PDF Oxu

Müxalifət

  • 13

Radikal düşərgədə radikal meyillər güclənir

Radikal düşərgədə radikal meyillər güclənir
Son zamanlar müxalifət düşərgəsində baş verən olaylar daha ilgin və daha təhlükəli görünür. Düşərgədə tərəflərin bir neçə qütbə ayrılmasını və bu qüvvələrin də bir-birinə qarşı əsil düşmənçilik prinsipləri ilə yanaşması müxalifət yaxın zamanlarda tüstüsünün ərşə qərq olacağından xəbər verir. AXCP (i)-nin ALP ilə qarşı-qarşıya dayanması, Müsavat-"Ümid" məsələsi, "Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərakatı" ilə "Demokratiya Uğrunda İttifaq" arasındakı çaxnaşma müxalifət düşərgəsini bir barıt çəlləyinə bənzədir. Allah göstərməsin, bir kibrit dənəsinin alovlanması kifayət edər ki, müxalifət düşərgəsi yanıb tüstüsü ərşə çəkilsin. Digər tərəfdən də, onların belə asanlıqla alışıb yanmaları heç də təsadüfi deildir. Çünki bu qütbdə təmsil olunanlar mənəviyyat və insaniyyətlik baxamından onsuz da məhv olmuş adamlardır. Ona görə də, heç bir "of" çəkmədən də müxalifətin alovlanmasına elə düşərgəninin öz daxilində maraqlı olanlar kifayət qədərdir.
  Oktyabrın 6-da Müsavat partiyasının qərargahında "Qarabağ və Respublika Uğrunda Vətəndaş hərəkatı"nda təmsil olunan partiyaların qarşıdan gələn bələdiyyə seçkilərində iştirakı məsələsi müzakirə predmeti olsa da, qarşılıqlı ittihamlar buna imkan verməyib. Tərəflər son zamanlar düşərgədə özünü daha aktiv göstərməyə çalışan "Ümid" partiyasının əl-qol açmasını başqa mənada yozaraq İqbal Ağazadəni hakimiyyətlə iş birliyində günahlandırıblar. İqbal "bəy"in nə qədər ah-fəğan etməsinə baxmayaraq özlərini bir qədər sərt göstərməyə çalışan hərəkat təmsiləçiləri heç bir vəchlə onun bu təşkilatda qalmasını qəbul etmək niyyətində olmadıqlarını bildiriblər. Bütün olanlar isə heç də İ.Ağazadənin təbii "xoşuna" gəlməyib. O da, öz növbəsində, müxalifət düşərgəsində təmsil olunan partiyaların müxtəlif vaxtlarda hakimiyyətlə əməkdaşlığa getdiklərini bildirməklə, tərəflərin kəskin qəzəbi ilə qarşılaşıb. İndi bu səbəbdən, hərəkat daxilində əməlli-başlı çaxnaşma yaranıb. Bu həftənin sonuna qədər hərəkatın buraxılması məsələsi isə indi daha real görünür. Bu təşkilatda təmsil olunan qurumlar isə vəziyyətin düzəlməsində heç də maraqlı olmadıqlarını dolayısı ilə açıqlamağa çalışırlar.
  Müxalifətin bu tərəfində bu cür olayların baş verməsi digər tərəfin də tamamilə sıradan çıxmasını sanki stimullaşdırıb. Adıçəkilən hərəkata yönəldilmiş siyasət yürüdən "DUİ" və burada təmsil olunan partiyalar da artıq aralarındakı problemi yoluna qoya bilmədiklərindən, ittifaqın fəaliyyətinə xitam verməklə, məsələni yekunlaşdırıblar. Düşərgədə təşkilatlar və birliklər arasında olan bu çaxnaşma ayrı-ayrılıqda partiyaların da işini iflic edib. Hər iki təşkilatda təmsil olunan partiyaların bundan sonrakı aqibəti artıq sual altındadır. Bununla yanaşı, onlar hər bir məsələni müzakirə etməyə vaxt tapa bilməsələr də, qarşıdurma yaratmağa can-başla gedirlər. Buna misal olaraq AXCP (i) ilə Müsavat partiyasının arasında olan anlaşma və bundan ALP-nin narazı olmasıdır.
  Qeyd edək ki, Müsavat başqanı İsa Qəmbərovla AXCP (i) sədri Əli Kərimov bundan sonra siyasi arenada bir yerdə çalışmaq barəsində qərara gəliblər. Bunun isə AXCP (i), bütövlükdə, Müsavatın tərkibinə keçməsindən sonra mümkün olacağı müəyənləşdirilib. Hər iki partiya rəhbərinin bu məsələdə müəyyən bir anlaşmaya yaxın olmasın isə ALP lideri Lalə Hacıyeva razı olmayıb. O Ə.Kərimovun İ.Qəmbərovla əməkdaşlığa razı olmasını separatçılıq kimi qiymətləndirib. L.Hacıyevanın qənaətincə, AXCP (i) hal-hazırda "Azadlıq" blokunda təmsil olunar və onun bu təşkilatla qarşılıqlı öhdəliyi mövcuddur. Belə bir məqamda Ə.Kərimovun bu razılığı pozmasının xəyanətkarlıqdan başqa bir şey olmadığını qeyd edən ALP lideri Ə.Kərimova bu niyyətindən əl çəkməyi də tövsiyə edib. Eyni zamanda, Müsavat partiyası ilə aralarındakı dərin konfliktdən yana L.Hacıyeva bu qurumu da müəyyən məsələlərdə saxtakarlıq və gizli iş birliklərində ittiham edib. L.Hacıyevanın bu mövqeyinə dərhal reaksiya verən Müsavat icra aparatının rəhbəri Arif Hacıyev L.Hacıyevanın görməzlikdə günahlandırıb. O, qeyd edib ki, Müsavatın atmış olduğu addımlar müxalifin imicinə xələl gətirməz. Buna öz ampluasına uyğun olaraq yozan A.Hacıyev ALP liderinin yanaşmasının arxasında müəyyən məqamların da gizləndiyini bildirib. Bütün bu olanlar və olacaqlara rəğmən, onu qeyd etmək lazımdır ki, müxalifət düşərgəsində, sözün əsil mənasında, "qana-qan" prinsipi hələ də qüvvədən düşməyib. Odur ki, yaxın zamanlarda düşərgədən kriminal xəbərlərin eşidilməsi heç də təsadüfi olmazdı.

Digər xəbərlər