Azərbaycan müxalifəti 15 ildən artıq müddətdə elə bir vəziyyətə düşüb ki, ölümlə üz-üzə qalıbdır. Əcəl onlardan qaçsa da, onlar əcələ tərəf gedirlər. Yəni, özləri özlərini uçuruma doğru aparırlar. Sözsüz ki, çirkin əməllərinin nəticəsində - özləri buladıqları yerdə özləri məskən salırlar. Müsavat başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov, "MBH" lideri Lalə Hacıyeva, ALP-nin sədr əvəzi Əvəz Temirxan və qeyriləri öz qazdıqları quyuya özləri düşüblər. Sonra da bütün bunlara görə, yəni düşdükləri vəziyyətə görə, iqtidarı günahkar bilirlər. Ancaq nəzərə almaq lazımdır ki, öz günahını digərlərinin üzərinə atmaq heç də insaniyyətdən deyil. Gərək, hər bir şəxs - kimliyindən, tutduğu mövqedən asılı olmayaraq öz səhvini də, öz uğurunu da heç kəsin ayağına yazmasın.
İsa Qəmbərov-Əli Kərimov qarşıdurması:
Heç kəsə sirr deyil ki, Azərbaycan müxalifəti daxilində- radikal "bəy"lər arasında heç zaman səmimi münasibət olmayıb. Yəni, onların münasibəti-mehriban düşmənçilik kimidir. Elə bütün bunların nəticəsidir ki, onların iqtidarda olduqları müddət 1 ildən artıq olmadı. 90-cı illərin əvvəllərindən üzü bu tərəfə İsa "bəy"lə Əli "ağa" arasında qarşıdurma baş verməkdədir. Gah o, bunu söyür, gah da bu, onu söyür. Hər ikisi də söyülə-söyülə "siyasi fəaliyyət"lərini davam etdirirlər. Təki 5-10 gün gündəmdə qala bilsinlər. Bu, onlar üçün hər şeydən üstündür. Xarici "sponsor"lardan gələn pulların hesabına kef çəkmək də radikal müxalifət "bəy"ləri üçün hər şeydən üstündür. İsa "bəy" Ə. Kərimovla bir gün həmin pulların hesabına oturub "qardaşcasına" yeyib-içirlər, əməkdaşlıq barədə müzakirələr aparırlar, səhəri gün isə biri-birilərini satqınçılıqda, müxalifət düşərgəsinin zəifləməsinə baiskar olmaqda ittiham edirlər. Burdan belə bir sual meydana çıxır ki, əməkdaşlıq hara, belə ittihamlar hara? Bu da bunların qardaşlığı.
Etibar Məmmədov və Rəsul Quliyevin "siyasi fəaliyyəti"
Bir zaman müxalifət düşərgəsində özünü "boss" kimi aparan AMİP-in keçmiş sədri, indiki lideri olan E. Məmədovun son zamanlar səsi-sorağı gəlmir. Yazıq Etibar qağanın başı o qədər qarışıb digər işlərə ki, göz-bəbəyi kimi qoruyub-saxladığı AMİP-lə maraqlanmır. Adıçəkilən partiyada problem AMİP-çilərin sayından çoxdur. Birincisi, hələ AMİP öz sədrini seçə bilməyib, daha doğrusu, bu partiyaya sədr tapa bilməyiblər. Yəni, heç kəs əhəmiyyəti olmayan bir partiyaya sədr olmaq istəmir.
R.Quliyevdən isə heç danışmağa dəyməz. ADP ondan üz çevirdikdən sonra, mənası, əhəmiyyəti olmayan- "ACP" adlı partiya yaratdı. Bu partiyanın da rəhbərliyi arasında qarşıdurma bitmək bilmədi.
Beləliklə, müxalifət partiyaları artıq öz dövrlərini çoxdan başa vurublar. Gərək, radikal düşərgənin "başqanları" da çoxdan siyasətlə vidalaşaydılar.