PDF Oxu

Müxalifət

  • 9

Uğursuz müxalifətin xülyaları

Uğursuz müxalifətin xülyaları
Cari ilin sonunda keçiriləcək bələdiyyə seçkisinin vaxtı azaldıqca müxalifət düşərgəsi vəziyyəti aydınlaşdırmaq əvəzinə, özünü daha qaranlıq dalana dirəyir. Ümumiyyətlə, son zamanlar durğunluqdan xilas olmaq üçün cəhd edən düşərgə təmsilçiləri tarixin yaddaşına köçməmək üçün hələ də manipulyasiya ilə məşğuldurlar.
Radikal müxalifət liderləri özlərinə məxsus olan mətbu orqanlarının səhifələrində çıxış yolu tapa bilmədikləri üçün biri-birilərini təhqir etməklə qərarsızlıq içində çapalayırlar. Nəinki arzuladıqları yekdil rəyə gəlmək, hətta partiyalarında belə bircins qərar qəbul etməyin mümkünsüzlüyünü dərk edən düşərgə liderləri çıxış yolunu yalanları ilə xalqın gözünə girmək cəhdində görürlər.
Sosial dəstəyi sıfıra bərabər müxalifətin "şəxsiyyətə pərəstiş" qismindəki elektoratının da öz rəhbərlərinə inamının itdiyi ortadadır. Çünki eyni partiyada bir-birləri ilə yola getməyən, qruplaşma yaradan, stol davası aparan insanların hakimiyyət sövdasının hansı acı nəticə ilə bitdiyinin bir dəfə şahidi olublar.
Öz fantaziyalarında özlərini güc mərkəzi kimi qələmə verən Müsavat partiyası seçkiyə qatılmaq qərarı versə də, İsa Qəmbərovun iki funksionerin - Rauf Arifoğlu ilə Sülhəddin Əkbərin əlində əsirə çevrilməsi faktdır. Yalnız funksionerlərin havasına oynayan başqan bir sıravi müsavatçıya belə təsir edə bilmir. Səbəb isə aydındır. Seçkidən sonra biabırçılıqla məğlub olacaq İ.Qəmbərovun yenidən siyasətdə qalması qeyri-mümkün olacaq. Belə olan halda, partiyanın yuxarıda qeyd olunan iki funksioner arasında bölünməsi reallığa çevriləcək. İndidən ən böyük paya sahib çıxmaq istəyən funksionerlər artıq bu istiqamətdə digər qüvvələrdən yardım istəyir. Elə bu yardım istəmənin yaratdığı aqibətdir ki, partiyanın məclis sədri S.Əkbər yalnız "Yurd" şefi Əli Kərimovun dediklərini təkrarlayır, yəni partiyasını boykota çağırır.
Heç Ə.Kərimovun yanında da vəziyyət ürəkaçan deyil. Blokun məclisinin çağırılmaması və sədrlər şurasının qəfil boykot qərarı verməsi narazılıqlara səbəbə olmuşdur. Elə bu səbəbdəndir ki, "Yurd"çulardan Samir Şəbiyev, Rahim Musayev, Zəhid Vəliyev "Səs"ə verdikləri açıqlamalarında bildirdilər ki, artıq Ə.Kərimovun partiyada heç bir nüfuzu qalmayıb. "Yurd"çular onu da bildirdilər ki, ölkədə keçirilən bütün seçkilər ərəfəsi Ə.Kərimovun boğazdan yuxarı vədlərinin nəticəsi biabırçı uğursuzluq və ictimaiyyətin nifrəti ilə yadda qalmaqdadır. Budur əsil mənzərə. Bununla belə, yenə hansısa "böyük iddiadan", "şansdan" dəm vuran radikal müxalifət öz həyatını xilas etməyə çalışsa da, buna nail ola bilməyəcək. Çünki qrant bataqlığında boğulan, parçalanmalardan və didişmələrdən başı ayılmayan gücsüz müalifət düşərgə daxilində "çay gəlməmiş çırmanan" liderlər çoxdur.

Digər xəbərlər