PDF Oxu

Müxalifət

  • 11

YUXU

YUXU
Deyirlər, insanın yuxuları iki cür yozula bilər: bunların bir qismi nə vaxtsa gerçəkləşir, digər qismi isə, elə yuxu olaraq qalır. Bu söhbəti eşidəndən başlamışam yuxularım üzərində müşahidələr aparmağa. Məsələ burasındadır ki, mən həmişə siyasi mövzulu yuxular görürəm. Bu məsələ ilə bağlı xeyli həkimə müraciət etsəm də, qaneedici bir cavab ala bilməmişəm. Ona görə də, istəyirəm bundan sonra yuxularımı oxuculara danışım, deyirəm, bəlkə bir məsləhət verən oldu.
Məsələn, o günləri işdən yorğun gəlib yatmışdım. Gecənin bir aləmində yuxuma radikal müxalifətin "lider"ləri girmədimi? Nə isə, görürəm ki, İsa, Etibar, Mirmahmud, Sərdar, Əli, Lalə və s. yoldaşlar qapalı iclas keçirirlər.
İclasda ölkənin bütün sahələrdə sürətli inkişafı və beynəlxalq nüfuzunun artması ilə bağlı radikal müxalifətin seçkiöncəsi düşdüyü böhran sindromundan çıxma məsələsi müzakirə olunur.
İlk öncə söz verilir İsa yoldaşa. Natiq kürsüyə çıxıb nə desə yaxşıdır: "Cənablar və xanımlar! Gəlin bu dəfə bir qədər real danışaq. Durum belədir ki, artıq çoxdandır xalq bizə inanmır. Mitinq və yürüşlərdə heç partiyalarımızın öz üzvləri də iştirak etmir. Bunun 5 səbəbi var.
Birincisi, artıq ölkədə məşğulluq problemi həll olunduğundan hamının ciddi işi-gücü var və küçə yürüşlərinə cəlb etmək üçün bir avara da qalmayıb.
İkincisi, xalqa o qədər yalan danışmışıq ki, artıq dediklərimizə rişxənd edib gülürlər. Yəni, xalq arasında özümüzə olan inamı tamam itirmişik.
Üçüncüsü, xarici və daxili siyasətdə prezidentin və hökumətin həyata keçirdiyi strategiya o qədər uğurlu nəticələr verir ki, ortaya bir dənə də əks-arqument qoymaq mümkün deyil.
Dördüncüsü, xarici himayədarlarımız da bizim boş-boş vədlərimizdən beziblər və daha bir qəpik də qrant vermək istəmirlər. Bu səbəbdən də, maliyyə durumumuz getdikcə ağırlaşır.
Beşincisi də odur ki, qarşıdakı seçkilərdə tamamilə fiaskoya uğrayıb siyasət səhnəsindən silinmək təhlükəsi realdır. Apardığım müşahidələr göstərir ki, hazırkı reytinqimizlə seçkiyə getmək ağılsızlıqdır.
Bu deyilənləri nəzərə alaraq, qeyd etməliyəm ki, biz çətin dilemma qarşısındayıq: ya radikallığımızdan əl çəkib normal və konstruktiv müxalifət kimi fəaliyyət göstərərək ölkənin inkişafında iştirak etməliyik, ya da, gedib siyasi səhnədə özünü tam doğruldan və xalqın dəstəyini qazanan YAP-a yalvarmalıyıq ki, bizi öz sıralarına daxil etsin. Mən sözümü bitirdim. Diqqətinizə görə sağ olun".
Elə bu yerdə salondan səslər gəldi ki, "Bəs bu boyda xəyanətdən və simasızlıqdan sonra bizi kim qəbul edər?", "Konstruktiv müxalifət meydanı da artıq çoxdan tutulub-filan"
İclasın katibi sözü verdi Sərdar yoldaşa ki, fikrini desin. Sərdar yoldaş kürsüyə qalxan kimi başladı ki, "bəs siz deyən kimi etsək, illərdir aldadıb siyasi oyunlarımızda alət etdiyimiz partiya üzvləri boğazımızdan yapışmazmı ki, indiyədək nə artistlik edirdiniz? Mən təklif edirəm ki, ölkədən sakitcə çıxaq xaricə. Rəsul bəy kimi biz də müxalifəti oradan rahatca idarə edərik".
Bu yerdə Etibar yoldaş yerdən atmaca atdı ki, "ayə, sənin başına hava gəlməyib ki? Rəsul Amerikaya getməmişdən qabaq xalqın var-dövlətini talayıb apardı və buna görə də indi pulunun gücünə lotuluq edir. Biz acımızdan günorta dururuq, biz hansı pulnan müxalifəti xaricdən idarə edə bilərik?"
Bunun cavabında isə, Sərdar yoldaş boynunu büküb mızıldandı ki, "daha mənim ağlıma başqa şey gəlmir, məni məzur tutun". Salondakılar da bu suala düz-əməlli bir cavab bulamamaqdaykən növbəti çıxış üçün söz Əliyə verildi.
Əli yoldaş tam bir komsomol ədəbazlığı ilə kürsüyə qalxdı. Qəzəbli baxışla məclis üzvlərini süzüb alovlu nitqinə başladı: "Ayə, burda nə boş-boş danışırsız, daha heç bir çıxış yolu qalmayıb, hətta bizi başqa ölkələrin müxalifəti də "priznavat" eləmir.
Mən təklif edirəm ki, xəlvətcə müraciət edək Ermənistan müxalifətinə, bizə kömək etsinlər. Söz verərik ki, hakimiyyətə gəlməyimizə kömək etsələr, Qarabağın yarısını verəcəyik onlara. Onsuz da tarix boyu paylaya-paylaya gəlmişik, 2 milyon kv. km-dən de-yure 87 mini qalıb, indi 5-6 rayonla nə olasıdır ki?
Yuxumun bu yerində qəfildən diksindim, çünki Əli yoldaşın bu sözlərini eşidən Lalə xanım nə təhər qışqırdısa, az qaldı yuxudan oyanam: "Ayə, ay uşaq, sən satqınlıqdan yorulmadınmı? Ayə, bir dəfə Elçibəyi satdın- dinmədik, bir dəfə İsanı satdın- danışmadıq, bir dəfə cəbhəni, bir dəfə də "Azadlıq" blokunu parçaladın- üzünə vurmadıq, bir dəfə dövlətin maraqlarını satdın- heç zad eləmədik. Ayə, sən nə həyasız adamsan, bəs deyilmi, indi də Qarabağımı satmaq istəyirsən?"
Bu sözləri deyib Lalə xanım ədəb-ərkanla qalxdı tribunaya və aldı görək nə dedi: "Mən elə hesab edirəm ki, burda boşboğazlıq etməkdənsə, gedib hərəmiz özümüzə bir peşə tapsaq, oturub xalqa və dövlətə xidmət etsək, yaxşı olar. Elə eləyək ki, sabah xeyirə-şərə çıxmağa üzümüz qalsın". Bu sözün qarşısında liderlər dərin fikrə qərq oldular.
Bundan sonra çıxış üçün söz verildi Etibar yoldaşa. Düzü, bu haqda yaza bilməyəcəm, çünki adam nala-mıxa vura-vura nə danışdısa, nəinki mən, hətta salondakı professional siyasətbazlar belə bir şey anlamadı. Lefortovo məhbusu isə, arxayın-arxayın mürəkkəb cümlə quruluşları ilə çıxışını davam etdirməkdəydi. Birdən salondakıların heç birinin onu dinləmədiyini, bir-biri ilə söhbət etdiyini görüb sakitcə keçib oturdu yerinə. Beləliklə, çıxışını bitirən etibarsız müttəfiqə heç kim irad-zad bildirmədi, nədən ki, nə dediyini anlamamış bulunmaqdaydılar.
Mirmahmud ağaya söz veriləndə, düzü, elə bildim, o da çıxış yolu göstərəcək. Amma "klassik siyasətçi" salam-kəlamsız konkert olaraq dedi: "Bəylər, bizim çıxış yollarımızı özümüz bağlamışıq, açarını da itirmişik, ona görə də, biz yeni gic (yəqin "güc" demək istəyirmiş) mərkəzi yaradaraq fiaskodan xilas ola bilərik. Amma gərək bu blokda vahid liderimiz və prezident seçkilərinə vahid namizədimiz olsun. Ona görə də, gəlin öncə bu lideri müəyyənləşdirək".
Təəssüf ki, yuxumun bundan sonrasını danışa bilməyəcəm, əziz oxucular! Çünki hər biri lider olmaq arzusuyla yanan siyasətbazlar bir həngamə çıxartdılar ki, sözlə deyiləsi deyil. Öncə atmacalar, sonra söyüşlər, daha sonra isə əlbəyaxa döyüş növləri ilə davam edən qapalı iclasın axırı necə oldu bilmədim.
...Utandığımdan yuxudan ayılmışdım. Amma Tanrıya şükürlər etdim ki, nə yaxşı ki bunlar hakimiyyət başında deyil. O zaman bu xalqın sonu nə olardı, onu yalnız Tanrı özü bilir.
Birinci seriyanın sonu

Digər xəbərlər