PDF Oxu

Müxalifət

  • 10

Radikal liderlər can üstündə

Radikal liderlər can üstündə
Məlum olduğu kimi, MSK-nın bələdiyyə seçkilərinin vaxtını elan etdikdən sonra müxalifət düşərgəsində çaxnaşma və vurnuxmalar daha da şiddətlənib. Heç bir iş görə bilməyən ənənəvi müxalifət funksionrləri ancaq müxtəlif ideya və təkliflər irəli sürməklə məşğuldurlar.
Özünü müxalifətin "ideya generatoru" adlandıran Pənah Hüseynov da ziddiyyətli açıqlamalar verib. Əgər yada salsaq ki, Müsavat deputat qrupunun üzvü hələ ötən ilin sonunda verdiyi açıqlamasında bildirirdi ki, 2009-cu il bələdiyyə seçkiləri ənənəvi müxalifət və onun liderləri üçün son şans olacaq. Hətta millət vəkili onların adlarını da çəkmişdi. Onun siyahısında Müsavat başqanı İsa Qəmbərov, ALP lideri Lalə Hacıyeva, AMİP lideri Etibar Məmmədov, "ACP" lideri Rəsul Quliyev və AXCP (i) sədri Əli Kərimovun adları var idi.
P.Hüseynov, hətta bu adamlara qarşı ittihamlarla çıxış etməklə yanaşı, onlara öz məsləhətlərini də verirdi. P.Hüseynov, bu adamların qarşısında çıxış yolu qoyaraq liderlərin yeganə çıxış yolunu seçkilərdə birlik nümayiş etdirməkdə görürdü. Bu gün isə, P.Hüseynov əvvəlki uğursuzluqla üzləşməmək üçün bələdiyyə seçkiləri ərəfəsində müxalifətin "bir blokda" birləşməsi təklifini irəli sürür. Siyasi müşahidəçilər isə, bu tezisin Müsavat mətbəxində hazırlandığını bəyan edirlər. Belə düşünməyə kifayət qədər əsaslar da var. Ona görə ki, bu tezislər təxminən Müsavat başqanı İsa Qəmbərovun tezislərinə oxşayır. Ötən il başqan da prezident seçkilərinə münasibət açıqlayarkən, müxalifətin vahid namizəd deyil, vahid elektorat uğrunda mübarizə aparmasını vacib saymışdı. Bu da təəccüb doğurmur. Çünki əslində, başqan yaxşı bilir ki, o, şansını 2003-cü ildə qeyb edib bir daha müxalifətin vahid namizədinə çevrilə bilməz.
Təbii ki, bunu P.Hüseynov da yaxşı bilir, ona görə də, hazırkı siyasi müttəfiqinin maraqlarından çıxış edir. Çünki Müsavat deputat qrupunun üzvünə məlumdur ki, "ACP" lideri Rəsul Quliyevlə, AMİP lideri Etibar Məmmədovun məğlubiyyətlə barışıb siyasi səhnədən getməyə hazırlaşdıqları yaxın günlərin məsələsidir. Əli Kərimov, Lalə Hacıyeva kimi liderlərin isə müxalifətin vahid namizədinə çevriləcəyi inandırıcı deyil. Bu siyasətçilər özlərinin siyasi reytinqlərini yaxşı bildiklərindən, bu seçkilərdə də boykot taktikasına əl atıblar.
Əslində, P.Hüseynovun fikirləri həqiqətə uyğundur. Həqiqətən də, 2008-ci il prezident seçkiləri İsa Qəmbərov üçün son şans oldu. Seçkilərə qatılıb məğlub olan İ.Qəmbərovun siyasi səhnədən çəkilməkdən başqa yolunun qalmayacağı uşağa da aydındır.
Bu kontekstdə "Azadlıq" liderlərini seçkiləri boykotdan danışmağa vadar edən təkcə vahid namizəd məsələsinin həll edilməməsi deyil, həm də seçkilərdə iştirakın perspektivsizliyini dərk etmələri idi. Müsavat başqanını seçkilərə göndərən partiyadaxili qruplaşma liderləri də İsa Qəmbərovun rüsvayçı məğlubiyyətə uğrayacağını gözəl bildiklərindən, İsadan sonrakı dövr üçün partiyaya sədrlik imkanlarını artırmağa çalışırdılar. Başqan da seçkidə iştirak edib məğlub olacağını və siyasətdən gedəcəyini bilirdi. Amma onun başqa yolu yox idi. Ona görə də, əvvəlki seçkidə olduğu kimi, boş xülyalarla yaşayan Müsavat müxalifət düşərgəsində nüfuzunu tamam itirməmək və "ana müxalifət lideri" statusunu kimsəyə verməmək üçün qarşıdakı bələdiyyə seçkilərində iştirak etməyi məqsədəuyğun sayır. Müsavat funksionerlərindən Nurəddin İbadov, Zaur Şəbiyev, Kamran Səlimzadə və başqalarının bizimlə söhbəti zamanı yuxarıda deyilən fikirlərlə tam razı olduqlarını bildiriblər. Qeyd etdilər ki, artıq partiya elektoratı başqandan üz döndərər, xarici qrantlar əldən çıxar və başqanın siyasətdən rüsvayçı şəkildə getməsinin tam yetişən vaxtıdır. Ona görə də, üzüsulu ikən siyasi səhnəni tərk etməlidir.
Bir sözlə, müxalifətin düşdüyü vəziyyəti hamı kimi P.Hüseynov da görür və anlayır. Amma müxalifət liderlərini ittiham edərkən, o özünü o sıraya aid etmir. P.Hüseynov seçkidə siyasətdən gedəcək liderlərin əvəzinə ümumi düşərgəyə "ağsaqqallıq" etmək iddiasındadır. Belə hesab edir ki, növbəti seçkidə bütün düşərgənin vahid namizədi kimi ortaya çıxsın. Bu da, "ac toyuğun yuxuda darı görməsi"nə bənzəyir. Bunun isə real olması, ancaq "möcüzə" ola bilər.

Digər xəbərlər