Müsavat Bərdə və Yevlaxda qarşıdurma yaratmağa cəhd göstərib
Hələ avqust ayından bəzi siyasi partiyalar bələdiyyə seçkilərinə qeyri-rəsmi də olsa, start vermişdirlər. Ayrı-ayrı partiyalar seçkilərdə iştirak edəcək namizədlərini müəyyənləşdirir, seçki taktikalarını yenidən müzakirə edirlər. MSK-nın seçkilərə rəsmi start verdikdən sonra siyasi partiyaların taleyüklü tədbirə hazırlıq işlərinin daha fəallaşdığı müşahidə edilir.
Amma bir məsələ var ki, əgər xalqın partiyası olan Yeni Azərbaycan Partiyası seçkilərə konstruktiv, seçicilərin istək və maraqlarına uyğun hazırlıq görürsə, radikal partiyalar, xüsusilə də, AXCP (i), Müsavat, ALP və bu kimi digər partiyalar tədbirə dağıdıcı xislətlərini ortaya qoymaqla hazırlaşırlar. Həmin radikallar gah boş və mənasız bəyanatlarla çıxış edir, gah da pozucu ünsürlərdən olduqlarını göstərən icazəsiz aksiyalar keçirirlər. Bir neçə gün əvvəl Müsavat və AXCP (i)-nin tör-töküntüləri olan 6-7 öyrədilmiş gəncin Elmlər Akademiyasının qarşısında məram və məqsədlərini bilmədikləri şüarlarla piket keçirməyə cəhd etmələri Əli Kərimovun, İsa Qəmbərovun və digərlərinin niyyətlərinin xəstə təxayülünün məhsuludan uzağa getmədiyini ortaya qoydu. Lakin bu kimi pozuculuq əməlləri radikal ünsürlərə istədikləri uğuru gətirməyir. Çünki anlaqsız olaraq, qruplara qoşulan müxalifətçi gənclər Ə.Kərimovun və İ.Qəmbərovun gənclər siyasətlərinin dağıdıcı xarakter daşıdığını başa düşdüklərindən səhv yoldan döndüklərini bəyan edirlər. Bu isə radikalların sıralarının daha da daralmasına gətirib çıxarır. Düzdür, İ.Qəmbərov xaricdən aldığı təlimatı yerinə yetirmək üçün bəd xarakterli siyasətini mərkəzdən bölgələrə keçirməklə fəaliyyətini davam etdirməyə çalışır. Bu yolda İ.Qəmbərov muzdlu dəstələrdən təlimat almış yaxınlarından belə istifadə etməkdən çəkinməyir. İki gün öncə, İ.Qəmbərovun təlimatı əsasında bir neçə pulla ələ alınmış şəxsin Bərdə və Yevlax rayonlarında pozuculuq aktları həyata keçirməyə cəhd göstərmələri yuxarıda qeyd olunanlara misal ola bilər.
Artıq xəbər verdiyimiz kimi, Müsavatın icra aparatının rəhbəri Arif Hacıyev, partiyanın komissiya sədri Mustafa Hacıbəyli, Müsavatın Sumqayıt şəhər təşkilatının sədri İkram İsrafil və Bərdədən olan bir neçə xuliqanlıqda ad çıxarmış müsavatçı polislə qarşıdurma yaratmağa və bununla da, rayon əhalisinə meydan oxumağa çalışıblar. Onlar rayon mərkəzində icazəsiz aksiya keçirib, bələdiyyə seçkiləri ilə bağlı ağılsız proqramlarını səsləndirməyə ümid bəsləyiblər. Düzəldilən şoular, yaradılan məzhəkələr nəticəsiz qalıb. Çünki rayon ictimaiyyəti onsuz da televiziyalarda yayımlanan bayağı şoulardan bezdiklərindən çağrılmamış qonaqların şit hərəkətlərinə ironiya ilə münasibət göstəriblər. Qısası pozuculuq niyyəti ilə rayona gəlmiş müsavatçılara etinasız yanaşıblar. Bu da, bomba üstündə oturmuş kimi, müsavatçıları qəzəbləndirib. Dövrü mətbuatın diqqət mərkəzinə çevrilmək üçün başda A.Hacıyev olmaqla, rayon əhalisini daşa basıblar. Məlumata görə, atılan daşlar bir neçə avtomaşının şüşəsini sındırıb, iki nəfər Yevlaxdan, dörd nəfər isə Bərdə rayonundan xəsarət alıb. İnsanların məsələyə fəal yanaşması çağırılmamış qonaqların zərərsizləşdirilməsinə gətirib çıxarıb. Məlumata görə, bir neçə fəal gənc pozuculuq törətmək üçün rayona gəlmiş müsavatçıları şəhərdən çıxarmışlar. Maraqlıdır ki, qovulan müsavatçılar sonradan mətbuata verdikləri açıqlamalarında amplualarına uyğun fikirlər səsləndiriblər. Uydurulmuş fikirlərlə bələdiyyə seçkiləri ərəfəsi qəhrəmanlara çevrilməyə çalışıblar. Ancaq ictimaiyyət ümummüxalifətin xislətinə və fəaliyyət sferasına bələd olduqlarından dil qəhrəmanlarının ucuz şou yaratmaq niyyətləri də, nəticəsiz qalacağı şübhəsizdir. Bu, reallıqdır və kifayət qədər faktlara söykənir.