PDF Oxu

Müxalifət

  • 6

AMİP-”Ümid” qarşıdurması yeni mərhələyə adlayır

AMİP-”Ümid” qarşıdurması yeni mərhələyə adlayır
Siyasi arenada nəzəri cəlb edən maraqlı olaylardan biri də müxalif partiyalar arasında qarşıdurmaların yenidən qızışmasıdır.  Bu mənada, AXCP (i), Müsavat, "Ümid", AMİP və ADP daxilində baş verən çəkişmələr, bəzən isə, bu çəkişmələrin tərəflərarası müstəviyə keçməsi daha çox diqqəti cəlb edir.  Bu isə, onsuz da iflic vəziyyətdə olan müxalifətdaxili durumun bir qədər də gərginləşməsinə rəvac verir. Nəticə isə onunla bitəcək ki, bələdiyyə seçkilərində pərakəndə və dağınıq halda olan müxalifət növbəti məğlubiyyətlə üzləşəcək.
Görünür, bu amili nəzərə aldığındandır ki,  AMİP lideri Etibar Məmmədov, "ACP" liderinin müşaviri Zəminə Dünyamalıyeva, ALP sədr əvəzi Əvəz Temirxan və digərləri bələdiyyə seçkilərinə qatılmağın mənasız olduğunu söyləyirlər. Hətta ALP sədr əvəzi Ə.Temirxan müxalifəti rüsvayçılıqdan çəkinməyə çağırır. Ancaq özləri haqqında yüksək fikirdə olan cılız düşüncəli partiya sədrləri bələdiyyə seçkilərində iştirak edəcəklərini bəyan ediblər. "Ümid" partiyasının sədri İqbal Ağazadə bir qədər də uzağa gedərək, bələdiyyə seçkilərində uğur qazanacaqlarını söyləyib. İ.Ağazadə seçkilərə hazırlığı yüksək səviyyədə keçirmək üçün sentyabrın 1-nə qədər namizədlərin müəyyənləşdirilməsi prosesini başa çatdıracaqlar.
Maraqlı məqam ondan ibarətdir ki, İ.Ağazadənin başından böyük ifadələr səsləndirməsi AMİP lideri E.Məmmədova xoş gəlməyib. E.Məmmədov indiki halda ümumi müxalifətin bələdiyyələrə namizədləri müəyyənləşdirmək gücünə malik olmadığını söyləyib: "Təəssüf ki, İ.Ağazadə və onun ətrafında olanlar yalan danışmağın, pafoslu fikirlər səsləndirməyin acı nəticələr doğurduğunu hələ də başa düşməyiblər. Yaxşı olardı ki, reallıqdan çıxış etməklə cəmiyyətdə rəğbət qazanmaq yolu tutulsun. Əks halda, partiyalar düşdükləri uçurumda bir qədər də qalmalı olacaqlar."
E.Məmmədovun ittihamlarını əsassız hesab edən "Ümid" partiyasının sədri İ.Ağazadə "Səs"in müxbiri ilə söhbətində AMİP-çiləri iqtidar qazanının dibini yalamaqda günahlandırıb. Onu da qeyd edib ki, uğursuzluğa düçar olan E.Məmmədov siyasi proseslərdə uğur qazanmağın yolunu iqtidarda yarınmaqda görür. Bu isə, ona siyasi dividend gətirməyəcək.
Bir sözlə, partiya sədrləri arasında dondurulmuş qarşıdurmalar bələdiyyə seçkilərinin yaxınlaşması ilə yenidən alovlanır. Bu isə, müxalifətə ancaq uğursuzluqlar gətirəcək. Çünki seçki yalnız konstruktiv, sivil mübarizəni sevir. Əks halda, qarşıdurmalarla müşayiət olunan rəqabət məğlubiyyətə gətirir. Bu anlamda, onu demək olar ki, əsası qoyulan müxalifətdaxili qarşıdurmalar bələdiyyə seçkilərində müxalifətə acı məğlubiyyət gətirəcək. Hər halda, proqnozlar və gedən proseslər bunu deməyə əsas verir.

Digər xəbərlər