“Azadlıq” bloku Lalə Hacıyevanın əlindən çıxıb
Müxalifət düşərgəsində maraqlı olaylar bir-birini sıralamaqdadır. Artıq kimsə bu düşərgədə olanlara görə məsuliyyəti öz boynuna götürmür. İndi əməlli-başlı qırğın və qiyamət içində olan müxalifət özünün son məqamlarını yaşayır. Məkanı və ünvanı bəlli olmayan müxalifət paytaxt çayxanalarından tədricən rayon çayxanalarına üz tutmaqla, nəsə bir yenilik olacağına, hələ də, ümid edir.
Ona görə də, onların son nəfəslərində bu istəklərinə qarşı çıxmaq insanlıq üçün də yaxşı olmazdı. Qoy onlar çayxanalardan bu iyrənc siyasətə necə gəlmişdilərsə, elə də getsinlər. Maraqlısı isə ondan ibarətdir ki, məqam yetişəndə çayxana tufeyliləri bir-birinə qarşı sinə-sinəyə dayanmağı da bacarırlar. Kimsənin ağlına gəlməyən işlərlə məşğul olub, öz vaxtlarını hədər verən müxalifət təmsilçiləri indi başlarına döysələr də, artıq qatar çoxdan keçib.
Müxalifətin üzqarası, başbəlası AXCP (i) sədri Əli Kərimov da, öz istiqamət xəttini dəyişmək qərarına gəlib.
Doğrudur, ilk əvvələr onun bu istəyi bir o qədər real görünməsə də, vaxt keçdikcə nəsə əldə etməyin yollarını çox gözəl bilən Kərimovun "nailiyyətləri" də az olmayıb. Ona görə də, müxalifət düşərgəsində olanların hər bir artıq ondan ehtiyatlı və kənar dolanmağın yollarını axtarır. Amma nədənsə, bir çox hallarda Ə.Kərimovun tələsi tutarlı olur və qurbanları buradan qurtula bilmirlər. Belələrindən biri də, lap yaxın "dost" münasibətində olduğu Azərbaycan Liberal Partiyasının keçmiş lideri, "Azadlıq" blokunun təsisçilərindən olan Lalə Hacıyevadır. Görünür, bir sıra məsələlərdə aktiv olan Lalə xanım, Kərimovun tələsinə düşməyi ağlına belə gətirməyib. Əks halda o, nəyəsə əl ataraq, marağına və imkanına göz dikənin gözünü çıxarmağı bacaran insandır.
Nədənsə, Ə.Kərimov hələ ki, onun "bostanında" at oynadır. Bir sıra məqamlarda Ə.Kərimov ilə həmfikir olan Lalə gözləmədiyi halda ondan zərbə aldı və geri çəkilməli oldu. Söhbət öz partiyasından əli çıxıb başını soxmağa bir yer axtaran Ə.Kərimovun "Azadlıq" blokuna sahib olmasından gedir. İndi müxalifət düşərgəsində daha çox dartışılın məsələ də elə budur. Kimsə Ə.Kərimova dur demir. Kimlərsə də ona bu işdə dəstək olur. Bunun qarşılığında isə, artıq hər şeydən bezmiş və üsanmış L.Hacıyeva isə hələ də susqun görünüş alıb.