Müxalifətin yeni xəstəliyi
Müxalifət cəbhəsinin tez-tez bloklar təsis etməsi vərdiş halını alıb. Amma bu ittifaqlar rəhbərlərin şəxsi ambisiyalarının ortaya çıxması səbəbindən nəticəsiz qalır. Bu günlərdə ortalığa daha bir ideya atılıb- Milli Müqavimət Hərəkatının yaradılması. Lakin müxalifət düşərgəsində son günlər müşahidə edilən yeni birlik meyllərinin uğursuz olacağını indidən söyləmək olar.
Siyasi müşahidəçilər hesab edir ki, siyasətçilərin şəxsi maraq və münasibətlərinə görə yeni alyans əvvəlkilərin aqibətini yaşayacaq. Hər hansı blok ona görə yaradılır ki, cəmiyyətin ayrı-ayrı hissəsi digər siyasi qüvvələrlə fəaliyyətlərini koordinasiya etsin. Amma son 15 ilin təcrübəsi onu göstərdi ki, bu cür birliklər səmərə vermir. Əgər hər hansı ittifaq yaradılırsa, liderlər partiya maraqları, şəxsi münasibətləri kənara qoymalıdır.
Amma müxalifətdə hamı lider olmaq arzusundadır, heç bir siyasətçi digərinin birinciliyini qəbul etmək istəmir. Ona görə də bu siyasi qüvvələrin birləşəcəyi barədə xəbərlər gülməli görünür. Bu birlik ssenarilərinin oyun olduğunu anlamaq çətin deyil.
Bəzi siyasətçilər gündəmdə qalmaq üçün yeni variantlara əl atırlar. Bir neçə siyasi təşkilatın birgə mitinqinə maksimum 100 adam toplandığını nəzərə alsaq, birlik yaradanların nəyə nail olacaqları şübhə altında qalır.
Müxalifət dəfələrlə bu cür blokların yaradılmasına cəhd edib, amma həmişə də seçkiöncəsi liderlərin tərsliyi ucbatından uğursuzluğa uğrayıb. Nəticədə də müxalifət seçkilərdə pərakəndə şəkildə iştirak edib. Ona görə də, əksər müxalifət liderləri hansısa birliyə qoşulmağı ağılsızlıq hesab edirlər.
Beləliklə, ortaya atılan bütün birlik ideyaları boşa çıxır. Azərbaycan Xalq Cəbhəsinin bərpası haqda ideya da elə ideya olaraq qaldı. Müsavat başqanının yeni təklifi düşərgədə heç də isti qarşılanmadı.
Bələdiyyə seçkilərinə yarım ildən az vaxt qalsa da, müxaləfət düşərgəsində hazırlıq prosesi müşahidə olunmur. Bəzi partiyalar vahid blokda birləşmənin vacibliyinin, bəziləri seçkiyə təkbaşına getməyin, bəziləri də öz ətraflarında blok yaratmağın vacibliyini qeyd edir. Qarşılıqlı ittihamlar baş alıb gedir.
Əvvəlki saylarda yazmışdıq ki, müxalifətin vahid alyansı məsələsinin baş tutacağı mümkün deyil, olsa-olsa kiçik bloklarla seçkiyə gedəcəklər. Bunu söyləyəndə əsas arqumentlərimizdən biri də o idi ki, hazırda müxalifət düşərgəsində özünü "lider" sayan azı beş-altı iddialı partiya var. Bu səbəbdən də ümumi birlikdən söhbət gedə bilməz.
Buraya həmin partiyaların "lider"lərin həddən artıq pis olan şəxsi münasibətlərini, tutduqları strategiyanın fərqliliyini və xarici ağaların təsirini də əlavə etsək bunun baş verməyəcəyinə inamın yaranmasının tam qanunauyğunluğu ortaya çıxar. Zaman göstərdi ki, ehtimallarımız doğru imiş.
Radikal düşərgədə isə hələ də şəxsi ambisiyalardan doğan proseslər davam edir. Radikalların cəfəng bəyanat və açıqlamalarına rəğmən yeni birlik ideyalarındam heç müxalifət özü də heç nə gözləmir.
Çünki bir-biri ilə düşmən olan qüvvələr ümumi fikrə və ya güzəştlərə gələ bilməzlər. Bunları nəzərə aldıqda bu məsələyə nəinki bu seçkiqabağı, hətta gələn seçkilərdə də nöqtə qoyulacağı inandırıcı deyil.
Beləliklə qəti demək olar ki, müxalif düşərgədə ortaya atılan və guya müzakirə olunan birlik məsələsi boş cəfəngiyyat imiş. Hamısı deyir ki, əgər müraciət olsa nəzərdən keçirərik, onda belə çıxır ki, birləşmə və ya bloklaşma ilə bağlı deyilənlər hamısı yalan imiş.
Hərə başına 5-3 nəfər yığıb gülməli bəyanatlar və ziddiyytəli açıqlamalar verməklə böyük bir siyasi qüvvəni idarə etdiyini düşünür. Əgər belədirsə, ya onda bunlar psixi xəstədir, ya da xalqı avam yerinə qoyublar. Hər iki halda bir nəticə var- bu "lider"lər bu xalqın yox, özlərinin "lideri" ola bilərlər- məsələn, bəzi yerlərdə bəzilərinin özlərini Napoleon hesab etdikləri kimi. Tanrı heç kimin başına belə oyun gətirməsin...