PDF Oxu

Müxalifət

  • 8

“Qarabağ və Respublika Uğrunda Hərəkat” dağılır

“Qarabağ və Respublika Uğrunda Hərəkat” dağılır
Müxalifətin səmərəsiz işlərindən daha biri öz acınacaqlı nəticəsini verməkdədir. Belə ki, bir müddət öncə ADP, Müsavat, "VİP", AXCP (i) və "Ümid" partiyalarının birləşərək yaratdıqları "Qarabağ və Respublika Uğrunda Hərəkat"dan Müsavat partiyası çıxıb. Bu partiya sədrlərinin tarix boyu bir-biriləri ilə yola getmədikləri ölkə ictimaiyyətinə onsuz da bəllidir.
Lakin partiya rəhbərləri hər dəfə yollarının ayrılacaqlarını bilsələr belə, hansısa hərəkatda, təşkilatda birləşməyə cəhd edirlər amma yenədə biabır olurlar. Hazırda isə Müsavat partiyasının hərəkatdan ayrılmasının əsas səbəbi onların fikirlərinin İqbal Ağazadənin rəhbərlik etdiyi "Ümid" partiyası ilə ziddiyyət daşımasıdır. Müsavat başqanı İsa Qəmbərov "Ümid" partiyasının sədri İqbal Ağazadəni hakimiyyətə meyilli siyasət yürütməkdə günahlandırır, "Ümid" partiyasının Azərbaycanın siyasi səhnəsindən silinməsini istəyir və bütün müxalifət partiyalarının rəhbərlərini İqbal Ağazadəyə qarşı çıxmağa çağırır. Lakin hər dəfə qarşılıqlı böhtanlar üzərində siyasətini formalaşdıran müxalifətçilərin digər bir təmsilçisi olan "Ümid" partiyasının rəhbəri bu dəfə də geri qalmayaraq bildirib ki, 15-16 oktyabr 2003-cü il tarixində müxalifətçilərin çirkin əməlləri nəticəsində ölkəmizdə baş verən iğtişaşlar zamanı əsas günahkarlar Müsavat partiyasının rəhbərliyidir. İ.Ağazadə Müsavatın hər zaman ölkə də iğtişaş yaratmaq niyyətinin olduğunu bildirir və öz fikirlərinin üzərində qətiyyətlə dayanaraq söyləyir ki, İsa Qəmbərovun rəhbərlik etdiyi partiya bu hərəkatda təmsil oluna bilməz. İsa Qəmbərov isə "Qarabağ və Respublika Uğrunda Hərəkat"dan çıxmalarının səbəbini "Ümid" partiyasının burada təmsil olunmasında olduğunu bildirib.
Şübhəsiz ki, bu dəfə də, bu qarşıdurmanı kənardan izləyən və öz maraqlarını təmin etməyə çalışan hərəkat daxilində ki, ADP, AXCP (i), "VİP" və ALP kimi müxalifət partiyaları müvəqqəti qruplaşma yaradaraq bir-birləri ilə savaşan bu iki partiyanın məhv olmasına çalışacaqlar. Onların bu arzularına nə dərəcədə nail olacaqları sual altındadır. Ümumiyyətlə, müxalifətçilərin hər bir işi sual altındadır. Onu da qeyd etmək lazımdır ki, son günlər artıq AXCP (i) sədri Əli Kərimov da hərəkatın səmərəsizliyindən şikayətlənib. O da hərəkatın fəaliyyətsizliyini, passivliyini əsas səbəb kimi göstərərək, yaxın gələcəkdə "Qarabağ və Respublika Uğrunda Hərəkat"dan ayrılmaq istəklərinin olduğunu bildirib.
Proseslər belə davam edərsə, çökmüş vəziyyətdə olan "Qarabağ və Respublika Uğrunda Hərəkat" sürətlə məhv olacaq. Onsuz da bu hərəkat yarandığı gündən etibarən heç bir uğurlu fəaliyyət göstərmədiyi üçün xalqın ona inamı yox idi. Sonda onu da mütləq qeyd etmək lazımdır ki, Azərbaycanda müxalifət bir araya gəlirsə, deməli, onlardan heç bir uğurlu fəaliyyət gözləmək olmaz.

Digər xəbərlər