İSESKO-ya üzv dövlətlərin mətbəx və kulinariyasına həsr olunan beynəlxalq festivalı keçiriləcək
"Bakı - İslam Mədəniyyətinin Paytaxtı - 2009" silsilə tədbirləri sırasında Azərbaycanda ilk dəfə İSESKO-ya üzv dövlətlərin mətbəx və kulinariyasına həsr olunan beynəlxalq festival keçiriləcək.
Festival çərçivəsində bu mövzuda ən böyük tədbir Bakıda İSESKO-ya üzv dövlətlərin milli mətbəx və kulinariyasına həsr edilən beynəlxalq konfrans olacaq. Konfransda İslam ölkələrinin mütəxəssisləri iştirak edəcək, milli kulinariya mədəniyyətinə dair fikir mübadiləsi aparacaqlar. Beynəlxalq festival çərçivəsindəki tədbirlərə islam ölkələrinin milli mətbəx və kulinariyasına həsr olunan incəsənət əsərlərinin nümayişi, kulinariya-incəsənət yarışları da daxildir. Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Nazim Səmədov deyir ki, artıq indidən bu tədbir Azərbaycanda və iştirakçı ölkələrdə böyük maraq doğurub. Nazim Səmədov onu da bildirdi ki Bakı İslam Mədəniyyətinin Paytaxtı -2009 ili çərçivəsində tədbirlərin çoxu qarşıdakı aylarda keçiriləcək. Sentyabrda gerçəkləşəcək "Şərq-Qərb" beynəlxalq kinofestivalında Heydər Əliyev sarayı və "Azərbaycan" kinoteatrında Şərqin və Qərbin ən müasir filmləri nümayiş olunacaq. Daha bir tədbir ölkəmizdə Mərakeş Krallığının mədəniyyət günlərinin keçirilməsidir. Bakıda krallığın tarixi, mədəniyyətini əks etdirən sərgilər, müxtəlif xalq oyunları təşkil ediləcək, filmlər nümayiş olunacaq. Ölkəmizə gələn mərakeşlilərə də Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti ilə yaxından tanış olmaq imkanı yaradılacaq. "Bakı - İslam Mədəniyyətinin paytaxtı - 2009" tədbirləri sırasında Üzeyir Musiqi Gününə həsr olunan ənənəvi "Üzeyir musiqi həftəsi", Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin ifasında islam ölkələri bəstəkarlarının əsərlərindən ibarət konsert, İstanbulun "Əsgəri muzeyində saxlanılan Şirvanşahlar dövrünə aid zirehli geyimlər sərgisi də var. Ümumiyyətlə, mədəniyyət paytaxtı ili çərçivəsində bu il ölkəmizdə yüzdən çox milli və beynəlxalq tədbir təşkil olunacaq. "Bakı - İslam Mədəniyyətinin Paytaxtı 2009" mədəniyyət ilinin açılışı bu il fevralın 18-də Heydər Əliyev sarayında olub və həmin gündən ölkəmizdə bu çərçivədə silsilə tədbirlərə start verilib.
Heydər Əliyev Fondunun dəstəyi ilə Pianoçuların Beynəlxalq Musiqi Festivalı keçirilir.