PDF Oxu

Müxalifət

  • 9

Mehriban düşmənlərin saxta dostluğu

Mehriban düşmənlərin saxta dostluğu
Bir neçə vaxtdır ki, sükuta qərq olmuş müxalifət düşərgəsindən bələdiyyə seçkiləri ilə bağlı söhbətlər səslənməyə başlayıb. Təklikdə seçkidə 1 faiz belə səs toplaya bilməyəcəklərini başa düşən partiya funksionerləri birgə fəaliyyət haqda müxtəlif təkliflər irəli sürüblər. Bu təkliflərin heç nəyə yaramayacağını anlamaq çətin deyil. Nədən ki, uzun illərin qatı düşmənləri indi mehriban dosta çevrilə bilməzlər. Azərbaycanın ən yeni siyasi tarixi bunu göstərib.
Bəzi təkliflərə görə, müxalifət partiyaları guya bundan sonra yeni formatda fəaliyyət göstərəcəklərmiş. Hətta artıq bütün elektoratını itirmiş partiyalar birlikdə hansı formada əməkdaşlıq etməyi də müzakirə edəcəklər. Təəccüblüsü odur ki, bu partiyaların rəhbərləri hesab edirlər ki, onların iştirak etmədiyi hər hansı bir blok həqiqi deyil və ölkədə güc mərkəzinə çevrilə bilməz.
Bu qüvvələrin yeni oyuna başladığı göz önündədir. Radikal liderlər özlərinin cəmiyyətdə boykot olunduğunu hələ də anlamaq istəmirlər. Ötən seçkilərdə uduzduqdan sonra cığallıq etməyə başlayan, lakin əllərində heç bir bəhanə qalmayan radikal liderləri beynəlxalq təşkilatların rəsmiləri də tənqid etdikdən sonra bu adamlar "siyasi koma" vəziyyətinə düşüblər.
Artıq ictimai-siyasi meydandan tamamən silindiklərini dərk edən bu siyasətbazlar öz mövcudluqlarının vaxtını bir qədər də uzatmaq üçün hərdənbir yığılıb tədbir-filan da keçirirlər ki, bəlkə gündəmdə qala bilələr.
Məlum olduğu kimi, əməkdaşlıq etmək təklifi irəli sürən partiyalar və onların liderləri son bir neçə ildə bir-birilərini itiham etməklə və qarşılıqlı qara piar kampaniyası aparmqla məşğul olublar. Məsələn, "Ümid" partiyası ilə AXCP (i), Müsavatla ADP arasındakı ixtilafları göstərmək olar. O zaman belə bir ittifaq imitasiyası anlaşılan deyil.
Əslində, radikal müxalifətə az-çox bələd olan adama üçün bu, heç də təəccüblü deyil. Çünki öz mövcudluq tarixləri ərzində onlar daim belə olublar. Bir-birilərinə xəyanət, aşağılama, böhtan, təhqir və s. etikadankənar mübarizə üsulları ilə özlərini cəmiyyətin gözündən tamam salan qüvvələrin bir araya gələcəkləri inandırıcı görünmür.
Bu liderlərin bəzi opponentləti də düşərgədə hər hansı bir ittifaqın perspektivini şübhə altına alır və bunu "düşmənlərin yalançı ittifaqı" adlandırır. Müxalifətin yeni əməkdaşlıq mərkəzinin yaradılması barədə hər hansı bir fəaliyyət fiaskoya məhkumdur.
Çünki bir-birini qəbul etməyən, bir-birini ən müxtəlif cinayətlərdə, xəyanətlərdə ittiham edən, qara piar kampaniyası aparan liderlərin bir araya yığılıb hansısa sənədi imzalaması dostların deyil, düşmənlərin bir arada olduğunu göstərərdi ki, bu da məntiqlə izah olunan deyil. Ona görə də, bunu dostların ittifaqından daha çox düşmənlərin saxta ittifaqı adlandırmaq olar.
Siyasi müşadiçələrin fikrincə, müxalif düşərgədə yaradılacaq hər hansı bir ittifaq heç də Azərbaycan siyasətinə yeni nəfəs gətirməyəcək. Eyni zamanda, siyasi situasiyanı dəyişmək gücünə malik olmayacaq.
Siyasi müşahidəçilər hesab edirlər ki, bunlar süni cəhdlərdir. Çünki bəzi qüvvələr özlərini radikal müxalifət elan etsələr də, hətta konstruktiv müxalifətçilik belə nümayiş etdirə bilməmələrini ört-basdır etmək, daxillərində gedən aşınma proseslərini gizlətmək, ictimaiyyətin diqqətini cəlb edəcəklərini düşündükləri üçün bu cür addım atırlar.
Yuxarıda qeyd etdiklərimiz radikalların hansısa yeni oyuna başlamaq niyyətində olduqlarını göstərir. Gülməlisi isə odur ki, bu adamlar hələ keçirilməmiş seçkinin demokratikliyini şübhə altına almağa çalışırlar. Belə bir analoq dünya təcrübəsində rast gəlinməyən hadisədir. Çünki seçkilər bitməmiş onun nəticələri barədə kimsə nəsə deyə bilməz.
Bəzi funksionerlər bildirirlər ki, bələdiyyə seçkiləri demokratik olmayacaq, ona görə də, orada iştirak etmək lazım deyil. Guya müxalifət bu seçkinin nəticələrini tanımayacaq. Lakin hansısa siyasi qüvvələrin seçkilərin nəticələrini tanıyıb-tanımamaları bütünlükdə xalqın seçkilərə münasibəti demək deyil. Xalq bir nəfər kimi gedib seçkilərdə iştirak edəcəksə, kimin nə mənəvi, siyasi, yaxud hüquqi haqqı olacaq desin ki, yox biz bu seçkilər tanımırıq. Bu da ən gülməli arqumentlərdən biridir.
Hər hansı bir birliyi yaratmazdan əvvəl müxalifət liderləri bir-birilərinə münasibəti dəyişməlidir. Əgər biri o birisini Rusiyanın agenti hesab edirsə, o birisi isə digərini iqtidara satılmış hesab edirsə, üçüncüsü dördüncüsünə hansısa ölkənin xəfiyyəsi deyirsə, bu cürə əməkdaşlığın mənası yoxdur.
İsa Qəmbərovun irəli sürdüyü ideyada da düşərgədə müsbət qarşılanmayıb. AXC-nin köynəyindən çıxan partiyacıqlar yenidən onun adı ətrafında birləşmək istəmirlər. Görünən odur ki, İsa Qəmbərov özünü müxalifəti parçalamayan qüvvə kimi göstərmək və özünü qara piardan qorumaq üçün bu addımı atıb. Lakin bu, lazımsız və mənasız addım idi. Yaxın gələcəkdə görəcəyik ki, o qüvvələr heç bir birgə addım atmayacaqlar. Hansısa müttəfiqlik söhbəti olmayacaq.
Göründüyü kimi, irəli sürülən təkliflərin bir qəpiklik dəyəri yoxdur. Nədən ki, indiyədək həmin qüvvələr saysız-hesabsız belə ideyalar irəli sürüb, sayı bilinməyən müxtəlif formalarda bloklar yaradıblar, amma hələ də bir araya gələ bilməyiblər. Ambisiyalar buna imkan verməyib.
Beləliklə, 90-cı illərin əvvəllərində dostdan düşmənə çevrilməyi bacaran radikal liderlər, indi düşməndən dosta çevrilə bilmirlər. Çünki bir-birilərinə unudulması mümkün olmayan təhqirlər yağdırıb, xəyanətdə suçlayıblar. Zatən onlar bununla özlərinin layiq olduqları qiyməti bir-birilərinə veriblər.
İndi bu qüvvələrin hansısa əməkdaşlıq imitasiyası yaratmaq cəhdləri fiaskoya məhkumdur. Nədən ki, onlar mehriban dostlara yox, ən yaxşı halda mehriban düşmənlərə çevrilə bilərlər. Bu halda da, heç bir birlik və əməkdaşlıqdan söhbət gedə bilməz.

Digər xəbərlər