Son vaxtlar yeni-yeni radikal müxalifət birliklərinin yaranması ilə bağlı ortalığa saysız-hesabsız təşəbbüslər və təklif atılır. Bu, bir növ estafet halını alıb və sanki bu sahədə yarış elan olunub. Bu ideyaların "fıs" çıxdığını görən "iri" radikallar ayrı cəbhədə yer alan "cırtdan" radikalları öz ətraflarında cəm eləmək məqsədilə, ağlagəlməz variantlar istehsal etməklə məşğuldurlar. Maraqlıdır ki, bu cəbhədə yer alan siyasi qüvvələr bir-birilərinə qarşı az qala düşmən mövqedədir və bütün iş-gücləri bir-birini ittihamlar atəşinə tutmaqdır.
Bəzi siyasətbazlar isə, məhz belə qüvvələri birləşdirmək xəyalı ilə yaşayırlar. Məsələn, "Azadlıq" blokundakı partiyalarla Müsavat funksionerləri arasındakı ittihamların getdikcə kəskinləşdiyi bir vaxtda, Müsavat başqanının qulbeçələri müxalifətin yeni güc mərkəzinin yaradılması haqqında təkliflərini hazırlayıb.
Müsavat funksionerlərinin fikrincə, müxalifətin inteqrasiyası baş tutsa, cəmiyyətdə həm ideyaları ilə seçilən, həm də insanları bəlli hədəflərə yönəltməyi bacaran milli güc mərkəzi yaradıla bilərmiş. Müsavatdan səsələnən fikirlərə görə, guya bu təklif partiyaların danışıqlara başlaması vacibliyini önə çəkərək tərəfləri qarşılıqlı ittihamlara ara verməyə çağırır.
Süni optimizmə baxmayaraq radikal qüvvələr tərəfindən bir-birinə qarşı həyata keçirilən düşmənçilik hərəkətləri bütün körpüləri yandırıb və bu qüvvələrin birləşməsi məsələsi heç müzakirə obyekti də deyil. Cəbhənin əks tərəflərində yer alan "lider"lər isə heç bir vəchlə bir-birinə güzəştə gedənə oxşamırlar.
Qarşıdan bələdiyyə seçkilərinin gəldiyini nəzərə alsaq, növbəti yarım il ərzində bu "lider"lər arasında ambisioz maraqlardan qaynaqlanan dava-dalaşların başa alıb gedəcəyini güman etmək olar. O ki qaldı digər müxalifət qurumlarına, onların da radikal qüvvələrlə əməkdaşlıqda maraqlı olacağı inandırıcı görünmür.
Soruşanda da deyəcəklər ki, bəs bunlar özləri qanlı-bıçaqdır, bizim orada nə işimiz var? Çünki onlar bu intriqaların içində əriyib gedəcək qədər əfəl deyillər. Üstəlik, bunlar həm "keçəldirlər", həm də çox "arıqdırlar". Birincisi, keçəl suya getməz, ikincisi də, arığın qoruqda nə işi var ki?..