PDF Oxu

Müxalifət

  • 13

Düşərgədə “hədəf oyunu”

Düşərgədə “hədəf oyunu”
Artıq neçə müddətdir ki, dilə gətirdiyimiz fikirlər, radikal düşərgədə sürətlə öz təsdiqini tapmaqdadır. Bu ilin dekabrında keçiriləcək bələdiyyə seçkilərilə bağlı qərəzli və kifayət qədər təxribat xarakterli mövqe ortaya qoyan radikallar, bununla da siyasi iflaslarının qaçılmaz olduğunu və siyasi iflasdan qəti şəkildə qaça bilməyəcəklərini nümayiş etdirdilər.
Radikal düşərgə qarşıdakı bələdiyyə seçkilərində növbəti biabırçılıqla üzləşməmək üçün baş sındırırlar. ASDP həmsədri Zərdüşt Əlizadə düşərgədə baş verən hadisələrə münasibət bildirərək vurğulayıb ki, günahkar axtarışına çıxan radikal partiya sədrləri kimisi hədəfə tutmaqla öz çirkin oyunlarını ört-basdır etməyə çalışırlar: "Artıq hamı qəbul edir ki, daha radikal düşərgə barəsində bir kəlmə də olsun nəsə ümidli fikir söyləmək mümkünsüzdür. Bu adamlar müxalifəti elə vəziyyətə gətiriblər ki, radikal düşərgənin heç saman çöpünə də ümidi qalmayıb. Prezident seçkiləri və referendumdan sonra bələdiyyə seçkisi ərəfəsi fırıldaqlarını həyata keçirmək istəyən müxalifət partiyaları, gündəmə gəlmək və bu mərhələdə təşəbbüsü ələ almaq üçün var qüvvələri ilə mübarizəyə atılmaq istəkləri mənasızdır."
"Səs"ə yaxın mənbənin verdiyi məlumata görə, bu günlərdə Müsavat partiyasının qərargahında anti-bələdiyyə qruplarının birləşdirici iclası keçirilib və həmin iclasda da AMİP, ADP və Müsavat funksionerləri didişiblər. Müsavatdakı dünənki toplantı barədə qəzetimizi məlumatlandıran mənbə israrla bildirir ki, "Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı" kimi müxalifət qrupları fəaliyyətlərini dayandırmaq ərəfəsindədirlər. Buna səbəb bir sıra partiya rəhbərlərinin bu məsələyə qarşı əks-mövqe nümayiş etdirməsi və öz şəxsi maraqlarından çıxış etmələridir. Müsavatın qərargahındakı toplantıda isə Arif Hacıyevlə AMİP təmsilçiləri arasında əməllicə gərginlik yaşanıb. Mənbənin xəbərinə görə bir sıra qərarlar qəbul etmək üçün yığılan radikallar, sonradan bunun acısını yaşayıblar. Həm ADP, həm AXCP (i) və həm də Müsavat təmsilçiləri daha çox bir-biri ilə didişdikləri üçün müxalifətin növbəti müzakirələri də baş tutmayıb.
İndi qəribə situasiya yaranıb. Müsavatla AXCP (i)-nin ardından, indi də uzunmüddətli siyasi sürgündən sonra radikal düşərgəyə qayıtmaq üçün çapalayan AMİP lideri Etibar Məmmədov iddialı mövqe ortaya qoyur. Xüsusilə, məqsədlərinə çata bilməyən müxalifət partiyaları arasındakı toqquşmaların artması fövqündə AMİP liderinin daha çox gündəmdə qalması Müsavat və "Yurd" şefini özündən çıxarıb. Demək olar ki, hazırkı mərhələdə E.Məmmədov daha çox radikal düşərgənin əsas qüvvəsi "ana müxalifət" olmağı hədəfləyən qüvvələrlə didişir. İ.Qəmbərovu aradan götürmək və bununla da əbədi düşmənini müxalifətdən silmək üçün gecə-gündüz baş sındıran "Yurd" şefi, bu məsələdə AMİP liderinin köməyinə də ümid edir. Necə deyərlər, "düşmənimin düşməni mənim dostumdur". Ə.Kərimov Müsavatın daxili "kozırlarından" məharətlə istifadə etməyə çalışır. Onun köməyinə isə, uzun müddətdir ki, başqanla əsil "siçan-pişik" oyunu oynayan "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu çatdı.
Hazırda başqana istənilən zərbəni vurmaq üçün R.Arifoğlu müxalifət düşərgəsində daha çox "intriqa ruporu" rolunu oynayır. Müsavatı çökdürməyə çalışan R.Arifoğlu Ə.Kərimovla birləşərək Müsavat başqanının axırına çıxmaq istəyir. ADP sədri Sərdar Cəlaloğlu isə bildirib ki, artıq səbr kasası daşıb və bir çoxlarının müxalifəti yenidən öz xırda maraqlarına qurban vermək cəhdləri qətiyyən alınmayacaq.
S.Cəlaloğlu, bələdiyyə seçkiləri ərəfəsi müxalifətdəki bəzi partiyaların tələm-tələsik yenidən blok yaratmaq iddialarının mənasız olduğunu, indiki partiya rəhbərlərinin çoxunun köhnə streotiplərlə yaşadıqlarını bildirib. Sözün qısası, müxalifət iflasdan qurutula bilməyəcək qədər dərin uçurumdadır.

Digər xəbərlər