PDF Oxu

Müxalifət

  • 13

Birlik tələsinə düşən olmadı

Birlik tələsinə düşən olmadı
Son vaxtlar yeni-yeni radikal müxalifət birliklərinin yaranması ilə bağlı ortalığa saysız-hesabsız təşəbbüslər və təklif atılır. Bu, bir növ estafet halını alıb və sanki bu sahədə yarış elan olunub. Bu ideyaların "fıs" çıxdığını görən "iri" radikallar ayrı cəbhədə yer alan "cırtdan" radikalları öz ətraflarında cəm eləmək məqsədilə ağlagəlməz variantlar istehsal etməklə məşğuldurlar. Maraqlıdır ki, bu cəbhədə yer alan siyasi qüvvələr bir-birilərinə qarşı az qala düşmən mövqedədir və bütün iş gücləri bir-birini ittihamlar atəşinə tutmaqdır.
Bəzi siyasətbazlar isə, məhz belə qüvvələri birləşdirmək xəyalı ilə yaşayırlar. Məsələn, "Azadlıq" blokundakı partiyalarla İsa Qəmbərovun tərəfdarları arasındakı ittihamların getdikcə kəskinləşdiyi bir vaxtda Müsavat başqanının qulbeçələri müxalifətin yeni güc mərkəzinin yaradılması haqqında təkliflərini hazırlayıb.
Müsavat funksionerlərinin fikrincə, müxalifətin inteqrasiyası baş tutsa, cəmiyyətdə həm ideyaları ilə seçilən, həm də insanları bəlli hədəflərə yönəltməyi bacaran milli güc mərkəzi yaradıla bilərmiş. Müsavatdan səslənən fikirlərə görə, guya bu təklif partiyaların danışıqlara başlaması vacibliyini önə çəkərək tərəfləri qarşılıqlı ittihamlara ara verməyə çağırır.
Müsavat başqanı mətbuata Azərbaycan Xalq Cəbhəsinin bərpası haqda ideyasını reallaşdırmaq istiqamətində hələ heç bir iş görmədiyini bildirib. Başqan deyib ki, "Təşəbbüsümün həyata keçməsi üçün var gücümü sərf edəcəyəm. Lakin digər məsələlər bu və ya digər şəxslərin özünün mənəvi məsuliyyətindən asılıdır. Yeni ideya və vəziyyətdən çıxış yolu kimi bütün müxalifətin AXC ətrafında cəmləşməsi təşəbbüsünü irəli sürürəm".
Gülməli təşəbbüsdür. Adamdan soruşarlar ki, aya, bu dediyin müxalifət nə zaman birləşdi ki, indi də AXC ətrafında cəm ola? AXC-ni elə bunlar parçalamadımı? İkinci bir tərəfdən məgər müdrik babalarımız deməyibmi ki, 2 qoçun başı bir qazanda qaynamaz?
Bu dediyin qurumlarda bilirsənmi nə qədər qoç var? Özü də əziz canın haqqı, bunlar sən deyən qədər də qabağından yeyən qoçlardan deyil! Görmürsənmi, opponentləri birini deyəndə bunlar beşini qaytarır? Bu haqda təzədən düşünmək pis olmazdı...
Qayıdaq yenə təşəbbüsə... Təşəbbüsünün həyata keçməsi məqsədilə danışıqlara hazır olduğunu vurğulayan Müsavat başqanı hesab edir ki, ziddiyyət tərəfləri arasındakı kəskin münasibətlər o qədər də dərinləşmədiyindən barışıq üçün imkanlar hələ tükənməyib. Müsavat başqanı yəqin düşünür ki, partiyaların AXC ətrafında cəmləşməsi ideyası reallığa çevriləcək, ya da müxalifət liderlərinin bir qismi öz "şirələrində" qaynaya-qaynaya qalacaqlar.
Rəhmətliyin oğlu, əcəb söz danışırsan, bunların məgər "şirələri" qalıb ki, onda qaynasınlar? İkincisi də ziddiyyətlərin dərinləşməyi necə olur, bir-birini baltalayası ha deyillər?
Başqan düşünür ki, müxalifət partiyaları arasında o qədər də dərin uçurum mövcud deyil. Bəli, o qədər də dərin deyil. Amma bir-birinə yaxınlaşmaq üçün körpülərin yandırıldığı və buna cəhd edənin oradan kəlləmayallaq olub "xosunvay" ola biləcəyi qədər dərin bir uçurum var. Nə fərqi var 50 metr, və ya 100 metr? Uçurum elə uçurumdur!

Digər xəbərlər