalifətçilər bütün seçkilərdən öncə, birləşmək və seçkilərdə bir blok kimi iştirak etmək qərarına gəlsələr də, dəfələrlə şahidi olmuşuq ki, onların bu arzuları reallaşa bilmir. Ötən illərdə keçirilmiş seçkilərdən əvvəl hər zaman müxalifətçilər arasında toqquşmaların baş verdiyini görmüşük.
Bu dəfə də onlar öz adətlərini pozmayıb yenə də bələdiyyə seçkisi öncəsi bir-birlərinə düşmən kəsildilər. "Qarabağ və Respublika Uğrunda Hərəkat"da təmsil olunan müxalifətçi partiyaların aralarındakı narazılıqlar daha da böyüməyə başlayıb. Bu münaqişələrin bələdiyyə seçkisi öncəsində yaranması və sürətlə böyüməsi heç də təsadüfi deyil. Onlar özləri də bilirlər ki, seçkilərdə qələbə qazanmaq müxalifətçilər üçün yalnız yuxu ola bilər, həyatda bu, real olaraq, heç vaxt baş verə bilməz. Təbii ki, bu fikirlərin xalq arasında qətiyyətli, birmənalı olaraq, qəbul olunması ona görədirir ki, müxalifətçilərə millətimiz arasında inam qalmayıb. Yaranmış bu inamsızlıq özünü bütün seçkilərdə göstərdiyi kimi, bu ilin dekabr ayında keçiriləcək bələdiyyə seçkilərində də göstərəcək.
Hazırda AXCP (i) sədri Əli Kərimovla Müsavat başqanı İsa Qəmbərov arasında yaranmış münaqişənin əsas səbəblərindən biri Müsavat partiyasının "Qarabağ və Respublika Uğrunda Hərəkat"dan ayrılmasıdır. Belə ki, Ə.Kərimov İ.Qəmbərovu seçki öncəsi müxalifətin birliyini pozmaqda ittiham edir. "Yurd" şefi bildirib ki, İsa Qəmbərov partiyasını hərəkatdan ayırmaqla ALP, AXCP (i), "VİP", Müsavat, ADP və "Ümid" partiyaların yaratmış olduğu birliyə bələdiyyə seçkisi öncəsi ən böyük zərbəni vurmuş olub. Digər partiyaların rəhbərləri isə hərəkatdan tezliklə AXCP (i) partiyasının da ayrılacağını düşündükləri üçün İsa Qəmbərovu bir o qədər də qınamırlar. Çünki onlar çox yaxşı bilirlər ki, Ə.Kərimovda öz adətinə xilaf çıxmayaraq, aralarında guya yaratmış olduqları birliyi tezliklə kölgə altında qoyacaq. Maraqlısı budur ki, Müsavat başqanını günahkar hesab edən AXCP (i) sədri bir neçə gün öncə təmsil etdiyi partiyanın da "Qarabağ və Respublika Uğrunda Hərəkat"dan ayrılacağını söyləyib.
Deyəsən, Ə.Kərimov, həqiqətən, nə etdiyini, nə danışdığını bilmir. Yəqin ki, bu, bələdiyyə seçkisi öncəsi AXCP (i) rəhbərliyinin seçkiyə hazırlaşa bilməyib, psixoloji gərginlik keçirməsi ilə bağlıdır. Psixoloji gərginlik keçirən bütün müxalifətçilərdir desək, yanılmarıq. Həmçinin, bir müddət öncə, AXCP (i) sədrinin birinci müavini Fuad Mustafayevin istefa verməsi də Ə.Kərimovu sarsıdıb. Ona görə ki, artıq "Yurd" şefi həm partiya daxilində və həm də, ümumilikdə, müxalifətçilər arasında tək qaldığını başa düşüb. Sonda, onu da qeyd etmək lazımdır ki, müxalifətçilərin hər biri tək qalıb. Səbəb isə onların yalnız öz mənafelərini düşünərək siyasət yürütməsi və bir-birlərinə düşmən mövqe tutmalarıdır.