Müsavat- AXCP (i) arasında yenidən qalmaqal yaşanmaqdadır
Radikalların bir fəaliyyəti vardırsa, o da biri-birləri ilə mübarizə aparmaqdır. Özlərinin həyat fəaliyyəti hesab etdikləri bu işlə və çirkin əməllərlə nə isə əldə ətməyə çalışan "bəy"lər bununla gündəmdə qalmağı qarşılarına məqsəd qoyublar. Təbii ki, gündəmdə qalmaq o qədər də çətin məsələ deyil. Əsas odur ki, uğurlu, xeyirli və xalqa fayda verəcək işlərlə gündəmdə qalasan. Müsavat başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov, "MBH" lideri Lalə Hacıyeva, siyasətdən getdiyini bəyan edən Etibar Məmmədov və bu tipdə olanlardan heç zaman yaxşı nə isə gözləməyə dəyməz. Çünki bunlar heç bir zaman hər hansı uğurlu, xalqın maraqlarına xidmət edən işlər görməyiblər.
Radikal "bəy"lər dövlətçiliklə, dövlət anlayışını ayırd edə bilmirlər. Yəni, onlar dövlətçilik deyəndə, hakimiyyət kürsüsünü nəzərdə tuturlar. Heç şübhəsiz ki, bu da onların siyasi savadından irəli gəlir. Görəsən, heç bir siyasi savadsızlıqlarından, idarəçilik qabiliyyətinə malik olmayan İ.Qəmbərov, Ə.Kərimov kimilər dövləti necə idarə edə bilərlər?
Müxalifət partiyaları arasında hər zaman qalmaqallar yaşanmaqdadır. Yəni, hər zaman biri-birilərinə "vətəndaş müharibəsi" elan edirlər. Düzdür, hərdənbir görüntü xatirinə hansısa blok və ya birlik yaradırlar. Təbii ki, bu da formal xarakter daşıyır. Sözsüz ki, elə bunların bütün "siyasi fəaliyyəti" formal xarakter daşıyır. Artıq neçə müddətir ki, "Yurd" rəhbəri ilə İ.Qəmbərov arasında böyük qalmaqal yaşanmaqdadır. Yəni, tərəflər biri-birilərini ittiham etməkdə davam edirlər. Belə ki, Müsavat başqanı AXCP (i) sədri Ə.Kərimovu fəaliyyətsizlikdə və həmçinin, müxalifətin məğlubiyyətinin səbəbkarı olmaqda ittiham edirlər. "Yurd" şefi də, öz növbəsində qarşı tərəfi, yəni, Müsavat başqanını ikiüzlülükdə ittiham edir. Beləliklə, bu da, onu deməyə əsas verir ki, "bəy"lər arasında qalmaqallar, dava-qırğın hələ uzun müddət davam edəcək və bununla da özləri-özlərinin axırına çıxacaqlar.