Sərdar Cəlaloğlu fəaliyyətini dondurur
ABŞ-da mühacir həyatı yaşayan Rəsul Quliyevin köhnə həmkarı siyasətdən, deyəsən, birdəfəlik uzaqlaşır. Son iki həftədə bir dəfə də olsun sədrlik etdiyi Azərbaycan Demokrat Partiyasının qərargahına gəlməyən Sərdar Cəlaloğlu obyektiv və subyektiv səbəbləri bəhanə gətirərək, qurumun gündəlik fəaliyyətinə qarışmır. ADP üzvləri də son vaxtlar Sərdar "bəyin" çox qəmgin və ruh düşgünlüyü şəklində işə gəldiyini bildirsələr də, iki həftədə onun üzünü görmədiklərini bildirirlər. Hətta S.Cəlaloğlunun ölkədən kənarda olduğu barədə də məlumatlar dolaşmaqdadır.
Amma sonradan məlum olub ki, Sərdar "bəy" xaricdə yox ölkənin əyalətlərindən birindədir. Onun rəhbərlik etdiyi partiyada isə heç kim dünən qədər bu xəbəri bilmirdi. Çünki S.Cəlaloğlu qurumdan uzaqlaşanda işə gəlib-gəlməyəcəyi barədə heç kəsə məlumat verməyib. Məhz ADP sədrinin bir həftəlik iş buraxmasından sonra partiya üzvləri onun mobil telefonuna zəng edərək, harada və nə işlə məşğul olduğunu öyrənməyə nail olublar. Doğrudur, olduqca az müddət çəkən telefon danışığında ADP-çilər S.Cəlaloğlunun xaricdə deyil, vətəndə olduğunu və rayonların birində istirahət etdiyini öyrənə biliblər. Amma bu qeyri-naməlumluq şəraitində həm ADP daxilində həm də, kənarda S.Cəlaloğlunun nə səbəbə görə qurumdan uzaqda qalmağını öyrənmək olub. Məlum olub ki, artıq S.Cəlaloğlu siyasətdən uzaq qalmaq eşqinə düşüb. Maraqlısı isə ondan ibarətdir ki, sonuncu dəfə "Ambassador" otelində siyasi partiyaların birlikdə apardığı müzakirələr zamanı BAXCP-i sədri Qüdrət Həsənquliyevlə qızğın mübahisə etdikdən sonra S.Cəlaloğlu yaman məyusluq keçirib. Q.Həsənquliyevin ona bir o qədər də təpki göstərmədiyini nəzərə alsaq, bu mübahisənin Sərdar bəyin ruh düşgünlüyünə səbəb olacağını söyləmək çox çətindir. Elə bu səbəbdən də, Sərdar "bəyin" öz canı qədər "sevidiyi" partiyasından imtina etməsinin tərəflərini tamam başqa yerdə axtarmaq lazımdır. Nəzərə almaq lazımdır ki, S.Cəlaloğlu müxalifət düşərgəsində təmsil olunan partiyalar arasında o qədər də yüksək nüfuz sahibi deyil. Ona ancaq müxalifətin aravuran partiya sədri kimi yanaşılır. Məhz bu aspektdən də Sərdarın müxalifətdən küskün düşməsinin səbəbləri elə bu prinsipin kökündə dayanır. Çünki uzun müddətdir ki, S.Cəlaloğlu müxalifətin köhnə partiya sədrləri ilə qalmaqaldadır. Onların heç biri də ADP sədri ilə yola getmədiklərini və ümumiyyətlə, bu şəxsin siyasətə aid olmadığını əsas gətirərək onunla heç bir əməkdaşlığa getmirlər. Axır zamanlarda isə Sərdarla bir çoxları açıq mübahisədən belə çəkinmirdi. Çünki tamamilə öz müqavimət imkanlarını itirmiş S.Cəlaloğlundan kiminsə ehtiyat etməsi nağıl kimi bir şey olmuşdu. Bu səbəbdən də, müxalifət düşərgəsində yerindən duran hər kəsin onun "ağzına vururdu".
S.Cəlaloğlunun müəmmalı şəkildə yoxa çıxması müxalifət düşərgəsində bir sıra partiyaların öz maraqlarına uyğun olaraq yeniliklər etməsi ilə üst-üstə düşməli olub. Belə ki, "Demokratiya Uğrunda İttifaq"da təmsil olunan partiyalar bu yaxınlarda özlərini göstərmək üçün mitinq keçirmək iddiasına düşüblər. Bundan əlavə müxalifətin baş bəlası Müsavat partiyasında başqan dəyişikliyi məsələsi lap aktuallaşıb. Digər yanda isə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu partiya yaratmaq istəyinə düşüb. Ardıcıl baş verənlər sırasında isə birdən-birə S.Cəlaloğlunun yoxa çıxması düşərgə daxilində hər kəsdə böyük təəccüb doğrurub. Bəziləri isə onun ABŞ-da yaşayan keçmiş havadarının yanına qaçması barədə fikirlər səsələndirirlər. Bütün bunlar isə düşərgə daxilində olanların bir qismidir. Yazıq S.Cəlaloğlu da elə bu qalmaqalların əlindən başını götürüb aradan çıxdı.