Əli Əliyevlə Əli Kərimov arasında ciddi konflikt yaranıb
Azərbaycanda müxalifətçilərin çirkin əməlləri, bir-birlərinə qarşı atdıqları zidd addımlar heç kəsin yadından çıxmır. Onların tutduqları səhv mövqe və bu mövqedən dönməmələri insanlarda onlara qarşı nifrət hissi yaradıb.
Bir müddət əvvəl "Azadlıq" bloku yaradıb birləşmək, çirkin şəxsi mənafelərini daxilən gizlətmək istəyərək, zahirən xalqın, millətin mənafeyini guya düşünən və bu yolda "siyasət" yürütmək fikrində olan müxalifətçi "bəy"lərin arasında, hər zaman olduğu kimi, yenə də münaqişə yaranıb. Bu dəfəki münaqişə Əli Əliyevlə AXCP (i) sədri Əli Kərimov arasında başlayıb.
Məlumdur ki, AMİP-in dağılmasında əsas rollardan birini oynayan Ə.Kərimov Ə.Əliyevin "VİP" sədri seçilməsinə dəstək verərək, onu da "Azadlıq" blokuna daxil etməyə nail olmuşdur. Sonradan isə Ə.Əliyevin müstəqil siyasət yürütməyə meyillənməsi, AXCP (i) sədri ilə həmfikir olmaması hazırda onların arasında böyük bir münaqişənin yaranmasına səbəb olub. Ə.Kərimov Ə.Əliyevin onun fikirləri ilə hərəkət etməməsini bəyənməyib, ona qarşı siyasi hücuma keçib. "Yurd şefi" Ə.Əliyevi "Azadlıq" bloku daxilindəki bəzi məsələlərin həllində günahlandırır və onun bu blokdan çıxmasını istəyir. Çünki Ə.Kərimova Ə.Əliyevin müstəqil siyasət yürütmək istəməsi sərf etmir. Onların arasında yaranmış bu münaqişənin gedişindən belə başa düşmək olur ki, bu iki "bəy"in arasında mübarizə son həddə çataraq böyük dava-dalaşa səbəb olacaq.
Ə.Əliyev Etibar Məmmədovu, Ə.Kərimovu və digərlərini özünə rəhbər bilib uzun müddət onlarla bir mövqe tutsa da, sonda böyüklərini tanımaqdan vaz keçib, müstəqil siyasət yürütmək fikrinə düşsə də, müxalifət sıralarında olduğu müddət ərzində, o, heç bir uğur əldə etməyəcək.