“İsanın erası çoxdan bitib, o, başqanlıqdan getməlidir”
Son zamanlar müxalifət daxilində gedən iyrənc proseslər, qarşıdurmalar artıq pik nöqtəsinə çatıb. Radikal düşərgədə təmsil olunan tərəflər hətta biri-birilərini təhqir və açıq ittiham etməkdən belə çəkinmirlər.
Bu proseslərin başında, sözsüz ki, parçalanma "siyasəti" həyata keçirən AXCP (i) sədri Əli Kərimov, Müsavat başqanı İsa Qəmbərov dayanır. Belə ki, tərəflər özlərinə yaxın olan mətbu orqanlar vasitəsilə biri-birilərini təhqir etməklə məşğuldurlar. Təbii ki, "Azadlıq" və "Yeni Müsavat" qəzetləri bu kampaniyada əsas rola malikdir. Ancaq istər "Yurd" şefi Əli "bəy", istərsə də Müsavat başqanı və partiyada diktatura rejimi yaradan İ.Qəmbərov bu hərəkətlərini "siyasi fəaliyyət" hesab edirlər. Bu da, ondan irəli gəlir ki, radikal düşərgədə təmsil olunan Müsavat başqanı, AXCP (i) sədri, "MBH" lideri Lalə Hacıyeva, ALP-nin sədr əvəzi Əvəz Temirxan siyasət nə olduğunu belə anlamırlar. Görəsən, heç bir siyasi təcrübəyə, savada malik olmayan bu "bəy"lər nədən öz "fəaliyyətlərinə" xitam vermirlər? Əgər belə hesab edirlərsə ki, onlar bundan sonra nəsə əldə edəcəklər, yanılırlar. Çünki radikal "bəy"lərin erası çoxdan bitib. Onların bu gündən belə hər hansı bir uğura imza atacaqları inandırıcı deyil, ona görə ki, xalq da radikallardan üz çevirib.
Müxalifətdə təmsil olunan partiyaların biri-birilərinə qarşı etdikləri hərəkətlər bir yana, eyni zamanda, radikal düşərgədə partiyadaxili gərginlik də ara vermir. Ən gərgin vəziyyət isə, sözsüz ki, İ.Qəmbərov kimi savadsız, siyasətdən uzaq bir adamın başçılıq etdiyi Müsavatdadır. Belə ki, Müsavat başqanının keçmiş müavini Rauf Arifoğlu neçə müddətdir başqanına qarşı mübarizə aparır. Artıq R.Arifoğlu Müsavat başqanının ətrafında olan insanları öz tərəfinə çəkməyə nail olub. Yəni, o, Pənah Hüseynovla Vurğun Eyyubovu İsa "bəy"dən kənarlaşdıra bilib. Həmçinin, R.Arifoğlu rəhbəri olduğu qəzetdə də başqana qarşı apardığı kampaniyanı genişləndirib. R.Arifoğlu hətta ətrafindakılara "İsanın erası çoxdan bitib. O, mütləq başqanlıqdan getməlidir. Öz xoşuna getməsə, onu zorla da olsa, Müsavat partiyasından uzaqlaşdıracağıq"-deyə bildirib.
Beləliklə, buradan belə nəticəyə gəlmək olar ki, Müsavatdaxili gərginlikdən istifadə edən Arif "bəy", İ.Qəmbərovu partiya başqanlığından uzaqlaşdıraraq, onun postuna yiyələnmək istəyir. Deməli, İsa "bəy"lə yanaşı, Müsavat da tarixin arxivinə gedəcək.