Müsavatla “Ümid” arasında problemlər mövcuddur
- Rəfael bəy, bələdiyyə seçkiləri ərəfəsi müxalifət cəbhəsində yenidən partiyalar arasında qarşıdurmalar yaranıb. Bu, partiyaların bələdiyyə seçkilərində məğlubiyyətinə səbəb ola bilərmi?
- Partiyalar arasında elə də qarşıdurma yoxdur. "Qarabağ və Respublika Uğurunda Hərəkat"da təmsil ounan partiyalar arasında da elə bir narazıçılıq yoxdur.
- Müsavatın icra aparatının rəhbəri Arif Hacıyev "Ümid" partiyasını hakimiyyətin mövqeyində günahlandırması nəyə işarədir? Sizin partiya ilə Müsavat partiyası arasında yeni bir qarşıdurma yaranmır ki?
- Qeyd edim ki, Müsavatla aramızda elə bir narazıçılığımız yoxdur və ola bilməz. Əgər heç bir əsas yoxdursa, bundan sonrakı münasibətlərə də mənfi yanaşma gətirməyəcək.
- "Ümid" partiyası hakimiyyətlə iş birliyində günahlandırılır...
- Azərbaycan balaca ölkədir. Nəyisə ört-basdır etmək çox çətindir. O ki qaldı hakimiyyətlə işbirliyinə, bunu kimsə hansı formada deyirsə, əsaslandırmaq lazımdır.
- Bunu sizə qarşı Müsavatdan yönələn qara piar adlandırmaq olarmı?
- Bunu hansısa formada reaksiya kimi dəyərləndirmək olar. Kim deyirsə, bunun əsası yoxdur. Buna bir o qədər də münasibət bildirmək istəmirik. Görünür, A.Hacıyev "Ümid"-ə qarşı ittihamlar səsləndirərkən əsəbi olub.
- Ehtiyat etmirsiniz ki, bu dəfə A.Hacıyev əsəbləşib, növbəti dəfə İsa Qəmbərov əsəbləşərək, İqbal Ağazadəni sərt şəkildə təhqir edər?
- Münasibətlər o səviyyəyə gəlib çıxmaz. Ümumiyyətlə, bütün partiyalarla münasibətlərimizi qoruyub saxlayırıq. Biz heç vaxt başqa partiyalar haqqında pis fikirdə olmamışıq. İnanmıram ki, bizim də haqqımızda nə isə söyləsinlər. Müəyyən məsələlər öz sərhədini aşıb keçsə, ona mütləq adekvat cavab veriləcək. Amma inanmıram ki, o həddə gəlib çıxsın.
- "QRUH"-da Əli Kərimovun İ.Ağazadəyə olan münasibəti fonunda Müsavat partiyasında da eyni münasibət sərgilənir. Bunu İ.Ağazadənin müəyyən qədər sıxışdırılması kimi əlaqələndirmək olarmı?
- Xeyr, heç cür əlaqələndirmək olmaz. Amma onu da deyim ki, indiki vəziyyətdə, stiuasiyada nə qarşıdurma var, nə də münasibətlər sərinləməyib.
- AXCP (i) funksionerlərinin vaxtilə "Ümid" partiyasına qarşı göstərdikləri sərt təpkilər, münasibətlər dondurulsa da, bu gün artıq donunun açılıb davam etdirilməsinin işartıları görsənir...
- İnanmıram işartılar görsənsin. Vaxtında nələr olubsa, zaman-zaman hər şey ortalığa çıxır. Bilinir ki, kim kimdir, vəziyyət nə yerdədir. Onun üçün də həmin məsələlər gündəmdən silinir. Həm də, görünür ki, deyilən sözlərin heç bir real nəticəsi yoxdur.
- Düşərgə daxilində müxalifətin kim olması məsələsi araşdırılır. Necə düşünürsünüz, kriteriyalar nə zaman müəyyənləşdirilib?
- Cəmiyyətdə kimin müxalifət olması, kimin iqtidar və ya iqtidaryönümlü olmasını hansı formadasa, kiminsə təqdim etməsindən asılı deyil.
- Yəni, deyirsiniz ki, "Ümid" partiyası müxalifət partiyasıdır, digərləri müxalifət partiyası deyil?
- Dedim ki, cəmiyyət özü yaxşı bilir kim kimdir. "Ümid" partiyasının müxalifət partiyası olduğunu hamı zaman-zaman görüb. Kimin nə düşməsindən, deməsindən asılı olmayaraq, "Ümid" partiyası öz xətti ilə gedir. Cəmiyyət hamını çox yaxşı tanıyır.
- Cəmiyyətin bir hissəsi olan "Ümid" partiyası "DUİ"-ni müxalifət hesab edir?
- Partiyalar haqqında hansısa fərdi funksionerin nə isə deməsi düzgün deyil. Bütün partiyaların mövqeyini cəmiyyətdə, özləri də çox gözəl bilir.
- Bəlkə "DUİ"-nin hansı yolda olduğunu müəyyənləşdirək?
- Bu qurum müxalifətdə təmsil olunan təşkilat kimi qəbul olunur.
- ADP sədri Sərdar Cəlaloğlunun mətbuata verdiyi açıqlamasına görə, "DUİ"-də təmsil olunan partiyalar müxalifətin kriteriyalarına uyğun gəlmir...
- Biz əsas öz xəttimizi, yolumuzu bilirik. Biz öz aramızda bu məsələləri müzakirə edirik. Kimisə təftiş etmək bizlik deyil.
- Nə dərəcə əsaslıdır ki, hakimiyyətlə düşmənçilik möqeyində dayananlar yalnız müxalifətçilərdir. Konstruktiv mövqedə məsələlərə yanaşanlar isə, hakimiyyətyönlüdür...
- Azərbaycan cəmiyyəti arasında siz dediyiniz formada elə bir şey yoxdur. Mən də elə şeylərin qəti əleyhinə olmuşam. Kriteriyanın özü kimin hansı formada baxmağından asılı deyil. Məsələni o formada kəskin qoymaq, məncə, düzgün deyil.
- Elə isə, niyə görə bu günə qədər təmsil olunduğunuz quruma üzv olan partiyalar bir dəfə də olsun Azərbaycan hakimiyyətinin hansısa uğurlu daxili və xarici siyasətini etiraf etməyib?
- "Ümid" partiyası olaraq, baxışımız ağ və qara deyil. Hakimiyyətdə olan partiya qarşısına qoyduğu vəzifələri yerinə yetirir. Olan şeyə real qiymət verən partiya olmuşuq. Həmişə də o mövqedə dayanmışıq.
- Sizdən fərqli olaraq, digərləri başqa fikirdədilər...
- Eyni düşərgədə, blokda təmsil olunsaq da, biz tamam başqa-başqa fikirdəyik. Biz onlarla yalnız qarşıya qoyduğumuz məqsədlərdə eyni mövqedə ola bilərik.
- Bu siyasətin dəyişməsi nə dərəcədə mümkündür?
- Zamanla ayaqlaşıb ona uyğun olan qərarları vermək düzgündür.