PDF Oxu

Müxalifət

  • 13

Müxalifət daxilində yeni çaxnaşma

Müxalifət daxilində yeni çaxnaşma
Bəzi müxalifət yetkililəri düşərgədəki mövcud süstlüyü pozub önə çıxmağa çalışırlar. Bir çoxları yeni, digərləri isə köhnə prinsipləri təzə qaydalar kimi, əlində əsas tutaraq, özlərinin mövcudluqlarını cəmiyyətə göstərməyə çalışırlar. Elə bu məqsədlə də onlar daha çox düşərgə daxilində heç də bir-birinin mövcudluğunu arzulamayan qüvvələri qıcıqlandırırlar. Doğrudur, bu məsələ bir qədər fərqli görünsə də, hər halda, düşərgədə bu cür halların olması heç də yenilik demək deyil.
Başlarına gələn avazı cəmiyyətə təşviq etməyə çalışan qüvvələrin müxalifət adı altında nə etmək istəyində olduqlarını, hələ ki, heç kim başa düşmür. Elə "Demokratiya Uğrunda İttifaq"da cəm olmuş müxalifətin "cırtdan" partiyaları da hər vəchlə öz mövcudluqlarını göstərməklə nə demək istəyində olduqlarını heç Mirmahmud Fəttayev də qana bilmir. Bunlar bir kənara qalsın. Adamın ağlına tamam başqa şeylər gəlir: bunlar bu yayın istisində harada itib-batmışdılar ki, guya indi qəflət yuxusundan ayılıblar. Maraqlısı isə, ondan ibarətdir ki, onların yadına Dağlıq Qarabağ problemi düşüb. Nə əcəb? Guya indiyə qədər Mirmahmud, Əhməd və digər onlar kimilər bu ölkədə yaşamırdılar. Əgər indi də onlar qış yuxusundan ayılıblarsa, buna da şükür eləmək lazımdır. Çünki bu müxalifət düşərgəsində elələri var ki, yadına nə vətən, nə torpaq düşür. Amma onların bu yaddaşına kül olsun ki, yuxudan ayılan kimi mitinq keçirmək iştahasına düşüblər. Məgər mitinq keçirməklə Dağlıq Qarabağı erməni bizə qaytaracaq, "hörmətli" müxaliflər? Əsla. Bu məsələnin həlli üçün dövlətimiz ən düşünülmüş və xalqımız üçün ən prinsipial məqamları yerinə yetirir. Ona görə də, inanırıq ki, lap yaxın zamanlarda bu problem öz həllini tapacaq.
Maraqlı bir məsələ isə, ondan ibarətdir ki, müxalifət düşərgəsində olanlar zaman-zaman öz maraqları kontekstində bir çox milli prinsiplərdən çıxış ediblər. Ona görə də, onların istənilən bir milli məsələdə nə qədər səmimi olduğuna cəmiyyət şübhə ilə yanaşır. Qaldı ki, belə bir məqamda "DUİ"-də təmsil olunan partiyaların üzə çıxması, sadəcə olaraq, öz mövcudluğunu hiss etdirməkdən başqa bir şey deyildir. Amma belə mövcud olmaqdansa, olmamaq daha yaxşıdır. Çünki var olub, üz qarası kimi yaşamaqdansa, birdəfəlik yox olmaq daha doğru olardı. Yoxsa M.Fəttayevin göstərişi ilə əl-ayağa düşən "Azadlıq" partiyasının sədri Əhməd Oruc kimi qabaqlarına çıxanı mitinqə çağırmaq isə, ona baş ağrısı gətirib. "DUİ"-də təmsil olunan partiyaların Dağlıq Qarabağ probleminə həsr edəcəkləri mitinq isə müxalifət düşərgəsində heç də birmənalı qarşılanmayıb. Əksər müxalifət yetkililəri bu addımın heç bir effekt verməyəcəyini və ümumiyyətlə, prosesin gedişində nəsə bir yenilik kimi olmayacağını düşünürlər. Yenə də, həmişə olduğu kimi, Müsavat sözçüləri daha çevik tərzdə önə çıxıb "DUİ"-nin addımına reaksiya verməli olublar. Müsavatın icra aparatının rəhbəri Arif Hacıyev "DUİ"-nin biabırçı mitinq keçirəcəyi təqdirdə, gülüş hədəfinə çeviriləcəyini bildirib. O, qeyd edib ki, indiki məqamda guya muxlifətin adından mitinq keçirmək heç nə demək deyil. A.Hacıyev bu cür hərəkəti ilə, əslində, biabır olmaqdan o tərfə keçməyin mümkün olmayacağını dilə gətirib. "Bu cür addımlar və istənilən bir hərəkət müxalifət düşərgəsində kimlərinsə önə çıxması yenilik deyil. Çünki hazırda Dağlıq Qarabağ məsələsi ətrafında aparılan danışıqlarda "DUİ" və digər qurumların atmış olduqları istənilən addımlar əks-təsir bağışlaya bilər. Ona görə də, bir partiya funksioneri kimi belə məqamlardan kənar durmaq daha məsləhətlidir" deyən A.Hacıyev hər bir partiyaya öz imkanları daxilində hərəkət etməyi də tövsiyə edib.

Digər xəbərlər