Müxalifət düşərgəsində yeni qarşıdurmalar və təzə tərəfdaşlar
Artıq düşərgədəki hər kəsin əsəblərin tarıma çəkən qarşıdurma yenidən gündəmi zəbt etməkdədir. Oktyabrın 6-da Müsavat partiyasının qərargahında keçirilən "Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərkatı"nın qarşıdakı proseslərdə bir təşkilat kimi fəaliyyətini saxlayıb-saxlamaması gərgin müzakirə predmeti olub. Bir çoxlarının bu müzakirənin daha normal və səmimiyyət şəraitində keçməsi barədə səsləndirmiş olduğu fikirlər bu dəfə də özünü təsdiq etdirmədi.
Qarşıdakı bələdiyyə seçkilərində iştirakın formasını və məqsədlərini önə çəkməyə çalışan bir çox hərəkat təmsilçiləri öz əməkdaşları tərəfindən böyük təzyiq və təftişlərə məruz qalmalı olublar. Əldə etdiyimiz məlumatlardan aydın olur ki, Müsavat partiyasının qərargahında baş tutmuş toplantı hərəkat üzvlərinin heç bir masa arxasında bundan sonrakı mərhələlərdə əyləşməsini təmin etməyəcək. Çünki hərəkatda təmsil olunan partiyalar artıq bir-birinin ünvanına olmazın ifadələr işlədərək müəyyən məsələlərdə qarşılıqlı ittihamlardan belə çəkinmirlər. Bütün bunlar olduğu halda isə onlar sonradan heç nə olmamış kimi bir yerə toplaşıb hər hansı bir məsələni müzakirə etməyə cəhd edirlər. Amma həmişə olduğu kimi, bu dəfə də onların bu istəyi tam olaraq öz əksini tapa bilmir.
Oktyabrın 6-da Müsavat partiyasının qərargahında keçirilən "Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı"nın toplantısı da heç də tam səmimiyyət üzərində qurulmamışdı. Tərəflər toplantı başlayan andan artıq müəyyən konfliktləri açıq şəkildə qabardaraq müəyyən məsələlərə aydınlıq gətirilməsini bir-birindən tələb etməsi sonrakı mərhələdə daha kəskin mübahisələrin yaranmasını stimullaşdırmış oldu. Müsavat başqanı İsa Qəmbərov toplantısonrası açıqlamasında tərəflərin keçən toplantılara nisbətən bir qədər sakit göründüyü bildirsə də, daxili anlaşılmazlıqların olduğunu da etiraf etmək məcburiyyətində qalmalı olub. Çünki bir neçə həftədir ki, müxalifət düşərgəsində hər kəsin nəzəri məhz bu hərəkatın sonluqda hansı qərarı qəbul etməsindədir. Hərəkat təmsilçiləri isə, hələlik, öz aralarında bir qərara gələ bilmirlər. Qaldı ki, onlardan nəsə bir konkret prinsip görsənsin. Bu, olduqca abstrakt bir məsələyə çevrilib. Düşərgədə 16 ildən artıqdır ki, normal fikir mübadiləsi şəraitində bir toplantı keçirilib, qərar qəbul edilməyib. Doğrudur, düşərgə özünü bu məsələdə aktiv göstərib nəsə bir prinsip ortaya qoymağa çalışsa da, əsil həqiqət meydana çıxdığı andan yeni qarşıdurmalar peyda olur. Ona görə də, müxalifət düşərgəsində davamlı şəkildə münaqişələr baş verməkdədir.
Bütün müxalifətin nəzər-diqqətinin yönəlmiş olduğu "Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı" ilə "Demokratiya Uğrunda İttifaq" arasında, sözün əsil mənasında, münaqişə baş verməkdədir. Tərəflər bu münaqişəni ört-basdır etməyə çalışsalar da, əsil reallıq ortada aydın sezilməkdədir. Hərəkat daxilində isə təmsilçilər arasında əsil çaxnaşma yaşanmaqdadır. Təşkilatda təmsil olunan partiyalar heç bir halda qarşılıqlı güzəştə getməklə öz maraqlarından asanlıqla vaz keçmək niyyətində olduqları hələ ki, görünmür. Elə Müsavat qərargahında da hərəkatda təmsil olunan partiyaların qarşıdakı bələdiyyə seçkilərində iştirak forması müzakirə predmeti olsa da reallaq tamam başqa mətləbin üzərində dayanmağı məqbul etdi. Hərəkatda təmsil olunan altı müxalifət partiyasından beşi bir çox razılışmalara qatılsa da "Ümid" partiyasının sədri İqbal Ağazadə, həmişə olduğu kimi, bu dəfə də tam narazı halda tərəfdaşlarının ünvanına bəyanatlar səsləndirdi. Öz növbəsində, heç bir sözü özü üzərinə götürməyən ADP sədri Sərdar Cəlaloğlu isə İqbal "bəy"ə daha da təmkinli olub, hər şeyin sonunu gözləməyi təklif etdi. Bildirdi ki, artıq ölkədə hər kəs qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlaşsa da müxalifət bu istiqamətdə çətinlik çəkməkdədir. İ.Ağazadənin narazılığına gəldikdə isə, onun Müsavat başqanı İsa Qəmbərovla bağlı ciddi problemlərinin olduğu aşkar şəkildə ortaya çıxdı. Məlum oldu ki, İ.Qəmbərov bütün vasitələrdən istifadə etməklə "Ümid" partiyasını hərəkatdan çıxarmaq istəyir. Buna isə, öz növbəsində, AXCP (i) sədri Əli Kərimov iki əl, bir başla razılıq verib. Digərlərinin isə getdikcə İqbaldan daha çox zəhləsi getsin deyə İ.Qəmbərov müzakirələrdə onu qıcıqlandıran məsələlərə toxunur. Bu isə, öz növbəsində, digər partiya sədrlərinin də narazılığı ilə qarşılanır. Amma görünür, bu cür müzakirələr daha çox qalmaqallarla müşahidə olunduğundan, müxalifət düşərgəsində daha təlatümlü olayların olması qaçılmaz olacaq.