Fuad Mustafayev AXCP (i)-dən istefa verdi
Azərbaycanda özlərini radikal müxalifət adlandıran partiyalar artıq süquta uğramaq üzrədir. Müxalifətin "ana müxalifət" partiyası hesab olunan Müsavat neçə illərdir ki, öz tərəfdarlarını itirib və "cırtdan" quruma çevrilib. 2003 və 2008-ci illərin prezident seçkiləri və 2009-cu ilin referendumu adıçəkilən partiyaya bərk zərbə vurdu. Heç bir sosial bazaya malik olmayan Müsavat və onun siyasətdən uzaq başqanı İsa Qəmbərov artıq həm siyasi, həm də fiziki baxımdan tükənib.
Olan-qalan nüfuzuna da zərbə vuran İ.Qəmbərov öz tərəfdarlarını da itirib və başqan artıq meydanda təklənib. Rauf Arifoğlu, Arif Hacıyev, Vurğun Əyyubov kimi "partiya bossları" ilə bacara bilməyən Müsvat başqanının gələn il partiya ilə vidalaşacağı qaçılmazdır. Çünki müsavatçılar da rəhbərlərinin yarıtmaz fəaliyyətindən beziblər və ona bir daha etimad göstərməyəcəklərini qətiləşdiriblər. Belə olduğu tədqirdə, başqanın yalnız ümid etdiyi şəxs R.Arifoğlu idi ki, o da "bəy"dən üz çevirdi. Beləliklə, Müsavat partiyası süqut dövrünü yaşayır.
"MBH" lideri Lalə Hacıyeva isə Əvəz Temirxanla bacara bilmir. Ona görə də, o, Ə.Temirxanla yollarını ayırmaq qərarına gəlib. Bu isə "MBH" ilə ALP-nin dağılmasına səbəb olacaq. Onsuz da bu partiyanın varlığı ilə yoxluğu bilinmir. Çünki Ə.Temirxan ALP-ni elə bir vəziyyətə salıb ki, artıq axır nəfəsdədir. Lalə xanım isə "MBH" adlı heç bir fəaliyyətə malik olmayan qurum yaratsa da, Ə.Temirxan problemindən qurtula bilmədi.
Ən acınacaqlı dövrünü yaşayan partiya isə, sözsüz ki, Əli Kərimovun başçılıq etdiyi AXCP (i)-dir. Partiya sədri Ə.Kərimov Ruslan Bəşirli, Aqil Xəlilov kimi gəncləri öz məkirli, çirkin siyasətinin qurbanına çevirdi. Bundan sonra öz liderinə xəyanət edən Ə.Kərimov bunun ağır nəticələri ilə üzləşməkdədir. Xalqın dəstəyindən məhrum olan "Yurd" şefi tərəfdarlarını da bir-birinin ardınca itirməkdədir. Cəmil Həsənli, Qulamhüseyn Əlibəyli və digərləri partiyadan uzaqlaşdılar. Artıq AXCP (i)-nin sədr müavini, Ə.Kərimovun ən yaxın "silahdaşı" olan Fuad Mustafayev də partiyadan istefa verdi. Bu isə partiya daxilində hansı proseslərin baş verdiyini göstərir. Bir qədər əvvəl, biz məlumat vermişdik ki, F.Mustafayev ya yeni partiya yaradacaq, ya da ümumiyyətlə, Ə.Kərimovdan uzaqlaşacaq.
Beləliklə, bütün bunlar onu göstərir ki, radikal müxalifət düşərgəsində, o cümlədən də, AXCP (i)-də vəziyyət o qədər kritik vəziyyət alıb ki, heç ondan fələk də baş açmaz.