Rəsul Quliyev “ACP”-nin liderliyindən uzaqlaşdı
Son zamanlar radikal müxalifət daxilində, o cümlədən də, "ACP" daxilində vəziyyət həddindən artıq gərginləşib. Bu gərginliyin yaranmasına səbəb isə, sözsüz ki, səriştəsiz "bəy"lərin başçılıq etməsidir. Belə ki, AXCP (i) sədri Əli Kərimov, Müsavat başqanı İsa Qəmbərov, "MBH" lideri Lalə Hacıyeva, ALP-nin sədr əvəzi Əvəz Temirxan kimilərinin rəhəbərlik etdiyi düşərgədə heç zaman vəziyyət yaxşı ola bilməz. Artıq deyəsən, onlar da bunu anlamağa başlayıblar.
Sadəcə olaraq, papaqlarını qarşılarına qoyub, yaxşı-yaxşı düşünmək əvəzinə və eləcə də bütün uğursuzluqlarını nəzərə alaraq, siyasətdən getmək istəmirlər. Gərək radikal "bəy"lər anlamalıdılar ki, zorla gözəllik olmur. Təəssüf ki, bunu anlamaq istəmirlər. Anlamaq üçün gərək insanda ağıl olsun. Lakin müxalifətin "başbilənlərində" ağıl, düşünmə qabiliyyəti yox dərəcəsindədir. Bir gün Ə.Kərimov "dostum" dediyi Müsavat ağası İ. Qəmbərovu, bir gün L.Hacıyevanın əlaltısı olan Ə. Temirxanı İTTİHAM EDİRLƏR. Sözsüz ki, bu ittihamlar qarşılıqlıdır.
Ən gərgin vəziyyət isə hazırda Rəsul Quliyevin lideri olduğu, Akif Şahbazovun sədri olduğu, Zəminə Dünyamalıyevanın müşaviri olduğu "ACP"-dədir. Maraqlısı budur ki, indiyə qədər digər radikal müxalifət partiyaları kimi heç bir fəaliyyəti nəzərə çarpmayan, dava-qırğından başı açılmayan və 5 üzvü olan bir partiyanın neçə "rəhbəri" olar? Artıq bu partiya da "fəaliyyətini" dayandırmaq üzrədir. Əslində, elə bu partiyanın anadan olmağı ilə ölməyi bir oldu. Neçə müddətdir ki, partiyanın müşaviri Z.Dünyamalıyeva həm lideri xaricdə nə işlə məşğul olduğu bəlli olamayan R.Quliyev, və eləcə də kənddə mal-qoyuna başı qarışan A.Şahbazovu fəaliyyətsizlikdə ittiham edir. Onun sözlərinə görə, ya "ACP" sədri kənddən gəlib partiya işləri ilə məşğul olmalı, ya da partiya sədrliyindən istefa verməlidir. Lakin A.Şahbazov "ACP" liderinin müşaviri Z.Dünyamalıyevanın tələb və iradlarını qulaqardına vuraraq, rayonda öz işləri ilə məşğuldur. Maraqlıdır ki, adıçəkilən partiyanın lideri R.Quliyev nə partiya işləri ilə maraqlanır, nə də A. Şahbazovun "cəzasını" verir. Z.Dünyamalıyevanın öz liderinə qarşı səsləndirdiyi ittihamlar da bununla bağlıdır. Məlumata görə, Z. Dünyamalıyeva həm R.Quliyevi, həm də A.Şahbazovu "ACP"-dən uzaqlaşdıraraq, partiya sədri olmaq istəyir.
Beləliklə, lideri xaricdə, sədri rayonda olan bir partiyadan bundan artıq nə gözləmək olar? Onlardan keyfiyyətli fəaliyyət gözləmək sadəlövhlük olardı.