PDF Oxu

Müxalifət

  • 21

AXCP (i) dağılır

AXCP (i) dağılır
Müxalifət düşərgəsində maraqlı olaylar fonunda partiyaların parçalanma prosesini başa vurub, dağılma mərhələsinə adlamaları daha çox diqqəti cəlb edir. Bu nöqteyi-nəzərdən də, demək olar ki, əksər siyasi şərhçilər bəzi müxalifət partiyalarının bələdiyyə seçkilərinə qədər fəaliyyətlərini dayandıracaqlarını bəyan edirlər. Hətta Aqşin Məmmədov, Mübariz Cəlilov kimi bəzi siyasi şərhçilər konkretliyə vararaq, dağılmağa məhkum partiyalar sırasında ACP, AXCP (i) və ALP-nin ön sırada olduğunu bildirirlər. Doğurdan da, partiyanın daxili proseslərə nəzər yetirdikdə, qeyd etmək olar ki, Əli Kərimovun rəhbərlik etdiyi AXCP (i) toplumu yaxın vaxtlarda tarixin arxivinə atıla bilər. Çünki sözügedən partiyadan kütləvi istefalar geniş xarakter alıb. Bu azmış kimi, bəzi təşkilatların özlərini buraxmaq prosesləri də baş verməkdədir. Nizamnaməyə görə, hər həftənin bazar ertəsi siyasi şuranın, hər üç aydan bir isə Ali Məclisin iclasları keçirilməlidir. Partiyadan lSəs"ə verilən məlumata istinadən, demək olar ki, yalnız aprelin 14-ü 2009-cu ildə AXCP (i) siyasi şurasının Ə.Kərimovun evində toplantısı keçirilib. Ali Məclisin iclaslarının isə sonuncu dəfə nə vaxt keçirildiyindən isə partiya üzvləri məlumatsızdılar. Çünki AXCP (i) Ali Məclisinin keçmiş sədri Qulamhüseyn Əlibəyli rəhbərlik etdiyi lAydınlar" partiyasının bir illiyini qeyd etdiyi halda, AXCP (i)-ni kollegial orqanının iclası keçirilməyib. Yəni Q.Əlibəylidən sonra partiyanın Ali Məclisinin bir dəfə də olsun iclası keçirilməyib. Bütün bunlar AXCP (i)-nin idarəolunmaz bir duruma düşdüyünü göstərir. Eyni zamanda, kütləvi istefalar, təşkilatların buraxılması və digər acınacaqlı məsələlər AXCP (i)-nin qeyri-rəsmi də olsa fəaliyyətini dayandırdığını göstərir. Düzdür, Ə.Kərimov hər cür vasitə və üsullardan istifadə etməklə siyasətdə qalmağa can atır. Hətta verilən məlumatlara görə, Ə.Kərimov maddi və mənəvi dəstək almaq üçün lSOROS" fondunun Gürcüstandakı nümayəndələrinə minnətçi düşüb. Ancaq yalvarışlar, xahişlər hələ ki, nəticəsiz qalıb. Bu da, onunla bağlıdır ki, Ə.Kərimov 3-4 il əvvəl ciddi yanlışlıqlara yol verib, səhvlər buraxmışdır. Məhz bu cür səhvlərə görə lSOROS" fondu Ə.Kərimovu yenidən qəbul etmək istəmir. Araşdırmalara və proseslərin inkişafına əsasən, demək olar ki, yaxın bir ayda, ola bilər ki, yaxın günlərdə AXCP (i) rəsmən fəaliyyətini dayandırdığını bəyan etsin. Ehtimal da var ki, AXCP (i) Müsavat partiyasına birləşsin. Çünki Müsavat partiyasının icra aparatının rəhbəri Arif Hacıyev bir qədər əvvəl belə bir bəyanatla çıxış etmişdir ki, yaxın vaxtlarda Müsavata birləşən partiyalar olacaq. Amma bizim üçün maraqlıdır, bəs Ə.Kərimovun aqibəti necə olacaq? Ekspert Müşfiq Hacıyevin dediyinə görə, Ə.Kərimov siyasətdən gedərək, elmi fəaliyyətlə məşğul olacağını bəyan edəcək.

Digər xəbərlər