Rəsul Quliyev “ACP”-yə yardım etmir
Siyasətdən uzaq "bəy"lərin yaratmış olduğu partiyalar biri-birinin ardınca tarixin arxivinə atılırlar. Tarixdə yalnız pis əməlləri ilə, şər-böhtanları ilə "iz" buraxan müxalifət "ağa"ları artıq siyasi fəaliyyətlərinin (əgər buna siyasi fəaliyyət demək mümkünsə) son günlərini yaşayırlar. "Bəy"lərin xarici qrantlardan da əli üzülüb. Onlar artıq radikal müxalifət düşərgəsinə yardım etmirlər. Bütün yardımlardan uzaqlaşan "bəy"lər hazırda çıxılmaz vəziyyətdədirlər. Bir tərəfdən də, partiyadaxili və partiyalararası intriqalar ara vermir. AMİP lideri Etibar Məmmədov, "MBH" lideri Lalə Hacıyeva və "ACP" lideri Rəsul Quliyevin "ənənəsini" davam etdirərək, gələn ildən Müsavat lideri postuna yiyələnmək istəyən İsa Qəməbərov bu fikrindən vaz keçməli olub. Buna səbəb isə, partiyadaxili quruplaşamaların Müsavatda gərginlik yaratmaları və biri-biriləri ilə mübarizə aparmalarıdır. Ümumiyyətlə, gedən proseslər onu göstərir ki, İsa "bəy"in partiyası yaxın zamanlarda siyasətdən gedəcək. Nəinki Müsavat, eləcə də, digər obyektivlikdən uzaq olan radikal müxalifət partiyaları - AXCP (i), AMİP, ALP və digərləri də siyasətlə vidalaşmalı olacaqlar. Bir də ki, onlar heç zaman fəaliyyət göstərməyiblər.
Ən acınacaqlı vəziyyət isə, Rəsul "ağa"nın lideri olduğu (bu partiya nədir ki, onun da lideri olasan) "ACP"-dədir. Ümumiyyətlə, adıçəkilən partiya dünyaya ölü doğulub. Nə bir fəaliyyəti, nə sədri, nə də sosial bazası olub. R.Quliyevin okeanın o tayından göndərdiyi pul-para hesabına bir təhər də olsa, gün görən "ACP" indi isə, tamamilə ac qalıb. Ac "ACP"-yə heç bir yardım göstərməyən Rəsul "bəy", deyəsən, anlamağa başlayıb ki, siyasət, partiya lideri olmaq onluq deyil. Gərək hər kəs oynaya biləcəyi havanı sifariş versin. R.Quliyevin çaldırdığı hava isə elə onun və "ACP"-nin məhvi ilə nəticələndi. Bu partiyaya bir müddət sədrlik edən Akif Şahbazov hazırda Biləsuvarda heyvandarlıqla məşğul olur. Yəqin Akif "bəy" anlayıb ki, heç bir perspektivi olmayan partiyaya sədrlik etməkdənsə, kənddə mal-qoyun saxlamaq daha sərfəlidir.
Beləliklə, bu partiya da necə gəldisə, o cür də getdi.