Müxalifətin yeni taktikası- seçkilərə doğru geriyə
Bələdiyyə seçkiləri yaxınlaşdıqca, müxalifət partiyaları müxtəlif siyasi əməliyyatlar həyata keçirməyə cəhd edirlər. Bəziləri seçkidə vahid blokda iştirak etməyi, digərləri isə seçkini boykot etməyi təklif edirlər. Məhz bu fikir ayrılığı da düşərgədə problem yaradır. Əsas müxalifət partiyalarının bir araya gəldiyi "Qarabağ və Respublika Uğrunda Hərəkat"da yenidən fikir ayrılığı yaranıb. Belə ki, hərəkata daxil olan "Vətəndaş və İnkişaf Partiyası"nın sədri Əli Əliyevin bələdiyyə seçkilərinin boykot edilməsi ilə bağlı fikirləri hərəkatdakı digər həmkarları tərəfindən qəbul olunmur.
Hərəkatda təmsil olunan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu boykotun indiki məqamda məqsədəuyğun olmadığını bildirib: "Mənə elə gəlir ki, biz mümkün qədər seçkilərdə iştirak etməliyik. Çünki onsuz da cəmiyyətdə çox təhlükəli həddə passivlik var. Bəlkə də belə passivlik iqtidarın da mənafeyinə uyğun olardı. Ona görə də, bələdiyyə seçkilərinə qatılıb mübarizə aparılmalıdır".
Seçkinin boykot edilməsinə gəlincə, S.Cəlaloğlu deyib ki, bu məsələnin "Qarabağ və Respublika Uğrunda Hərəkat"da müzakirəyə çıxarılacağını gözləmir. Onun sözlərinə görə, bələdiyyələrlə bağlı qeyri-müəyyənlik də seçkilərlə bağlı konkret qərar verməyi çətinləşdirir.
Ə.Əliyevin indiki mərhələdə boykotdan danışmasına gəldikdə isə ADP sədri bildirib ki, seçkilər hələ başlamamışdan bir sıra bəyanatlar verilir: "Bu bəyanatlar adamlarda pessimizm yaradır, bələdiyyə seçkilərinin nəticələrinə inamı azaldır. Ona görə də kimlərsə, seçkiyə qatılmamağı düşünür. Amma mənə elə gəlir ki, "Qarabağ və Respublika Uğrunda Hərəkat" bu seçkilərdə mütləq iştirak etməyə çalışacaq".
Müsavat Partiyası mərkəzi icra aparatının rəhbəri Arif Hacıyev deyib ki, hərəkatda boykot məsələsi müzakirə olunmur: "Bilirsiniz ki, vətəndaş hərəkatına daxil olan partiyalar, o cümlədən, Müsavat partiyası bələdiyyə seçkilərində iştirakla əlaqədar qərar edib. Hazırda da seçkiyə hazırlıq işləri sürətlə davam edir. Ola bilsin ki, kimsə fikirlərini bu şəkildə ifadə edib. Amma vətəndaş hərəkatına daxil olan "Azadlıq" bloku da bələdiyyə seçkilərində iştirak qərarı verib. Yəni boykot barədə qərar yoxdur, seçkidə iştirak haqqında qərarlar gündəlikdədir".
Siyasi dairələrdə diskussiya obyektinə çevrilən söhbətlərdən biri də növbəti seçkilərədək ortaya yeni qüvvələrin çıxması ilə bağlıdır. Amma iri partiyalar öz ətraflarında keçilməz sədd yaradaraq, kiçik partiyaları gündəmdən kənarda saxlamağa çalışırlar. İri partiya liderləri düşünür ki, biz bu boyda partiya ola-ola ətrafımızda cəmi 1-2 yüz adam var, o zaman 5-3 nəfərlik partiyalar bizim nəyimizə lazımdır?
Nə "DUİ", nə "Azadlıq" bloku, nə də başqası ikinci dərəcəli partiyaları özlərinə yaxın buraxmaq fikrində deyillər. Bu istiqamətdə öz təsir dairələrində olan mətbu orqanlardan da geniş istifadə edirlər. Bu səbəbdən də adekvat tədbirlərə əl atan "cırtdanlar" acığa düşüb özlərinin blokunu yaratmağa çalışırlar.
Beləliklə ifrat radikalların sıraları getdikcə seyrəldiyindən bir neçə kiçik qurumu birləşdirib effektiv fəaliyyət göstərməyə çalışırlar. Məncə, bu strategiya özünü doğrultmayacaq. Birincisi ifrat radikallar cəmiyyətdə ümumi siyasi qüvvələrin çox kiçik bir hissəsini təşkil edir, ikincisi bu strategiya özünü heç vaxt doğrultmur, üçüncüsü bu düşərgə daxilində olduqca ambisioz iddiada olan şəxslər var. Bu deyilənləri nəzərdən keçirdikdə, anlamaq çətin deyil ki, radikal düşərgə vahid blokda birləşə bilməz, hətta əgər birləşsə belə, cəmiyyətdən minimum dəstək belə ala bilməz.
Yuxarıda qeyd etdiklərimiz radikalların hansısa yeni oyuna başlamaq niyyətində olduqlarını göstərir. Gülməlisi isə odur ki, bu adamlar hələ keçirilməmiş seçkinin demokratikliyini şübhə alıtına almağa çalışırlar. Belə bir analoq dünya təcrübəsində rast gəlinməyən hadisədir. Çünki seçkilər bitməmiş onun nəticələri barədə kimsə nəsə deyə bilməz.
Bundan başqa, hansısa siyasi qüvvələrin seçkilərin nəticələrini tanıyıb-tanımamaları bütünlükdə xalqın seçkilərə münasibəti demək deyil. Xalq bir nəfər kimi gedib seçkilərdə iştirak edəcəksə, kimin nə mənəvi, siyasi, yaxud hüquqi haqqı olacaq, desin ki, yox, biz bu seçkiləri tanımırıq. Bu səbəbdən də, boykot taktikası irəli sürənlər indidən fiaskoya məhkumdur.