PDF Oxu

Müxalifət

  • 14

İsa Qəmbərovun növbəti fırıldağı

İsa Qəmbərovun növbəti fırıldağı
16 ildən artıqdır ki, Müsavat partiyasına başqanlıq edən İsa Qəmbərovun "iyi" aləmi götürüb. Çünki su bir yerdə qalanda iy verdiyindən, başqan da, artıq neçə illərdir ki, bir yerdə oturduğundan, üfunətə qərq olub. Nədəndirsə, bu qoxu onun burnuna gəlməsə də, kənarda onun iylənmiş ideyalarının "ətiri" daha yaxşı duyulur.
Doğrudur, müxalifət düşərgəsində bu cür qoxumuşların çoxluğundan kimin iyinin kimə məxsus olduğunu müəyyənləşdirmək çətin olsa da, İ.Qəmbərovun "təravəti" hər kəsin zəhləsini töküb. İndi isə tamamilə əti-sümüyündən ayrılan İ.Qəmbərov it iyi verir. Amma başa düşmək olmur ki, onun yanındakılar nədən başqanın "təravətini" pisləyirlər. Axı onların özləri də qoxuyublar. Bu məqamda bir atalar məsəli lap yerinə düşərdi ki, "kor kora kor deməsə bağrı çatlar". Görünür, düşərgədə bu məsəlin əhatəsində olan çox iylənmişlər var. Əgər belə olmasaydı, yəqin onlar indiyə qədər normal insan kimi cəmiyyətdə özlərinə yer tutardılar.
Müsavat partiyasının düşərgəni çoxdan üfunətə qərq etməsi isə, bir çox hallarda, buradakıların da zəhləsini töküb. Bir yerdə ki, hər kəs ancaq öz maraqlarını üstün tutaraq, ətrafındakıları güdaza verir, daha bundan nə gözləmək olar? 16 ildən artıqdır ki, müxalifət adı altında cəmiyyətdə özlərinə qarşı nifrət oyadan müxalifətçilər indi nə istəyirlər, heç özləri də bilmir. Nə olur-olsun, müxalifətə gəldiklərinə görə, öz maraqlarını təmin etməyə çalışan isalar, əlilər, lalələr, eldarlar daha necə istəsən, o cür iyrənc oyundan çıxa bilərlər. Kimin nə deməyindən və nə irəli sürməyindən asılı olmayaraq, deyə bilərik ki, müxalifət düşərgəsindən Azərbaycan ictimaiyyətinin xeyrinə heç bir addım atılmayıb və atılmayacaq da. Bunu isə xalq çoxdan dərk edərək, belə üzdəniraqları özlərinə başqa peşə axtarmağa göndərib. İndi neyləyəsən ki, bunların öz arzuları gerçəkləşməyib deyə kor tutduğunu buraxmadığı kimi, isalar, əlilər və başqaları da əllərinə keçmiş məqamı buraxmaq istəmirlər. Amma nəzərə almaq lazımdır ki, hazırda onların əlində elə bir imkan da yoxdur. Olub-qalan imkanlarını da, dünyada baş verən qlobal maliyyə böhranının gedişində itirməli olan müxalif yetkililər çarəsiz qalıblar. Çünki Azərbaycan müxalifətinə pul ayırıb onları əllərində uşaq oyuncağı kimi istədikləri tərəfə yönəldən əcnəbi təşkilatların pulları da böhran nəticəsində yox olub. Ona görə də, ağuşuna sığındıqları əcnəbi təşkilatlar da, onlara əlvida dedikdən sonra qəmbərovların, kərimovların getməyə yerləri qalmayıb.
Belə məqamda isə digərləri kimi İ.Qəmbərov başqanlıq etdiyi partiyasını ardıcıl olaraq bir neçə oyunun içinə qatmaqla nəyəsə, nail olmağa çalışır. Əgər belə olmasaydı, o, bir ay öncə xuliqanlıq etdiklərinə görə məsuliyyətə cəlb edilmiş Adnan Hacızadəni və Emin Millini güdaza verməyə çalışmazdı. Bütün bunlar isə sadalansa, saatlar yetməz ki, başqanın çirkin işlərindən baş açasan. Maraqlısı odur ki, 2010-cu ildən başqanlıq müddəti başa çatan İ.Qəmbərov bu kürsüdən formal olaraq uzaqlaşmaq niyyətinə düşüb. Əgər İ.Qəmbərovun belə niyyəti yoxdursa, onda, o, nədən başqanlığa özünün varisi adlandırdığı Müsavatın Divan üzvü Qubad İbadoğlunu gətirmək istəyir?
Bir çox hallarda başqanın niyyətinin gerçəkləşmədiyini nəzərə alsaq, onun budəfəki hədəfinin nə ilə yekunlaşacağını söyləmək çox çətindir. Amma bir onu söyləmək olar ki, bu qovğadan Müsavat partiyasının sağ-salamat çıxması sual doğurur.

Digər xəbərlər