PDF Oxu

Müxalifət

  • 8

İsa Qəmbərov “Yeni Müsavat”a Əli Kərimov isə “Azadlığ”a bir-birini söyməməyi tövsiyə edir

İsa Qəmbərov “Yeni Müsavat”a Əli Kərimov isə “Azadlığ”a bir-birini söyməməyi tövsiyə edir
Cəmiyyətin aparıcı qüvvəsi olan təşkilatlara, fərdlərə qarşı qərəzli mövqedə dayanmaq, onlara qarşı şər-böhtan kampaniyası aparmaq elə cəmiyyətə qarşı çıxmaq deməkdir. Çünki ictimai rəyin hesablaşdığı qüvvələrin gözdən salınması cəhdi bütün demokratik cəmiyyətlərdə pislənilib. Azərbaycanda da analoji tənqid, təhqir kampaniyası aparan toplumlar hər zaman cəmiyyətin ittiham obyektinə çevriliblər.
Müxalifət düşərgəsində təmsil olunan partiyaların ölkədə gedən siyasi proseslərdən tamamilə kənarda qalmalarının başlıca səbəbi onların yarıtmaz, düşünülməmiş siyasət aparmaları ilə bağlıdır. Amma nə fayda ki, bu yarıtmaz qruplar öz yaramaz siyasi mübarizə taktikalarını dəyişmirlər. Əksinə, ziyanverici həşaratlar kimi ictimai rəyi çaşdırmağa cəhd edən pozucu əməllərini davam etdirirlər. Hətta nadir ünsürlər olan partiya sədrləri təxribat xarakterli əməllərini sahibi olduqları qəzetlər vasitəsi ilə daha geniş spektrdə qurmağa çalışırlar. Ağıldan kəm, qələmdən çoxşaxəli olan mirzəciklər verilən göstərişə əsasən, xalqına, dövlətinə bağlı olan vətəndaşların şərəf və ləyaqətlərini alçaldan, təhqir edən yazılar dərc edirlər. Demək olar ki, "Yeni Müsavat", "Azadlıq", "Bizim yol" və digər müxalifət qəzetləri hər gün 16 səhifəlik qəzetlərinin az qala 11-12 səhifəsini insanların heysiyyətinə toxunan, milli maraqlara zidd olan, erməni dəyirmanına su tökməyə xidmət edən yazılar həsr edirlər.
Araşdırmalar göstərir ki, xor dərnəyinin yarıtmaz üzvləri olan mirzəciklərin ən çox hədəf seçdikləri təşkilat ümumxalq partiya olan Yeni Azərbaycan Partiyasıdır. Hər gün "Azadlıq" və "Yeni Müsavat" cəmiyyət tərəfindən birmənalı şəkildə dəstəklənən və qəbul edilən YAP haqqında ən şərəfsiz yazılar dərc edirlər. Dəfələrlə Mətbuat Şurası reketçilik üslubunda dərc edilən yazılara görə, "Yeni Müsavat" və "Azadlıq" qəzetlərinin YAP-dan üzr istəmələri barədə qərar çıxarıb. Ancaq təəssüf ki, ictimai qınaqdan və Mətbuat Şurasının qərarından müxalifətin təxribat maşını olan qəzetlər nəticə çıxarmayıblar. Bu günlər "Azadlıq" qəzetinin Yeni Azərbaycan Partiyasının Şəki rayon təşkilatının sabiq sədri Malik İlyasovun böyrəyini satması ilə bağlı dərc etdiyi böhtan xarakterli məqalədə bu qəzetlərin ənənələrinə sədaqətli olduqlarını ortaya qoydu. Yenə də Mətbuat Şurası şər-böhtana üstünlük verən qəzeti cəzalandırdı. Şura qəzetin Yeni Azərbaycan Partiyasından üzr istəməsi barədə qərar çıxartdı. Maraqlıdır ki, qəzetin baş direktoru Azər Əhmədov AXCP (i) sədri Əli Kərimovun tapşırıqlarını baxmayaraq, 45 illik həyatında, ilk dəfə olaraq, Mətbuat Şurasının qərarını ədalətli hesab etdiyini bildirdi. A.Əhmədov Mətbuat Şurasının qərarını yerinə yetirərək "Azadlıq" qəzetinin növbəti saylarının birində Yeni Azərbaycan Partiyasından üzr istəyəcəklərini söylədi.
Haşiyə çıxaraq, o fikri qeyd etmək yerinə düşər ki, Yeni Azərbaycan Partiyasının Şəki rayon təşkilatının heç zaman M.İlyasov adlı nəinki sədri, ümumiyyətlə, sıravi üzvü belə olmayıb. Bunu da bizə Yeni Azərbaycan Partiyasının Şəki rayon təşkilatının sədri Həsən Həsənov söylədi. Təşkilat sədri onu da qeyd etdi ki, ümumiyyətlə, Şəki rayonundan kiminsə öz daxili bədən üzvlərindən satmaq niyyətində olması ilə bağlı faktlar mövcud deyil. Qəzet ictimai rəyin diqqət mərkəzinə çevrilmək, satışını artırmaq niyyəti ilə qeyri-etik metodlardan istifadə edib. Bu isə Jurnalistlərin Peşə- Davranış Qaydalarının kobud şəkildə pozulmasıdır.
Qeyd etmək lazımdır ki, müxalifətin qazanının dibini yalayan qəzetlər bəzən bir-birinə qarşı da çevrilirlər. Bu isə onların maraqlarını, xüsusilə də, verilən ianəni bölə bilməmələri ilə bağlıdır. Çünki dəfələrlə "Yeni Müsavat" və "Azadlıq" bir-birinə qarşı bolşeviklərsayağı ittiham xarakterli yazılar ünvanlayıblar. Bir-birini hakimiyyətə işləməkdə günahlandırıblar. Məsələyə Müsavat başqanı İsa Qəmbərov və AXCP (i) sədri Ə.Kərimov qarışsalar da, problemi həll edə bilməyiblər. Çünki atalar misalıdır: "Balıq başdan iylənər."

Digər xəbərlər