PDF Oxu

Müxalifət

  • 10

Radikalların son seçimi: ya rüsvayçılıq, ya da faydalı iş

Radikalların son seçimi: ya rüsvayçılıq, ya da faydalı iş
Bu ilin dekabrında keçiriləcək bələdiyyə seçkiləri ölkə müxalifətinin, əsasən də, radikal qüvvələrin sıralarında çaxnaşmalar yaratmaqdadır. İldən-ilə müxalifətin reytinqi aşağı düşdüyündən və ictimaiyyətin dəstəyindən mərhum olduqlarından seçki ilində bu qüvvələrin fəaliyyət imitasiyasının konturlarını sezməmək mümkün deyil. Ölkə müxalifəti, onun liderləri artıq anlayıb və qəbul ediblər ki, hazırkı prezident və onun partiyası əhalinin tam dəstəyini və etimadını qazandığından, hər hansı bir seçkidə onunla rəqabət aparmaq və uğur qazanmaq şansı sıfıra bərabərdir. Son günlər bu və ya bu kimi etiraflar müxalif düşərgədən daha tez-tez eşidilməyə başlayıb.
Ölkədə aparılan iqtisadi, sosial və demokratik islahatlar elə bir güclü inkişafa gətirib çıxarıb ki, müxalif düşərgə tamam arxa planda qalıb. Ölkənin aktiv əhalisi indi yalnız bir partiyanın- ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasını və onun lideri İlham Əliyevin ətrafında birləşib.
YAP-dan verilən məlumata görə, partiya sıralarına 500 minə yaxın üzv qəbul olunub. Bütün müxalifət partiyalarının real üzvləri birlikdə bu rəqəmin 1 faizinin altında formalaşır. Bu fakt YAP-ın Qafqazda ən böyük siyasi təşkilat olduğunu göstərir.
Beləliklə, seçki ilində müxalifətin durumu daha da ağırlaşıb və elektorat itkisi maksimuma çatıb. Bu səbəbdən, müxalifət uzun müddətdir ki, heç bir kütləvi aksiya təşkil edə bilmir. Dünya təcrübəsinə nəzər saldıqda, məlum olur ki, siyasi partiyalar daha çox seçki ilində aktiv fəaliyyət göstərir və həmin ildə fəaliyyətlərini daha da gücləndirirlər. Azərbaycanda hazırda bunun tam əksi müşahidə olunur.
Müsavat Partiyası birmənalı şəkildə seçkidə iştirak etməyi düşünür. Qəti şəkildə söyləmək olar ki, Müsavatın seçkidən imtina edəcəyi real görünmür. Çünki bu partiyanın və onun lideri İsa Qəmbərovun sonu demək olar.
"Demokratiya Uğrunda İttifaq" da seçkidə iştirak etməyə hazırlaşır. Bu alyansda ciddi və reytinqli namizədlər olmasa belə, onlar bu seçkidən özlərini və partiyalarını reklam etmək, tanıtdırmaq üçün istifadə etmək fikrindədirlər.
Digər siyasi qüvvələri isə ciddi blok və ya təşkilat hesab etmək olmaz. Bütün bu məqamlar, onu deməyə əsas verir ki, bu ilin seçki marafonu daha çox "siyasi mövcudluq" elementləri üzərində bərqərar olacaq.
Xatırladaq ki, bir sıra nüfuzlu xarici diplomatlar və beynəlxalq ekspertlər də Azərbaycandakı bələdiyyə seçkilərində YAP-ın böyük üstünlüklə qələbə qazanacağına inandıqlarını bildirirlər. Bu haqda mediada materiallar yayılır.
Azərbaycanda baş verən iqtisadi yüksəliş, əhalinin sosial müdafiəsinin güclənməsi, işsizliyin aradan qaldırılması və s. amillər ona gətirib çıxarıb ki, xalq ötən dəfə səs verib seçdiyi partiyanı yenidən dəstəkləyəcək. Bunu ölkədə müxtəlif yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilən sorğuların nəticələri təsdiqləyir. "Gallup"un son sorğusu isə, bu qənaəti müxalifət düşərgəsində də möhkəmləndirib.
Ümumiyyətlə, son illər boş-bekar qalan müxalifət liderləri yalnız öz iş yerlərini qorumaqla məşğul olublar. Bu seçkidən sonra isə onlar tamamilə işsiz qala bilər. Amma məncə, narahatlığa heç bir əsas yoxdur. Ölkədə hər il yüz mindən artıq yeni iş yeri açılır və siyasətbazlar öz ambisiyalarından əl çəkərək cəmiyyətə faydalı işlə olmaq istəsələr, məşğulluq xidmətləri onları normal əməkhaqqı müqabilində müxtəlif işlərlə təmin edə bilər.
Xalq arasında tamam rüsvay olmaqdansa, öz halal zəhməti ilə başıuca yaşamaq daha yaxşı deyilmi? Bu haqda ayıq başla düşünməyə dəyər. Seçim üçün isə cəmisi bir neçə ay zaman qalır. Sonra gec ola bilər.

Digər xəbərlər