PDF Oxu

Müxalifət

  • 12

Opponent etirafı

Opponent etirafı
Zaman keçdikcə, müxalifət liderləri Azərbaycanın hazırkı iqtidarının və onun lideri İlham Əliyevin əldə etdiyi uğurları etiraf etmək məcburiyyətində qalırlar. İndi bu liderlər cəmiyyətə hansısa problem, iqtisadi gerilik, sosial çətinliklər haqda informasiya təqdim edə bilmirlər. Çünki Azərbaycan ağır illəri çoxdan geridə qoyub və bütün sahələrdə sürətli inkişaf tempi ilə dünyada özünə layiqli yer tutub. Məhz bu amillər müxalifət liderlərini həqiqəti etiraf etmək zorunda buraxıb.
Hakimiyyətin son illərdə həyata keçirdiyi xarici siyasət ölkənin müstəqilliyini möhkəmləndirməyə, beynəlxalq siyasətdə mövcud olan və hazırda qalmaqda davam edən sualtı riflərdən yan keçməyə imkan verdi. Qərb və Şərq arasında balanslaşmış xarici siyasətin saxlanması prinsipi, hələlik, müsbət nəticələr verir.
Bu tarazlığı bundan sonra da saxlamaq vacibdir, hərçənd, elə bir vəziyyət də meydana çıxa bilərdi ki, Azərbaycan "o və ya bu" formulasına uyğun seçim qarşısında qalmış olsun. Belə perspektivləri qabaqlamaq istəyən yerli analitiklərin və politoloqların bu haqda söhbətləri heç də təsadüfi sayılmamalıdır.
Daxili siyasətə gəlincə, sözsüz ki, ölkənin sosial-iqtisadi inkişafı və müqayisədə götürülərsə, sosial ədalətin real olaraq təmin olunması gələcəkdə də hakimiyyətin uğurunun əsas şərti kimi qalmaqda davam edəcək.
Bu yerdə Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovun bir qədər əvvəl SİA-ya verdiyi müsahibədən sitat gətirmək yerinə düşəcəkdir: "Mən bu vəzifəni yalnız hakimiyyətin üzərinə atmaq fikrində də deyiləm. Mən başqasının ətəyindən asılıb qalmaq əhvali-ruhiyyəsinə qarşıyam- bu, yaxın keçmişimizə xas olan hal idi. Dövlət qayğısından danışarkən, ilk növbədə, əməkqabiliyyətli əhalinin öz imkanlarını həyata keçirə bilməsi üçün vacib olan şəraitin hakimiyyət tərəfindən yaradılmasının zəruriliyini nəzərdə tuturam.
Millətimizin işgüzar olması ilə bağlı isə heç bir şübhə ola bilməz. Sadəcə olaraq, ona məqbul şərait yaratmaq lazımdır. Xüsusi diqqət, əsasən, aqrosənaye sahəsində işgüzarlığın inkişafına yönəldilməlidir. Bu, dövlətin prioriteti, onun əsas qayğısı olmalıdır. Pay torpaqlarına malik olan kəndlilərin subsidiyalaşdırılması hesabına ölkədə kənd təsərrüfatının canlandırılması Azərbaycanı keyfiyyətsiz ərzaq məhsullarının idxalından və həmin idxalın möhkəm valyuta ilə ödənməsi məcburiyyətindən azad edər, əhalimizin məşğulluğunun təmin olunmasına, əmək miqrasiyasının azalmasına imkan verərdi".
Göründüyü kimi, keçmiş prezidentin qeyd etdiyi məsələrə hazırkı iqtidarın prioritet hesab etdiyi məsələlərdir və qeyd olunan sahələrdə ciddi islahatlar aparılıb. Məhz bunun sayəsində ölkədə qeyri-neft sektoru sürətlə inkişaf edir, sahibkarlara dövlət qayğısı artırılır, aztəminatlı əhalinin sosial müdafiəsi gücləndirilir.
Azərbaycanın qarşısında hazırda həll edilməmiş yeganə problem var- bu, işğal olunmuş ərazilərin azad edilməsi məsələsidir. Ayaz Mütəllibov müsahibəsində bu məsələyə də toxunmuşdu.
"Azərbaycanın ətrafında mövcud olan siyasi gerçəklikdə ölkə hakimiyyətinin səyləri bundan sonra da, ilk növbədə, dünya birliyini öz tərəfinə çəkməkdən, dünyanın aparıcı dövlətlərinin nüfuzunu qazanmaqdan ibarət olmalıdır. Bununla yanaşı, ölkənin imici əvvəlki kimi böyük əhəmiyyət kəsb edəcək.
Azərbaycan Avropa cəmiyyətinə daxil olduğu üçün aydın məsələdir ki, ölkənin imici həmin birliyin rəhbər tutduğu demokratik prinsiplərə uyğun olmalıdır. Bu, həm də ona görə vacibdir ki, taleyin hökmü ilə Azərbaycana müxtəlif etnosiyasi sivilizasiyalara aid olan dövlət birlikləri arasında məkan qismət olmuşdur. Azərbaycan bunun üçün hamı tərəfindən etiraf olunan dini və millətlərarası tolerantlıq təcrübəsinə malikdir.
Yəni, Azərbaycanda hakimiyyətin daşıyıcısı olan xalq alternativi mövcud olmayan həqiqi demokratik dəyərləri özündə adaptasiya edə biləcəyini təsdiq edən bütün imkanlara malikdir. Bu, BMT-yə üzv dövlətlərin sərhədlərinin toxunulmazlığı prioritetini etiraf edən demokratik dünyaya istinad edərək Qarabağ münaqişəsinin siyasi yolla nizamlanmasına imkan yaradardı".
Sabiq prezident qeyd edib ki, Azərbaycanın özündə mövcud olan mənəvi-siyasi mühit də bu işdə böyük əhəmiyyət kəsb etməlidir. Onun fikrincə, bu, hakimiyyətlə müxalifət arasında konfrontasiya və siyasi qarşıdurmanın istisna olunması deməkdir: "1980-ci illərin sonları, 1990-cı illərin əvvəllərindəki siyasi kataklizmlər məhz bu səbəbdən meydana çıxırdı. Ölkənin öz ərazilərini itirməsi hallarının hamısı da bu səbəbdən baş vermişdi".
A.Mütəllibovun fikrincə, problemin həllinin digər variantı güc vasitəsinə istinad etməkdir. "Bu haqda ona görə danışıram ki, Azərbaycanın müharibəni uduzduğu və ona görə də guya bununla razılaşmalı olduğu barədə müxtəlif ölkələrin siyasətçiləri arasında bu və ya digər dərəcədə rəy mövcuddur. Bu cür bəyanatlara mənim cavabım sadədir: Azərbaycan hələ sovet dövründə, 1980-ci illərin sonlarında baş verən xəyanətin qurbanıdır.
Məsələ də elə ondadır ki, heç kim Azərbaycana beynəlxalq səviyyədə anlaşılan və ya hüquqi qiymət verilə bilən tərzdə müharibə elan etməyib. Sadəcə, Azərbaycanın əllərini bağlayıb və yenidənqurma illərində süni surətdə qaldırılan millətlərin öz müqəddəratını həll etməsi hüququ şüarı dalğasında onun tarixi ərazilərinin bir hissəsi hələ SSRİ dövründə anneksiya olunub.
Lakin əgər müharibənin Azərbaycana bütün qaydalara uyğun olaraq elan edilməsi və Azərbaycanın öz ərazilərini bu müharibənin gedişində itirməsi fikri ilə razılaşsaq, onda Azərbaycan BMT tərəfindən tanınan bütün ərazilərində öz hüquqlarını bərpa etmək üçün güc tətbiq etmək hüququna malikdir və bu məsələdə heç kim ona mane ola bilməz. Bu, Azərbaycanın öz seçimi ola bilər.
Özünün bu hüququndan istifadə etmək üçün ölkə monolit olmalı, konsolidasiya olunmalı, güclü iqtisadiyyata və silahlı qüvvələrə malik olmalıdır. Hər iki tərəf üçün bu faciəvi perspektivdən qaçmaqdan ötrü beynəlxalq birlik Ermənistanı münaqişənin nimzalanması üzrə Azərbaycanın təkliflərini qəbul etməyə inandırmalıdır. Həmin təkliflər isə yaxşı məlumdur, öz mahiyyəti etibarı ilə sadə və başadüşüləndir. Bu məsələdə yalnız Ermənistan hakimiyyətinin siyasi iradəsi tələb olunur.
ASDP həmsədri Azərbaycan müxalifəti ilə heç bir əməkdaşlıq qurmaq niyyətində olmadığını da vurğulamışdı və qeyd etmişdi ki, ASDP bu seçkilərdə öz imkanları ilə iştirak edəcək.
Göründüyü kimi, A.Mütəllibov ölkə müxalifətinə inanmır və onlarla əməkdaşlığın hər hansı bir nəticə verəcəyinə şübhə edir. Nədən ki, özü hakimiyyətdə olduğu zaman və müxalifətdə olduğu dövrdə onların iç üzünü görüb. Bu səbəbdən də, müxalifət liderlərindən biri kimi, ön kolleqalarına inanmamaqda haqlı görünür.
Hər halda bir müxalifət liderinin düşərgənin digər tərəfində dayananlarla eyni cəbhədə olmaması onların getdikcə parçalanıb, yox olacağını söyləməyə əsas verir. Çünki düşərgədə A.Mütəllibov kimi düşünənlər az deyil.

Digər xəbərlər