Son vaxtlar yeni-yeni radikal müxalifət bilriklərinin yaranması ilə bağlı ortalığa saysız-hesabsız təşəbbüslər və təklif atılır. Bələdiyyə seçkiləri öncəsi bu, bir növ estafet halını alıb və sanki bu sahədə yarış elan olunub. Bu ideyaların "fıs" çıxdığını görən "iri" radikallar ayrı cəbhədə yer alan "cırtdan" radikalları öz ətraflarında cəm eləmək məqsədilə ağlagəlməz variantlar istehsal etməklə məşğuldurlar. Maraqlıdır ki, bu cəbhədə yer alan siyasi qüvvələr bir-birilərinə qarşı az qala düşmən mövqedədir və bütün iş gücləri bir-birini ittihamlar atəşinə tutmaqdır.
Bəzi siyasətbazlar isə, məhz belə qüvvələri birləşdirmək xəyalı ilə yaşayırlar. Məsələn, "Azadlıq" blokundakı partiyalarla İsa Qəmbərovun tərəfdarları arasındakı ittihamların getdikcə kəskinləşdiyi bir vaxtda Müsavat başqanının qulbeçələri müxalifətin yeni güc mərkəzinin yaradılması haqqında təkliflərini hazırlayıb.
Müsavat başqanı mətbuata Azərbaycan Xalq Cəbhəsinin bərpası haqda ideyasını reallaşdırmaq istiqamətində hələ heç bir iş görmədiyini bildirib. Başqan deyib ki, "Təşəbbüsümün həyata keçməsi üçün var gücümü sərf edəcəyəm. Lakin digər məsələlər bu və ya digər şəxslərin özünün mənəvi məsuliyyətindən asılıdır. Yeni ideya və vəziyyətdən çıxış yolu kimi bütün müxalifətin AXC ətrafında cəmləşməsi təşəbbüsünü irəli sürürəm".
Gülməli təşəbbüsdür. Adamdan soruşarlar ki, aya, bu dediyin müxalifət nə zaman birləşdi ki, indi də AXC ətrafında cəm ola? AXC-ni elə bunlar parçalamadımı? İkinci bir tərəfdən məgər müdrik babalarımız deməyibmi ki, 2 (və ya daha çox) qoçun başı bir qazanda qaynamaz?
Təşəbbüsünün həyata keçməsi məqsədilə danışıqlara hazır olduğunu vurğulayan Müsavat başqanı hesab edir ki, ziddiyyət tərəfləri arasındakı kəskin münasibətlər o qədər də dərinləşmədiyindən barışıq üçün imkanlar hələ tükənməyib. Müsavat başqanı yəqin düşünür ki, partiyaların AXC ətrafında cəmləşməsi ideyası reallığa çevriləcək, ya da müxalifət liderlərinin bir qismi öz "şirələrində" qaynaya-qaynaya qalacaqlar.
Rəhmətliyin oğlu, əcəb söz danışırsan, bunların məgər "şirələri" qalıb ki, onda qaynasınlar? İkincisi də ziddiyyətlərin dərinləşməyi necə olur, bir-birini baltalayası ha deyillər?
Süni optimizmə baxmayaraq radikal qüvvələr tərəfindən bir-birinə qarşı həyata keçirilən düşmənçilik hərəkətləri bütün körpüləri yandırıb və bu qüvvələrin birləşməsi məsələsi heç müzakirə obyekti də deyil. Cəbhənin əks tərəflərində yer alan "lider"lər isə heç bir vəchlə bir-birinə güzəştə gedənə oxşamırlar.
Beləliklə, ortalığa Azərbaycan Xalq Cəbhəsinin bərpa edilməsi ideyasının atılması bütün cəbhələrdə ağır məğlubiyyətə uğrayan radikal müxalifətin son çarə olaraq bu məsələdən yapışdığını və bütün ümidlərini ona bağladığını göstərir. Lakin durum göstərir ki, bu məsələ düzələn deyil.
Azərbaycanda baş verən iqtisadi yüksəliş, əhalinin sosial müdafiənin güclənməsi, işsizliyin aradan qaldırılması və s. amillər ona gətirib çıxarıb ki, xalq ötən dəfə səs verib seçdiyi partiyanı yenidən dəstəkləyəcək. Bunu ölkədə müxtəlif yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilən sorğuların nəticələri təsdiqləyir.
Hazırda müxalifət düşərgəsində yaranmış mövcud vəziyyəti nəzərdən keçirdikdə aydın olur ki, siyasi partiya və bloklarının heç birinin seçkidə YAP-a rəqib olacaq gücdə namizədləri və siyasi reytinqləri yoxdur.
Bu səbəbdən də seçki prosesi müxalifət və onların liderləri üçün ancaq gündəmdə qalmaq və özünü reklam etmək imkanı qazanmaqdan başqa heç nəyə xidmət etməyəcək. Bunu artıq düşərgə təmsilçiləri dəfələrlə qeyd ediblər.